Milli Məclis Heydər Əliyev kursuna qarşı

Mustafa Hacıbəyli

Avropa Parlamentinin sentyabrin 10-da qəbul etdiyi qətnamə Azərbaycana yox, Əliyev iqtidarına qarşı idi. Hakimiyyət öz rüsvayçılığını ört-basdır etmək üçün Avropanın guya Azərbaycana qarşı sənəd qəbul etdiyi barədə yalan rəy yaradır.

Halbuki, son bir ildə Avropa strukturlarının və dovlətlərinin bizim regiona aid sənədlərini gözdən keçirib görürük ki, əksinə, indi Qarabağ məsələsində Qərbin yanaşmaları Azərbaycanın  mövqeyinə daha yaxındır, nəinki Ermənistanın. Amma İlham Əliyev istər bilavasitə öz çıxışlarında, istərsə də nəzarətində olan qruplar və media strukturları vasitəsilə cəmiyyətə bunun tam əksini subut etməyə çalışır.

Avropa Parlamentinin Əliyev iqtidarının qəzəbinə səbəb olan qətnaməsində Azərbaycan əleyhinə bir cümlə belə yoxdur. Burada Azərbaycan gunahsız tutulan siyasi məhbusların bir hissəsinin adları sadalanır, onların azad edilməsi tələb edilir, gunahsız insanlara divan tutan polislərə, hakimlərə qarşı sanksiyaların tətbiqi təklif edilir. Bir də Əliyev ailəsinin korrupsiya əməllərini araşdıran jurnalist həmkarlarımız həbs olunduğu üçün, bu araşdırmaların davam etdirilməsi təklif edilir.

İndi gəlin, buna cavab olaraq Azərbaycan parlamentinin bugün qəbul etdiyi qətnaməyə baxaq. Milli Məclis, formal da olsa onu seçən seçicilərin rəyini nəzərə almadan bütün Avropaya meydan oxuyur. Bugün Azərbaycan parlamentində qəbul olunan qərar Azərbaycanın Avropa strukturlarından çıxmasını nəzərdə tutur. Bizi, bir cəmiyyət olaraq, adam yerinə qoyub rəyimizi soruşmadan Avronestdən çıxdığımızı rəsmən bəyan etdilər. İstər yenidən deputat seçilmək naminə yaltaqlıq yarışına girmiş deputatların çıxışlarında, istərsə də qəbul edilən qərarda  Qərbə və bütövlükdə demokratik dünya birliyinə hədə-qorxu gəlinir.

Əvvəl deyirdilər ki, «anti-azərbaycan» təbliğatının arxasında Amerikanın ikinci şəxsi Con Kerri dayanır. Bugün Milli Məclisin sənədində isə yazılıb ki bu kampaniyanınn arxasında Qarabağdakı separatçı rejimin lideri Saakyan dayanır. Bir ara yazmişdilar ki, anti-azərbaycan kampaniyası Rusiya Xarici işlər naziri Lavrovun kabinetindən idarə olunur. Bir müəyyənləşdirin, cənablar, Kerri, yoxsa Saakyan, yoxsa Lavrov?! Bəlkə Azərbaycanı bütün dünyada gözdən salan elə Əliyevin özüdür?!

Parlamentin bugünki qərarı, əslində Avropaya yox, Azərbaycana qarşıdır. Avropa nə itirəcək ki? Amma bu sənəd Azərbaycanın dünyadan təcrid olunmasına gətirib çıxarır. Qarabağ məsələsində Ermənistanın arxasında duran əsas dövlətin Rusiya olduğunu nəzərə alsaq, Azərbaycanın Qərblə düşmən olması faktından düşmən dövlətin danışıqlarda necə məharətlə istifadə edəcəyini təsəvvür etmək çətin deyil.

İkincisi, parlamentin bugünki qərarı Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına və rəsmi Hərbi Doktrinasına ziddir – həmin sənədlərdə dövlətimizin Avro-Atlantik məkana inteqrasiyası vacib şərt olaraq əksini tapıb.

Üçüncüsü, parlamentin bu günki qərarı nəinki dövlətçiliyimizin özülünü qoymuş Məhəmməd Əmin Rəsulzadə irsinə, Əbülfəz Elçibəy hakimiyyətinin xarici siyasət strategiyasına, hətta bu hakimiyyətin özünə öndər elan etdiyi Heydər Əliyevin siyasi kursuna ziddir. Heydər Əliyev o vaxt Azərbaycanı MDB-yə üzv etdikdən sonra Rusiyadan gözləntiləri doğrulmadığı üçün və Moskvanın hərbi-siyasi dəstəyi ilə daha altı rayonumuz Ermənistan tərəfindən işğal olunduqdan sonra, daxili idarəçilikdə də totalitar metodlardan istifadə etsə də, beynəlxalq münasibətlərdə hər nə qədər bəyənmədiyimiz çalarlar olsa da, ümumi götürdükdə, demək olar ki, Elçibəy hakimiyyətinin xarici siyasət strategiyasına qayıtmışdı. Azərbaycanın Avropa strukturlarına, o cümlədən Avronestə qəbulu Heydər Əliyevin seçimi idi.

On illər boyu KQB-nin intriqa məktəbində təcrübə toplamış Heydər Əliyevin siyasi kursunun nəticəsi bəllidir. Heydər Əliyev hüquqi dövlət qura bilməsə də (bunu heç arzulamırdı da), özü üçün güclü hakimiyyət qurdu – Qərbdə özünü bu qədər rüsvay etmədi, ölənəcən prezident qaldı və hakimiyyəti oğluna ötürdü. Atasının siyasi kursundan imtina edən İlham Əliyevin isə indiki emosional davranışlarının nə ilə nəticələnəcəyini, zənnimcə, uzağı 1-2 ilə hamımız görəcəyik…

“Cəhənnəmə gedən özünə yoldaş axtarar”, — deyiblər. Milli Məclisin bugünki qərarı dünya malından gözü doymayan, ömürlük prezident olmaq  ehtirası ilə yaşayan və buna görə əleyhidarlarını şərləyib türmələrdə çürüdən İlham Əliyevin Azərbaycanı özü ilə cəhənnəmə sürükləməsi cəhdidir. İlham Əliyev qəzəblənib, çünki onun 8 milyard pul xərcləyib təşkil etdiyi oyunlara Avropadan çağırdığı qonaqlar gəlmədilər. Qəzəblidir, ona gorə ki, ailənin təbliğatı üçün milyonlarla pul xərclədiyi Fransada belə onu və xanımını azad jurnalistin «siyasi məhbusları niyə azad etmirsiz» sualından hifz edə bilmirlər.

İndi bu siyasətin nəticəsində Azərbaycan bütün dünyadan təcrid olunur. Bu qərara qarşı cəmiyyətin təpki göstərməsi lazımdır. Çünki son nəticədə Əliyevlər gəldikləri, sevdikləri paytaxta – vaxtıyla oyun aparatlarının biznesi ilə məşğul olduqları Moskvaya sığınıb canlarını qurtara biləcəklər. İtirən yenə Azərbaycan olacaq.  

Добавить комментарий