Dünyada qalan insanın əməlidir yalnız…

 D Ü N Y A  H E Ç  K İ M İ N…

                                           (hekayə)

       Əlizaman Baxış                   

                                

     — Sökün,  aparın zibilliyə atıb yandırın!

    Direktorun  amiranə  dediyi sözlər Məhluqənin qulaqlarında mis kimi cingildədi. Əvvəlcə eşitdiklərinə inanmadı, sonra  direktor bir də təkrar edəndə çaşdı, bilmədi nə desin, amma özünü birtəhər toparlayıb:

      — Nəyi, niyə, axı, — deyə kəkələdi, demək istədikləri içində qırıldı, elə bil. Necə olsa da, rəhbər idi, asılı idi ondan…  Yox, amma adamın içində vicdan da var axı, bəs o necə olsun, insanlıq harada qalsın?!

    Onun özü də bu sinifdə oxumuşdu, bax, burda, bu partada Xanım müəllim onun əlindən tutub yazı yazdırmışdı, kitab oxutdurmuşdu. Heç yadından çıxmırdı,  məktəbə ilk gəlişi. Anası gətirmişdi, həyətdə ana-bala durub ətrafa baxırdılar. Məktəbin qocaman direktoru onlara yaxınlaşıb anasından onu kimin sinfinə qoymaq istədiyini soruşanda o, qətiyyətlə: “Xanım müəllimin!”, — demişdi.

Əslində o özü heç Xanım müəllimi tanımırdı, amma haqqında çox eşitmişdi. Hətta onun şagirdləri olmuş qonum-qonşularından eşitdiyi maraqlı söz-söhbətlər hələ tanımadığı müəlliminə qarşı bir məhəbbət  hissi də yaratmışdı  içində. Ona görə də Xanım müəllim onun əlindən tutub o biri uşaqların yanına aparanda, sanki quş kimi uçurdu, müəlliminin əlindən onun əlinə bir istilik, hərarət keçirdi, köksündə bir işıq yanırdı sanki…

     — Sabaha saxlamayın, bu gün sökün, sabah divarları rəngləyəcəksiniz, — sözləri Məhluqəni xəyallardan ayırdı. Bir az cəsarətləndi elə bil, çəkinə-çəkinə:

    — Ay Fətulla müəllim, əlim gəlmir axı… Bunu qurmaq üçün Xanım müəllim illərini sərf edib, canını qoyub, indi birdən hamısnı məhv etmək, buna necə… —  “Vicdanınız yol verir?” demək istədi, deyə bilmədi, necə olsa da rəhbəri idi, bir az da çəkinirdi. Neyləsin, bir bölük ailə onun əlinə baxırdı, çox danışardı, bir bəhanə ilə tutub qolundan atardılar bayıra, sonra onun ailəsini kim dolandıracaqdı? Amma vicdanı da ağrıyırdı.  Ağır düşüncələrə daldı: “Ay gidi dünya, sən nə namərd, etibarsız imişsən? Vaxt vardı, Xanım müəllim gəldi, Xanım müəllim getdi, orda oturma, burda otur dünyası idi. İndi isə yaşı çatan kimi  deyirlər: “Daha səninki qurtardı, get otur evində, illər boyu min əziyyətlə qurub-yartdıqlarını da söküb yandıracağıq!”  Ay-hay!.. Görəcək günlərimiz varmış…”

      Məhluqə daldığı düşüncələrdən ayrıldı. Bir təhər özünü toparladı, bir xeyli  direktorun şüşə kimi parıldayan buz gözlərinə, çirkli yazı taxtasına bənzəyən qara sifətinə diqqətlə baxdı. Baxdı, görsün, verdiyi qərarda  zərrə qədər də olsa yumşaqlıq, ya güzəşt nişanələri görə biləcəkmi? Yox! Heç nə sezmədi, bu, içinin bütün çirkabı üzünə çıxmış qeyri-adi məxluqun sir-sifətində səmimiyyət, mərhəmət cizgilərindən əsər-əlamət  görünmürdü. O, verdiyi qərar kimi də sərt və quru addımlarla dönüb gedən məktəb direktorunun ardınca bir xeyli baxaraq pıçıltı ilə:

     -Aman Allah, bu, necə adamdı?! – dedi, amma adam sözünə özü də şübhə elədi içində. Rəhmətlik atasının sözü yadına düşdü. O kişi tez-tez deyərdi: “Adam var ki, adamların naxşıdı, adam var ki, heyvan ondan yaxşıdır, Adam var ki, dindirərsən can deyər, Adam var ki, dindirməsən yaxşıdır” Vallah-billah, o kişi adamları yaxşı “sortirovka” eləmiyibiş!

      Bu düşüncələr qoynunda sıxıla-sıxıla qapıya yaxınlaşdı. Qapının kilidini açıb içəri daxil oldu. Səhər-səhər işə gələn kimi sinfi yuyub təmizləmişdi, otaqdan kəsif nəm iyi gəlirdi. Qapı-pəncərə bağlı olduğundan yuyulmuş döşəmənin nəmliyi hələ özündə qalmışdı, iy də ondan idi. İçəri daxil olan Məhluqə divarlarda ona boylanan şəkilləri görəndə bir az da sıxıldı. Onun içində qəribə hisslər dolaşdı, ona tərəf boylanan şəkillər, sanki danışırdılar. O, bu şəkilləri hər gün görürdü, onların dəfələrlə tozunu almışdı, silib-təmizləmişdi. Hamısı ona doğma idi, onlar bir-birlərini yaxşı tanıyırdılar. “Bax, bu, Yadulla Əzizovdur, həmkəndlimizdir, Böyük Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuşdu. Xanım müəllim onun haqqında məlumat toplamış, onun üçün xüsusi guşə hazırlamışdı. Bu tərəfdəki böyük lövhədə kəndimizin Qarabağ müharbəsi şəhidlərinin, onun yanında isə Qarabağ veteranlarının şəkilləridir. Aman Allah, mən bunları necə qopardım, necə zibilliyə atım, ya yandırım? Buna mənim əlim gələr?” Bu düşüncələrin məngənəsində, matı-mutu qurumuş halda, neçə on illərin xatirəsini özündə yaşadan bu dilsiz-ağızsız, səssiz-səmirsiz dayanaraq ona baxan, bəlkə də ondan imdad diləyən əşyaların, şəkillərin qarşısında sıxıldı, qadın kimi, ana kimi ürəyi göynədi. Məhluqənin sifətinə bir anlıq, elə bil istilik gəldi, şəkillərin gözləri, sanki od saçırdı, bu odun istisi onun sifətini qarsaladı sanki. Utandı qadın, xəcalət təri gəldi vücuduna. Sanki onlar: “Bizi niyə yandırırsınız? Bəs sizin faşistlərdən, ermənilərdən fərqiniz nə oldu? Onlar bizim canımızı almışdılar, siz də  şəkllərimizlə bahəm ruhumuzu yandırırsınız!” – deyirdilər.

   Utandı Məhluqə, bu ağrılı, tənəli “sözlərdən”. Neyləsin, yazıq, iki od arasında qalmışdı…  Bax, bu rəsmi  özü çəkmişdi Xanım  müəllim. Axı  onun  rəssamlığı da var idi. Bu tabloda təbiət mənzərəsi, bahar fəsli əks edilmişdi, o birində tarlada işləyən qızlar, digərində dağlar, dağ çayı, kənd yolları… Nələr yoxdu bu rəsmlərdə? Kiçik vərəqlərdə, ya da kətan parça üzərində çəkilən bu yüzlərlə şəklin hər  biri vaxtilə  əyani dərs  vasaiti idi… İndi isə gərəksiz əşya kimi onların məhv edilməsi üçün fərman verilmişdi. Bir naşı tərəfindən illərlə təcrübə toplayan müəllimin pedaqoji fəaliyyətinə verilən xitam, fərman kimi!.. Bu fərman, müəllimi təkcə işindən ayırmaq üçün verilməmişdi, həm də onun keçmişini, gəncliyindən canını, qanını qoyub ürəyinin yağını əritdiyi illəri almışdı onun əlindən. Özü kimi, öz həyatı kimi sevdiyi körpə uşaqları almışdı onun əlindən, heç uf da demədən, heç onun 45 ildən çox zəhmətinə bir quru “Çox sağ ol!” da demədən…

    …Bugünkü iş günü Məhluqə müəllim üçün çox ağır başlamışdı, elə səhərdən. Yadına düşdü ki, gecə qəribə yuxu da görüb, elə ondandır, bəlkə içindəki narahatlıq? Keçib partaların birində əyləşdi. Əlini alnına qoyub, gecə gördüyü yuxunu yadına salmağa çalışdı. Hə, yadına düşdü, öz həyətləri idi, ya başqa həyət, dəqiq bilmirdi, amma böyük bir qazanın qaynadığı dəqiq yadındadır. Şeytan sifətli yekəpər bir adamın əlində körpə bir uşağı qazana tərəf gətirdiyini də, özünü onun üstünə atıb uşağı əlindən almağa çalışdığını da xatırlayır. O yekəpər, gözləri şüşə kimi işıldayan cansız, hissiz məxluqla çarpışa-çarpışa qışqıraraq ayıldığı və tər-qan içində olduğu yadına düşdü və bu günkü durumda yuxunu yozmağa çalışdı, elə yozdu da. Bu gün ona verilən sarsıdıcı tapşırıq yuxunun tam mənası deyildimi? O məsum körpə, Xanım müəllimin illərlə ərsəyə gətirdiyi, yaratdığı, bəzəkli gəlin kimi saxladığı bu otaq deyilmi? O qazan,  od – şəkilləri yandırmağa verilən bugünkü qərar, şüşəgöz  yekəpər də onun hissiz, cansız direktoru…

  …Məhluqə xəyallardan ayrılıb işə keçməli idi. Əmr verilmişdi, nəticə olmalıydı. Amma otaq onu sıxırdı, əlləri qalxmırdı. O, birdən nəsə düşündü, yerindən qalxıb bayıra çıxdı. Sürətlə həyətdən keçib küçə yuxarı bir qədər getdi, sonra birdən üst-başına baxdı, dayandı. Nə fikirləşdisə, birdən dönüb evlərinə tərəf addımladı. Evə çatıb otağa keçdi, paltar şkafını açıb toylara geydiyi paltarlarından birini götürdü, geyindi, darandı, sanki toya hazırlaşırdı. Ən yaxşı yaylığını başına örtdü, ən çox sevdiyi ağ ayaqqabısını geyindi. Aynanın qabağında dayanıb özünə baxdı: “Hə, bax indi gedə bilərəm, Xanım müəllimin hüzuruna”, — pıçıldadı öz-özünə. Və həyətdən çıxıb küçə yuxarı addımladı, əvvəl çox cəsarətlə atdığı addımları birdən yavaşıdı, bədəni sustaldı. Qabaqcadan düşünüb deyəcəyi sözlər ona nə qədər cəsarət vermidisə, indi birdən-birə həmin sözlər ona mənasız göründü. Düzü, o sözlərin çoxu yadından da çıxdı. Ona necə desin ki, sənin yaratdıqların daha heç kimə gərək deyil, onları yandırmaq istəyir, zamanın daş ürəkli “ölməz koşşey”ləri? “Bunu necə deyim ona?- düşündü Məhluqə, — axı onlara heç getməmişəm, indi birinci dəfə ona şad xəbərmi aparıram? Yox-yox, mənim işim deyil. Bəs nə olsun, sökdürüb yandırsınlar, illərin zəhmətini? Yox, gedim deyim, görək nə tədbir tökür Xanım müəllim. Ağıllı adamdı, məni başa düşər, məndə günah olmadığını anlayar, mənə bir yol göstərər. Allah, mənə güc ver, deyə bilim ona, içimdən qanlar axdığını anlada bilim müəllimimə…”

     Varlığını saran bu çarpışmalar, içini göynədən bu ağrılarla qapıya yaxınlaşdı, ehtiyatla açdı, həyətə daxıl olub bir ağız: “Xanım müəllim!”- deyə çağırdı. Həyətin o başında, ağacların kölgəsində qoyduğu kətildə, elə bil əziz qonağını gözləyirmiş kimi üzü qapıya tərəf oturan Xanım müəllimin təbəssümlə dolu, nurani simasını görəndə Məhluqənin ayaqlarına güc, ürəyinə qüvvət gəldi.

    — Hə, sənsən, Məhluqə, qızım? Nə əcəb səndən? Xoş gəlibsən, səfa gətiribsən! Gəl əyləş.

Məhluqə müəlliminə yaxınlaşıb onu qucaqladı, üzündən öpüb, kefini soruşdu. “Yaxşıyam, — dedi, müəllimi.

-Səndən nə əcəb, qızım, lap elçiyə oxşayırsan ki!..” Müəlliminin bu sözləri Məhluqəni lap çaşdırdı, onun həssaslığı, duyumu qarşısında mat qalmışdı. “Necə düz bildin elçi olmağımı, — düşündü, — ancaq heç yaxşı elçi deyiləm, ay müəllim!” – fikrindən keçirtdi, amma nə deyəcəyini, necə deyəcəyini hələ kəsdirə bilmirdi.

     — Hə, dillən görüm, nə var, nə yox, balaların necədir? Təzə gəlinlə necə yola gedirsən? Bax, özünü yaxşı apar, gəlinlə işin olmasın, cavandılar, yol göstər, dayaq dur!

     — Yox, ay müəllim, vallah heç işim yoxdur, bir də biz axı sənin şagirdlərinik, hər şeyi səndən görüb-götürmüşük. Allah sənə ömür versin!

        Aradan gərginliyin belə tez götürülməsi onu cəsarətləndirdi. Ağzını açıb: “Amma müəllim…” — dedi,  sözünün ardı gəlmədi, qəfil çənəsi kilidləndi, nəhayət, boğazını arıtlayıb:

      -Müəllim, başına dönüm, mən gəldim ki, deyim, sənin otağındakılar haqqında… məsləhətləşim”, — dedi, amma özü də öz dediyindən heç nə anlamadı. “Necə yəni, məsləhətləşim, əmr var, tapşırıq verilib, “Sökülməli, yandırılmalı!” Vəssalam, burada nə məsləhətbazlıqdır?” Bu sözləri o, ancaq fikrindən keçirə bildi, dilinə gətirə bilmədi.

      — Qızım, çəkinmə, sözünü de, yəqin otağın boşaldılmasını tapşırıblar sənə, niyə utanırsan, açıq danış! – Xanım müəllimin sözləri onu özünə qaytardı, dönüb onun  nurani çöhrəsindəki təbəssümlü, xoş əhval-ruhiyyəni görəndə qolu-qanadı açıldı elə bil, onun da gözləri güldü, dili açıldı. Müəlliminin hər şeydən xəbərdar olduğunu bilincə rahat oldu, xeyli söhbətləşdilər, hər ikisi ürəyini boşaltdı. Qərara gəldilər ki, otaqdakı bütün şəkillər, rəsmlər, şagirdlərin və müəllimin hazırladığı bütün əşyalar səliqə ilə sökülüb müəllimin evinə gətirilsin. Bu daha düzgün qərar olardı, çünki o əşyaların hər biri canlı tarix idi, hər birinin dili var idi, o dili yalnız onları yaradan bilərdi, başqa heç kəs!

    — Məhluqə, Ləmanın atası Suliddini çağırıb əşyaları onun maşınına yükləyib göndərərsən evə! – dedi,  Xanım müəllim. Məhluqə qapıdan çıxanda, dönüb onun nurani simasını bir daha süzərək: “Baş üstə, müəllim!” – dedi və getdi…

     … Kərbəlayı Suliddin Xanım müəllimin ən fəal və xeyriyyəçi valideynlərindən idi, sinfin bütün işlərində təşkilatçılıq edər, maşını ilə həmişə xidmətdə olmağı özünə fəxr bilərdi. Bu gün də belə oldu. Maşın darvazadan içəri keçən kimi Suliddin düşüb müəllimlə görüşdü, hal-əhval tutandan sonra öz-özünə danışırmış kimi, deyinə-deyinə yükləri boşaltmağa başladı. “Alçaqlar, belə də iş olar, müəllimi belə hörmətsiz, urvatsız edənlərə Allah lənət eləsin. Eşidəndə özümə yer tapa bilmədim, bu necə zamanadı, ay müəllim, sizin kimi müəllimi bunlar haradan tapacaqlar? Oxuduğu məktəbi, müəllimi tanımayaraq diplom alanlarmı əvəz edəcək sizi? Belələrini görəndə adamın ürəyi bulanır, balalarımıza onların dərs deyəcəyini fikirləşəndə başımdan tüstü çıxır. Ancaq qəm eləməyin, ay müəllim, bütün camaat sizi sevir, siz sağlığınızda xalqın qəlbində öz yerinizi tutusunuz, abidənizi ucaltmısınız. Mən camaatın içindəyəm, kiçikdən-böyüyə hamı sizə rəğbət, hörmət və məhəbbət bəsləyir. Qoy sizi və sizin kimi əsl müəllimləri bu cür urvatsız edənlər xəcalət çəksinlər! Allah onların belə hərəkətlərinə görə cəzalarını verəcək, müəlim, mən buna əminəm!” Kərbəlayı Suliddinin bədahətən, ürəkdən dediyi bu sözlər Xanım müəllimi lap kövrəltdi, ancaq özünü tox tutdu, üzündəki təbəssümü, nuraniliyi saxlamağa çalışdı, xoş sözlərə görə Suliddinə təşəkkür elədi, özünün təsəlliyə ehtiyacı olduğu halda, ona təsəlli də verdi:    

 — Dünyanın işi belədi, bala, Süleymana qalmayan dünya heç kimə qalmayacaq. Amma insanlar bir-birini sevməlidir, hörmət eləməlidir. Fəqət neyləyəsən, nadanlar əlində qalıb yaxamız! Allah axır günümüzü xeyir eləsin! Sən də çox sağ ol, çox razıyam səndən, hamı sənin kimi olsaydı, dünyanın nə dərdi olardı?..

    …Xanım müəllim ömrünün, bəlkə də ən ağır gecələrindən birini yaşadı həmin gün. Ötən 46 ilin hər gününü bir-bir keçirtdi göz önündən, bir də yaşadı o illəri. Lənkəranda doğulmuşdu, orta məktəbi bitirib, elə orada da Pedaqoji texnikumda oxumuşdu. Hər iki məktəb bir binada yerləşdiyindən və məktəb də evlərinə yaxın olduğundan əslində heç tələbəlik həyatını da yaşamamışdı. Keçirdiyi qayğısız və romantik həyat tərzi, oxuduğu kitablar, tələbəlikdə qazandığı dostlarla qurduğu səmimi münasibətlər onun qəlbini humanist, ülvi insani hisslərlə elə zənginləşdirmişdi ki, ömrünün bu çağına qədər bəs eləmişdi, orada başqa qeyri-bəşəri hiss və düşüncələrə yer qalmamışdı. Təyinatla ilk məktəbdə müəllim işləyəndə də, içində yaratdığı həyat romanının qəhrəmanı ilə ailə həyatı quranda da, buna görə məktəbini dəyişib yeni-yeni şagirdlərlə işləyəndə də qəlbində, içində o hisslələ yaşadı, bir an da olsun insana məhəbbəti, qayğını, humanist münasibəti əksiltmədi, əksinə, gündən-günə artırdı. Bax elə bu xasiyyətləri onu xalqın gözündə ucaltdı, hamıya sevdirdi. Bütün bunları düşündükcə qəlbi nisbətən təskinlik tapır, dincəlirdi. Şagirdləri onu nə qədər sevirdi! Yox, bu sevgi deyildi, onlar öz müəllimlərinin əsl fanatları idilər. Nə qədər maraqlı, yaddan çıxmayan anlar, hadisələr olmuşdu. Elə bu sevgi yaşadırdı onu. Yaxşı yadındadı, bir dəfə dərs o qədər maraqlı keçmişdi ki, zəngin vurulmağından heç kəsin xəbəri olmamışdı. Uşaqlar bütün diqqətlərini müəllimə vermişdilər, elə maraqla dinləyirdilər ki, direktor müavininin nə vaxt sinfə daxil olduğunu da hiss etməmişdilər. Müavin içəri girib birbaşa müəllimin üstünə:

      — Bəsdi də, burax getsin uşaqları, — deyə qışqırdı, sonra da uşaqlara: — Adə, durun rədd olun evinizə! – dedi. Yenə də kefli olduğu üz-gözündən bilinirdi. Heç kəs yerindən qımıldanmadı, o, bir də bağıranda, uşaqlardan biri ayağa qalxdı və :

     — Müəllim, qoy dərsimizi keçək, biz getmək istəmirik, müəllimimizdə günah yoxdur! – dedi. Kefli müavinə elə bil tərs şillə dəydi, sanki ayıldı, qapını örtüb getdi, bir daha belə hadisə baş vermədi. Uzun müddət həmin sinfə girməyə ehtiyat elədi. Belə hadisələr çox olmuşdu. Xatirələrdə nələr yox idi ki?! Hə, yadına bir hadisə də düşdü, onu yaşadan, həyatı sevdirən bir an oldu o. Bir dəfə qanı bərk qara idi, işlər yaxşı getmirdi, ailədə çətinliklər, məişət qayğıları onu gərgin vəziyyətə salmışdı, lap ruhdan düşmüşdü. Həyatdan da küsmüşdü bir az. Sözsüz, bütün bunları o yaşasa da, sinfə daxil olanda şagirdlərinə bunu sezdirməzdi, onlara qayğı və sevgi o anda öz yerini tutar, sinifdə müəllim həyatını yaşayardı. Həmin gün inşa yazı tapşırdı, həm də sərbəst mövzuda, kim nə haqda istəyir, yazsın. Maraqlıdır ki, onların çoxu inşasını öz müəllimlərinə aid etmişdilər. Nələr yazmamışdılar!? Onları oxuyanda canındakı bütün ağrıları yox oldu, təzədən dünyaya gəldi, sanki! Elə sevindi ki! Saf, təmiz qəlbli şagirdləri, heç bir təmənna güdmədən səmimi ifadə etmişdilər öz fikirlərini. Nə qədər təsirli idi, ağladı onda, sevindiyindən, özünə məhəbbəti gördüyü üçün, hələ bu incə qəlbli fidanlara lazım olduğu üçün sevinirdi müəllim! Ona başqa heç nə lazım deyildi! Ona lazım olanı bu fidanlarda tapmışdı – o, məhəbbət idi, təmənnasız, minnətsiz!..

       …Bu, şirin-şəkər xatirələrin ağuşunda yuxuya getdi Xanım müəllim, elə şirin-şəkər yuxular da gördü,  bütün gecəni!

       …O gecə Məhluqə də Xanım müəllimlə bugünkü görüşünü,  sinif otağındakı şəkilləri və əyani dərs vəsaitlərini  zibilliyə atılıb yandırılmaqdan “xilas” etməsini  məmnunluqla yada salıb,  şirin yuxuya getmişdi.

                                                                                                 17.09.2015

bastainfo.com

Добавить комментарий