Tutuluruq, döyülürük, öldürülürük…

— Yazmaq istəyirəm.
 
— Nədən?
— Hər şeydən…
— Bizim ölkədə hər şeydən yazana pis baxırlar. Həm də hər şeydən yazanlar əslində heç nə yazmayanlardır. Bir sahə seçməli, o üzrə ixtisaslaşmalısan.
— Siyasətdən yazaram.
— Əvvəllər siyasətə qarışırdıq. İctimai nüfuz, pul-para olurdu, əqidəmiz də öz yerində qalırdı. Baxmayaraq ki, çoxlu təhdidlər vardı, döyülürdük. Ancaq bu qazandıqlarımızın yanında heç nə idi. İndi dərinə gedənləri ya məhbəsə, ya da qəbrə göndərirlər. Ona görə də biz artıq neçə müddətdir ki, siyasətə qarışmırıq.
— Siyasətdən heç yazmaq olmaz?
— Yox. Əvvəllər siyasətin altını-üstünə çevirirdik. Əvvəl dedilər ki, «yuxarı”lardan yazma! Bir il ötdü beş-altı nəfərin adını göndərib toxunulmaz olduqlarını söylədilər. Siyahı getdikcə uzandı… Bir də ayıldıq ki, bütün yerlər tutulub, daha heç nə yaza bilmərik. Etiraz edənləri lazımı ünvanlara göndərdilər. Tutdular, döydülər, öldürdülər.
— Sosialdan yazaram.
— Siyasətlə işimiz bitəndən sonra sosiala qaçdıq. Nüfuzumuz itsə də, yenə hörmət edirdilər. Ara-bir qonaqlıq verirdilər. Bunu da az keçməmiş qadağan etdilər. Dedilər ki, hər sosialın altında siyasət dayanır. SOS olmaz! «Bu qədər də yox” deyənlərin başını bir-bir əzdilər. Tutdular, döydülər, öldürdülər. Məsələ qapandı.
— İdmandan yazaram.
— Hə, son zamanlara qədər az-çox bu sahədə sərbəstlik vardı. Bir-bir gəldilər və «yazma” dedilər. «Bu da bizimdi, eyni qab sayılır” söylədilər. Yenə etiraz edənlər oldu, cavabı gəldi. Tutdular, döydülər, öldürdülər.
— Bəs, nədən yazım? Hansı sahəyə baş vurum?
— Ağacdan, güldən-çiçəkdən, ana təbiətin füsünkar gözəlliyindən yazmaq olar.
— Ancaq… (sözünü kəsir)
— Məntiqin yaxşı işləyir. Səndən jurnalist olacaq.
Bəli, sabah ana təbiət ağacları göndərəcək «yazma”, «dur” sifarişini verəcək. Etiraz edən olsa tutacaqlar, döyəcəklər, öldürəcəklər.
— Bəs nə edim? Yazmayım?
— Yazmamaq?! Hə, bu da çıxış yolu deyil. Görəcəklər heç nə tapa bilmirlər, yenə tutacaqlar, döyəcəklər öldürəcəklər.
— Axı konstitusiyada yazılıb ki, söz azadlığı var, hər kəsin hüququ qorunur.
— Düzdür. Ancaq orada yazılmayıb ki, sən sözünü deyəndən sonra tutulmayacaqsan, döyülməyəcəksən, öldürülməyəcəksən.
— Çıxış yolu nədir?
— Tutulmağını, döyülməyini, öldürülməyini gözləmək…
 
Ramin Deko
Qaynar.info

 

Добавить комментарий