Nuşirəvanla Mirşahinin söhbəti

Səxavət Soltanlı

Məlum ANS-MTRŞ deyişməsi, məncə, hər seçkidən əvvəl gözdən və nüfuzdan düşmüş ANS-ə lazımlı, dejurnıy” hücumlardan biridir. Seçki dövründə nisbətən nüfuzlu ANS bu hakimiyyətə çox lazımdır, o nüfuzu bərpa etmək, yaratmaq istəyirlər. Yaddaşı güclü olanlar bənzər oyunları xatırlayır. Düşünürəm ki, bu hücum da o tipli hücumlardandır ki, ANS-in məsum, qismən müxalif obrazını yaratmağa xidmət edir. Çünki cəmiyyətdə bu kanalla bağlı fikir birmənalıdır. ANS artıq vətəndaşların da gözündə tam ifşa olunmuş kanaldır. İnsanlar digər kanalları hakimiyyətin özününkü, ANS-i isə satılmış hesab edir. Bu baxımdan hücümlar, məhkəmələr nədənsə ucuz reklama, düşünülmüş PR-a bənzəyir.

Nuşirəvanla Mirşahinin söhbəti ŞOU əhlinin «toy tutmaq» üçün süni şəkildə yaratdığı didişməni xatırladır.

Nuşirəvan Məhərrəmli və onun təmsil etdiyi hakimiyyət deyildi mi siyasi debatları, siyasi-sosial məzmunlu, maarifləndirici verilişləri efirdən çıxaran? Efiri intellektual, siyasi, sosial, iqtisadi mövzulardan təmizləyənlər indi efir qeydinə qalan olublarmı? Efirin başına hər cür oyunları açanlar efir məkanını düşünməzlər, düşündükləri başqadır. Yoxsa Mirşahin deyildi hakimiyyətə yarınmaq üçün demokratiya mübarizlərini, siyasi məhbusları, vicdanlı insanları, siyasi müxalifəti aşağılayan, şərləyən çıxışlar edən, efirdən ağlına və ağzına gələni danışan? Mirşahin sonuncu dəfə nə zaman ölkədə ümumi durumla bağlı veriliş hazırladı, artan Rusiya təhlükəsini müzakirə mövzusu etdi, «qərb-şimal» müzakirəsi açdı? Bəlkə təhsildəki problemlərdən, səhiyyədəki özbaşınalıqdan danışdı? Yaxından izləsək bu günlərdə bir az sərt ritorika seçəcəklər. Bu oyuna daxildir.

Mətbuat azadlığı baxımından ANS-i müdafiə etmək lazım olduğunu səmimi şəkildə düşünənləri də başa düşmək olar. Əgər müstəqil mətbuat olmaq uğrunda mübarizəyə, fəaliyyətə başlayarsa, mən də müdafiə edirəm.

Bu mümkündürmü, bundan sonra alınarmı? İnanmıram.

Həqiqətənmi, ANS- müstəqil mətbuat olduğunu, bu istiqamətdə çalışdığını düşünürsünüz? Seçkidən dərhal sonra daha bir uğur kimi, qeyri-bərabər şəraitdə uduzdurulan müxalifəti «bitmiş» elan etmək üçün istifadə edilməyəcəyinə zəmanət varmı? Yoxsa mütləq xalqla əlaqəsi olmayan, istənilən məzmunlu məsələlərə münasibət bildirmək məcburiyyətimiz var?

Son dövrlər ANS qədər bu xalqa zərbə vuran, Nuşirəvan Məhərrəmlinin təmsil olunduğu hakimiyyətə dəstək olan ikinci bir mətbu orqan tanımıram.

 bastainfo.com

 

Добавить комментарий