Gültəkin Hacıbəyliyə açıq sual

Bugün iqtidarda təmsil olunan hansısa bir şəxsin bir neçə il sonra müxalifətçilərə  mübarizə və mənəviyyat dərsi keçməsinin şahidi olsanız, heç təəccüblənməyin. Çünki bir neçə il əvvələ qədər hakimiyyətin yanında, saxta parlamentdə yer alan, Avropa Şurasında ehtiraslı çıxışlar edib Azərbaycanda siyasi məhbusların olmadığını, seçkilərin saxtalaşdırılmadığını, insan haqlarının pozulmadığını sübut etməyə çalışan insanlar var ki, ya zəlzələdən, ya vəlvələdən iqtidardakı mövqelərini itirdikdən sonra müxalifətə keçiblər və bu gün müxalifətçilərə mübarizə və mənəviyyat dərsi keçirlər.

Gültəkin Hacıbəyli kimi… Bugün «Azadlıq» qəzeti yazıb ki, Gültəkin Hacıbəyli seçkiyə gedənləri «darmağın» edib…

Gültəkin Hacıbəyli 10 il deputat olub. Xalqın hələ mübarizə aparmaq və öz iradəsini ifadə etmək iqtidarında olduğu dövrdə bu iradənin zorlanması hesabına formalaşan saxta parlementin (2-ci və 3-cü çağırış – 2000-2010-cu illər) üzvü “seçilib”. Çox qəribədir ki, hakimiyyətin seçkidən əvvəl tərtib elədiyi deputat siyahısı haqqında ən çox danışanlar elə vaxtıyla həmin siyahılarda adı olmuş insanlardır.

Deputatlığı dövründə hakimiyyətin böyük etimadını qazanan Gültəkin Hacıbəyli Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü olub.

Andreas Qrosun, Andreas Herkelin, ondan əvvəl Martines Kassanın, Nikolay Vulçanovun Azərbaycandakı saxta seçkilər, insan haqlarının durumu və siyasi məhbuslar haqqında hesabatları, qətnamə layihələri yadınızdadır? Bax, Səməd Seyidovun rəhbərlik etdiyi və Gültəkin Hacıbəylinin üzvü olduğu həmin bu nümayəndə heyyətinin, eləcə də Elxan Süleymanovun rəhbərlik etdiyi “kürü” diplomatiyasının qərgin fəaliyyəti sayəsində bu qətnamələrin qəbulu hər dəfə əngəllənib.

Gültəkin Hacıbəyli 2008-ci ilin prezident seçkilərində YAP-ın təşkil etdiyi mitinqlərdə alovlu çıxışları ilə İlham Əliyevə sevgi və sayğılarını izhar edirdi. Gültəkin Hacıbəylinin həmin çıxışlarından bəzi sitatlara diqqət yetirin: “İlham Əliyevin vəkili olmaq mənim üçün şərəfdir… Bu seçkilərin alternativsiz qalibi İlham Əliyevdir… Biz İlham Əliyevi ona görə sevirik ki, ona görə dəstəkliyirik ki, o Azərbaycanın qeyrətli oğludur… Müxalifətə üzümü tutub deyirəm – sizin bu uğurun qarşısına çıxara biləcəyiniz hər hansı əməliniz, hər hası sözünüz varmı? Yoxdur!”. Gültəkin Hacıbəylinin həmin çıxışlarından birinin videosuna  youtube`da  bu keçidlə baxa bilərsiniz:   https://www.youtube.com/watch?v=CHkRiCa3-q0 

Müxalifət “tövbənin qapısı açıqdır” prinsipilə belə bir şəxsi öz sıralarına qəbul edibsə, bu o deməkdirmi ki, həmin şəxsin on illər boyu həyatını irtica ilə mübarizəyə həsr etmiş insanlara mənəviyyat və mübarizə dərsi keçməyə haqqı var? Müxalifət prinsipiallığın plankasını o vaxt aşağı salıb ki, sıralarını genişləndirmək naminə rejimin güclənməsində, deməli həm də cəmiyyətin çökdürülməsində xidmətləri olmuş şəxsləri düşərgəyə qəbul edib.  Milli Şuranın sədri Cəmil Həsənli bu yaxınlarda yazıb ki, “Gültəkin Hacıbəyli bütün həyatını Azərbaycana həsr edib”.  Hanı ədalət uğrunda mübarizə aparacaqdınız? Budurmu ədalət? 20 ildən artıq əqidəsinə sadiq qalanlar, buna görə yüz dəfələrlə döyülən, tutulan, illərlə həbsdə yatan və yaxud əqidəsinə görə işsiz qalan və yarıac-yarıtox mübarizə aparan əqidədaşlar  necə olsunlar bəs?

Gültəkin Hacıbəyli əcnəbi deputatlara Azərbaycanda siyasi məhbusların olmadığını sübut etməyə çalışanda, mərhum müsavatçı Elmira Əliyeva həbsxana divarları arxasından da məktublar yazıb silahdaşlarını mübarizəyə səsləyirdi. Gültəkin Hacıbəyli kimi VİP şəxslər Strassburqda, Brüsseldə irticanı müdafiə edəndə Vəfa Cümşüdlü kimi mübariz xanımlar polis dəyənəyi altında “AZADLIQ” hayqırırdılar, yaxud seçki komissiyalarında tuman altında bülleten gizlədən həyasızlarla yaxa-boğaz olurdular.

Həmin mübariz xanımlar bugün də mübarizənin önündədirlər. Onlar Gültəkin Hacıbəyli  kimi Visa kartla gündəlik ödəniş edib öz facebook səhifəsində “layk” toplamırlar. Onlar seçicilərdən  imza toplayırlar – bu fürsətdə irticaya, haqsızlığa qarşı təbliğat aparırlar. Onlar bu ağır vəziyyətdə belə seçki pozuntuları barədə faktlar toplayırlar, şikayətlər toplayırlar, mitinqə adam toplayırlar, irticanın yerlərdəki qulbeçələrinin timsalında özlərinə düşmən toplayırlar. Onlar onsuz da atəş altında ikən, Gültəkin Hacıbəyli də gündə bir atəş aşır, «Azadlıq» qəzetinin bugünkü sayında yazdığı kimi,  «darmadağın» edir… Bu seçkidə evdə oturmaq xəttini yox, mübarizə aparmaq, xalqın içində olmaq, efir vaxtı alıb millətin sözünü demək, irticanın bu seçkini də bələdiyyə seçkiləri kimi sakitliklə yola verməsinə mane olmaq  xəttini seçənləri hakimiyyətin saxta seçkilərinə “don geyindirməkdə”- iqtidara xidmət etməkdə, satqınlıqda günühlandırır.

Hansı haqla?!

Mustafa Hacıbəyli

{youtube}hytJ__cS5ZU{/youtube}

Добавить комментарий