Yaltaqlığın bəzi təsvir formaları haqda

YAP üzvü, müğənni Elza Seyidcahan seçki tamaşasından sonra belə açıqlama verdi ki, mənim əşya qədər də hüququm olmadı, bütün hüquqlarımı tapdaladılar, deputat seçilməyə qoymadılar. Məncə, bu qədər radikal olmaq lazım deyildir. Ölkəmiz demokratik dövlət quruculuğu yolunda iri addımlarla gedir. Əgər xalq narazı deyilsə, sən niyə ortalığa düşürsən? Dəstəkləmək lazımdır. Qarşıdan gələn konsertlərə hazırlaşmaq lazımdır. Xalq-dövlət, dövlət-xalq birliyi əbədidir, daimidir, dönməzdir. Xalqla hakimiyyətin arasına girən iylənib çıxar. Kim eşşəkdirsə, biz ona palanıq. Palaza bürün, seçkidə sürün. Seçkini bəzər, özü lüt gəzər. Müdrik el sözlərimiz çoxdur. Özü də mən bəzi adamların “Seçkini saxtalaşdırıb gələcəyimizi oğurladılar” sözlərinə daha çox əsəbiləşirəm. A kişi, sənin axı nə gələcəyin ola bilərdi? Sənin keçmişin yoxdur, indin yoxdur, istəyirsən hələ bir gələcəyin də olsun? Ala! Gələcək müdrik hökumət nümayəndələrimizə yaraşır. Yalnız onların gələcəyi ola bilər. Misal üçün, Hacı Madər 1991-ci ildən deputatdır. Təsəvvür elə, hələ SSRİ dağılmamışdı. Rəhim Qazıyev İsa bulağında başını yuyurdu. Tahir Kərimli Ağsu aşırımındakı kababxanada meyvə arağı içib Qorbaçova ölüm cəzası kəsmişdi, bütün millət də ehtirasa gəlib “oxqayy”, “tələsmə, Tahir müəllim, tələsmə” deyirdi. İndi rəvadırmı Hacı Madərin də gələcəyi olsun, sənin-mənim kimi yetimlərin də? Sənin nəinki dükanın, heç dükandan şirniquş almağa qəpiyin yoxdur. Gələcəyini oğurlayıblar… Elə bil bu, hardasa Leonardo da Vinçi imiş, “Cokonda” təbəssümünü kətana həkk edəcəkmiş. Nə bilim, kompüter düzəldib kainatı araşdıracaqmış. Xeyriyyə fondu yaradıb Suriya qaçqınlarına yardım edəcəkmiş. Sən kimsən axı, sənin fərli gələcəyin də olsun? Azərbaycanlı və gələcək — antonim sözlərdir. Yalnız bir qrup adamımız gələcəyə layiqdir, onların 125 nəfərini də deputat qoyublar. Buna görə bütün müəllimlər və həkimlər adından dərin minnətdarlığımızı bildiririk. 5-10 nəfər çaşmış siyasi dustaq var, xahiş edirik onları da azadlığa buraxsın. Ayrı bir problemimiz qalmamışdır. Vallah. Sözgəlişi, uca millətimizin yaltaqlığa verdiyi maraqlı təriflərdən biri, üzr istəyirəm, harasa girməkdir. (Aydın yazmaq olmur, özünüz söhbəti zənn edirəm anladınız). Yəni, bir millət yaltaqlığa bu cür pis münasibət göstərir, onun iyrənc olmasına öz lüğət tərkibi — leksikası ilə etirazını bildirir. Yanılmıramsa, başqa xalqlarda yaltaqlığın bu cür təsviri, yaltaqlığa bu cür el qınağı yoxdur. Yalnız ruslarda bənzər termin var, amma çox zəif formadadır. İndi gəlin duruma baxaq. Millət yaltaqlığı “bir yerə girmək”lə eyniləşdirir, eyni zamanda, ölkədə hər kvadratmetrə düşən yaltaq sayına görə dünyada ilk sıralarda yer tuturuq! (Birinci yerə keçmək üçün siyahını tərtib edəni gəzirik, yaltaqlanıb yuxarı keçəcəyik). Bu paradoksu necə izah etmək olar? Məncə burada Ziqmund Freyd müəllimin yardımına ehtiyac vardır. Bu artıq alt şüur məsələsidir. Yaltaqların söydükləri müstəviyə can atımının göstəricisidir. Əgər yaltaqlığı da qeyri-ənənəvi, qeyri-təbii saysaq, özünüz də müəyyən nəticələr çıxara bilərsiniz. Deməli, xalqımız əslində yeniliyə meyllidir, daim macəra axtarmaqdadır — müsbət detalları görməyə meylli olduğumdan mən bu cür nəticə çıxardım. Hər kəs istədiyi nəticəni çıxarsın, bizdə düşüncə azadlığı vardır. Müxalifət partiyaları, uca millətimizi öyrənmək istəyən xarici mütəxəssislər mütləq bu kimi şeyləri nəzərə almalıdırlar. Yazını isə dahi polyak Yeji Lets-in fikri ilə bitirirəm: “Şeytan cəhənnəmdə müsbət personajdır”.

«Yeni Müsavat»

Zamin Hacı

(etimoloji araşdırma)

Добавить комментарий