Dini, yoxsa dini görünüşlü terror?

Dini motivli terrorun tarixi çox qədimlərə dayanır. Bilinən ən qədim terror hərakatlarından olan «Sicarii» Orta Şərqdə, bu günki İsraildə ortaya çıxıb. I əsrin 60-70-ci illərində bəzi radikal din adamlarının indiki Fələstində qurduğu , son dərəcə yaxşı təşkilatlanmış dini məzhəb olan «Sicarii» düşmənlərinə gündüz və xüsusən də tətil günləri Qüdsdə izdiham anında basqın edirdi. Silahları isə «siçan» deyilən və libaslarının içində gizlətdikləri kiçik bir qılıncdı. Başlıca fəaliyyətləri isə, Herodian rahiblərinin monastırlarını məhv etmək, borcların geri alınmasının qarşısını almaq üçün faizçilərin (kim istəsə bunu da ədalət uğrunda cihad adlandıra bilər. E.F.) sənədlərini və dövlətin arxivlərini məhv etmək, buğda ambarlarını yandırmaq və Qüdsün su kanallarını məhv etmək olub.

Terror sözünə Fransız İnqilabı tarixində də rast gəlirik. Fransız İnqilabının ilk illərində hüdudsuz qanunverici səlahiyyətlərə sahib Convention (Convention nationale), ölkənin xarici güclər tərəfindən işğal edilməsinə duyduqları narahatlığa görə və daxildəki vətəndaş narahatlığının inqilaba zərər verə biləcəyini düşündükləri üçün fövqəladə tədbirlər görməyə qərar verirlər. Bu məqsədlə ictimai təhlükəsizlikdən məsul Komitəni (Comité də salut public) az qala diktatorluğa çatan səlahiyyətlərlə təchiz edirlər. 5 Sentyabr 1793 də Convention bir bəyanat ilə inqilab əleyhdarlarına qarşı Terroru (la Terreur) elan edir: «Sui-qəsdçiləri dəhşətə salmanın zamanı gəldi. Hüquq adamları, Terroru başladın.» Cəmiyyət təhlükəsizliyindən məsul komitənin başındakı Maximilien Robespierre Terrorun alovlu müdafiəçisi kimi bir il sonra, 28 İyul 1794 də despotluq günahından edam edilənə qədər minlərlə adamın edamına rəhbərlik edib.

Bunu xatırlatmaqda məqsədim odur ki, kimlərsə müsəlman olmayanlara qarşı törədilən terror aktlarını müdafiə edərkən bu faktlardan arqument düzəltməsin. Bunu hamı bilir və lənətləyir. “Xaç yürüşləri” nə dərəcədə insanlıq faciəsi idisə, onun əksi də o dərəcə də insanlıq faciəsidir. Keçmişdə qərblilərin özlərinə qarşı törətdikləri hansı həddə barbarlıq idisə, indi müsəlmanların özlərinə qarşı törətdikləri də eyni barbarlıqdır. Çağdaş cəmiyyətlərin keçmişdə qalan vəhşilikləri sizin bu günkü vəhşiliyinzə haqq qazandırmır, əksinə sizi lənətlədiyiniz o keçmişlə eyniləşdirir.

Terror nədir?

• Terror, ya da terrorizm, siyasi, dini və ya iqtisadi hədəflərə çatmaq məqsədiylə vətəndaşlara; rəsmi, yerli və ümumi rəhbərliklərə istiqamətli təzyiq, qorxutma və hər cür şiddət ehtiva edən yolun istifadəsidir. Terror tətbiq edən terror təşkilatı; terror tətbiq edən şəxslərə isə terrorçu deyilir. Terror sözü Latın mənşəlidir. Mənası «qorxudan titrəmə» və ya «titrəməyə səbəb olma» dır. Fransız lüğətində terror «Bir cəmiyyətdə bir qrupun xalqın müqavimətini qırmaq üçün yaratdığı ortaq qorxu» kimi izah edilir.

• Dini terrorizm, özünə dini inancları zəmin aldığını iddia edərək dünyada edilən hər cür fitnə-fəsad hərəkətlərinin ümumi adıdır. Krallıqların çöküşü və milliyətçiliyin yüksəlişinə şahidlik edən müasir dövrdə, terrorizm daha çox anarxizm və nihilizm ilə inqilabçı düşüncələrə əsaslanıb. Ancaq din qaynaqlı terror aktları 1980-ci ildən sonra demək olar ki, birinci sıraya çıxıb.

Terror siyasi həyat, iqtisadi sistem, sosial, mədəni və etnik quruluş və insan hüquqları kimi mövzularda problemlərin ortaya çıxmasına yol açan əhəmiyyətli bir faktor, ya da onsuz da bu problemlər varsa bunların həll olunmasının önündəki ən böyük maneədir. «Dini motivli terror» isə son illərdə bir çox ölkədə ciddi problemə çevrilib.

Din ilə terror arasında əlaqənin olub olmadığı mübahisəsi tarixən davamlı olub və hələ də davam edir. Mübahisənin “kimlərin qələbəsi ilə” başa çatacağı məlum olmasa da, mübahisə tərəflərinin istifadə etdiyi iki anlayış,»Dini terror» və «Dini motivli terror» anlayışları terror literaturunda öz yerini möhkəmləndirib. Din, ya da inanca mənsub cəmiyyətlərdə Yəhudilik, Xristianlıq və İslam dini adına terror hərəkətlərinin baş verməsinə tarix boyunca rast gəlinib və hələ də nümunələri artaraq davam edir.

«Din» və «terror» anlayışlarının bir arada tələffüz edilməsi və edilən hərəkətlərin xüsusiyyəti «dinin terroru bəslədiyi» şəklindəki qənaətləri gücləndirsə də, bunun «bəsləmək» ya da «dəstəkləmək» dən daha çox «bəsləyən kimi görünmək» şəklində başa düşülməsi daha doğru olacağı fikirləri də va. Gəlin, o fikirlərə də diqqət edək. Qısacası, dini motivli terrorun dinin terroru dəstəkləməsi və ya bəsləməsindən daha çox, bir dinə mənsub adam və ya qrupların etdikləri zülmə legitimlik qazandırmaq üçün dini istifadə etmələrinin bir nəticəsi olaraq ortaya çıxması yanaşması, inanclı insanların terroru özlərindən kənar tutmalarının bir təzahürü kimi ən azından süngü ilə qarşılanmamalı gerçəklikdir.

Çünki ümumi qəbul edilən yanaşma, dinlərin cəmiyyətdə terror mühitinin meydana gəlməsinə dəstək verməsi yox, inanclı şəxslərin etiqadını dinc şəkildə ifadə etməsi yanaşmasıdır. Dolasıyla «dini terror» yerinə «dini motivli terror «demək daha doğru olacaq. Mübahisəni terroru «dinin motivasiya etdiyi» (Religiously motivated) müstəvidə deyil, «dini görünüşlü (religiously appeared) terror” müstəvisində etmək daha uyğun yanaşma olar. Bəlkə hər iki mənanı da ehtiva etməsi məqsədiylə «dindən bəslənmiş kimi görünən terror» şəklində də terminləşdirmək olar.

Məncə, əsas məqsəd «dini motivli terror» anlayışınının, yazılışının doğru olub- olmadığından tutmuş, nə ifadə etdiyi və nəyi əhatə etdiyinə qədər müxtəlif aspektləri müzakirə etmək olmalıdır. Bu məqsədlə, əvvəl ümumi olaraq terror və din anlayışları ilə din-terror əlaqəsi qısaca açıqlandıqdan sonra «dini motivli terror» anlayışı, mənası, xüsusiyyəti və əhəmiyyəti baxımından dəyərləndirilməlidir.

Yuxarıda da qeyd edildiyi kimi ümumi olaraq terror, dəyişdirməyə, yıxmağa, yox etməyə, qorxu salmağa və təhdid etməyə istiqamətli silahlı şiddət hərəkəti olaraq hər kəs tərəfindən hiddətlə qarşınan insanlıq əlehinə cinayət hadisəsidir. Terrorizm kütlələrin ideoloji olaraq həddindən artıq dərəcədə cəbhələşməsinin, ortaya çıxan ağır iqtisadi problemlərin və daha da əhəmiyyətlisi cəmiyyətlərin etnik və dini baxımdan fərqliliklərinin yol açdığı siyasi səbəblərdən qaynaqlanır.

Dinin terrora qarşı olduğunu, “Din və Terror”un birlikdə tələffüz edilməməsi lazım olan iki anlayış olduğunu müdafiə edən yanaşma hər nə qədər diqqətəlayiq olsa da, hətta bu ümumi görüşə qatılanların belə qəbul etdiyi, amma kimsənin arzu etmədiyi şey, özlərini dindar olaraq təqdim edən fərdlərin və ya qrupların «din adına» terrorist hərəkətlər törətməsidir. Hətta bəzən diqqət çəkəcək şəkildə «qarışmış olmaq»dan kənar, çox ciddi ölçülərdə irəli gedildiyi də bir gerçəkdir.

M. Qandinin dediyi kimi «tarixdə ən nifrət dolu və qəddar cinayətlər din adına edilmişdir». Bu da haqlı olaraq «dinin terroru bəslədiyi» şəklində qiymətləndirilmələrə əsaslar yaratmaqdadır. Din və onun meydana gətirdiyi təşkilatlar, insanları birləşdirmə rolu oynamalarına baxmayaraq, bəzən və daha kəskin formada coğrafi, kulturoloji və təfəkkür müstəvisində “negative differences”i (zərərli fərqlilik) təşfiq edən işlərlə də qarşımıza çıxır.

Bu zərərli fərqlilik həyatın hər yanında özünü hiss etdirir. İqtisadi baxımdan, məsələn eyni dinə inananların alacaqları əşyada dindaş olan satıcını seçir. Qonşuluq, yoldaşlıq və s. ictimai əlaqələrdə də insanların mənsub olduqları din, ya da dini camaat təyinedici olmaqda, o birinə qarşı bir cəbhə meydana gətirməkdədir. İçərisində birdən çox dinin yaşandığı cəmiyyətlərdə hər bir din, öz mənsubları arasında əhəmiyyətli bir qaynaşma vasitəsi olarkən, digər dinə, məzhəbə, ya da dini camaata mənsublara qarşı bir cəbhələşməni də özü ilə bərabər daşıyır.

Dinlərin tarixin və coğrafiyanın müəyyən seqmentlərində insanlar üçün dinclik və sabitlik səbəbi olduğu bilinərkən, başqa seqmentlərdə nifaq, fitnə və zülm şəklində ortaya çıxmasını necə inkar etmək olar? Bu vəziyyətdə problem kimi din ilə o dinin mənsublarının din anlayışlarının bir-birindən fərqliliyimi gündəmə gəlməlidir? “Bu əsl din deyil” yanaşması bu suala cavab verirmi?.

Dinin təklifinin nə olduğu qədər insanların bunları necə anladığı, necə qəbul etdiyi və necə tətbiq etdiyi də, əlbəttə, əhəmiyyətlidir. Hər halda, din mənsublarının öz dinləri ətrafında belə, vahid olmadıqları, fərqli qrup və məzhəblərə bölünmələri, din ilə ona tabe olanların sinxron olmadıqlarını ortaya qoyur. Hətta bu vəziyyətdə din, başqa dindən olanlar qədər özünə iman gətirənlər üçün də bir nifaq və qarşıdurma səbəbi olaraq qarşımıza çıxır. Oxşar dinə mənsub insanlar arasında tarixdə cərəyan edən qarşıdurmalar bunun ən konkret nümunələridir.

İstər kobud güc ehtiva edən fizioloji, istər otoriteryan, istərsə psixoloji— şəkli və quruluşu nə olursa olsun — hər şiddət hərəkəti özünü mütləq bir mətnə dayandırır. Bu mətnin qaynağı; dini bir inanış, bir kult, ritual və ya bir müqəddəs kitab ola biləcəyi kimi siyasi və ya ideoloji bir bildiriş, bir ifadə, bir manifest ya da hər hansı bir arqument də ola bilər. Şiddətə müraciət edənlər, şiddət ehtiva edən rəftar və davranışlarını legitimləştirmək üçün bir dayanağa ehtiyac duyarlar. Rafa-əl Mosesin ifadəsiylə, » insanlar, planlanmış bir şiddət hərəkətini haqlı görməyə çalışaraq, vicdanlarını rahatlaşdırmaq məcburiyyətindədirlər.»

Məhz bu nöqtədə, şiddət hərəkətinin əvvəlində, ya da sonrasında bu hərəkətin qanuni zəminini təmin edən bir mətn yaratmaq zərurəti qaçınılmaz olur. Bu mətnin meydana gəlməsində isə, müxtəlif sosial-iqtisadi, tarixi və ya mədəni reallıqlarla birlikdə dini arqumentlər dövrəyə girir. Beləliklə, terrora legitimlik qazandıran bu mətn edilən hərəkəti teroristin zehinində haqlı və lazımlı müqəddəs bir mənaya çevirir. Bu məzmunda adam, ətrafı üçün də, etdiyi hərəkətin haqlılığı və lazımlılığını əsaslandıran tezislərdən ibarət mətn təqdim edir.

Sosioloji tərəfindən yanaşıldığında, din ilə terror arasında birbaşa əlaqənin olub olmaması müzakirəsində Durkheimin fikirləri yada düşür. Durkheimin ümumi din nəzəriyyəsinə görə “Din ona iman gətirənlər birliyinin praktik həyatının əsasıdır. Din, məhz ona inanan cəmiyyətin müqəddəsləştirməsidir. Bu mənada din adına döyüşmək və şəhid olmaq müqəddəs vəzifələr olaraq ön plana çıxır” . Əslində, bənzər vəziyyətlər Yapon samuray mədəniyyətində də, Buddizmdə də vardır.

Bəlkə bu vəziyyət, dinlərdən çox, insanların problemidir?! Axı heç bir din şiddət və terroru birbaşa dəstəkləmir. Ancaq, digər tərəfdən hər dində var olan «şəhidlik» və «cihad» kimi insanın «özünü fəda etməsi» olaraq şərh olunan bəzi elementlər, dinin şiddətlə birlikdə xatırlanmasına əsaslı zəmin yaratmaqla problemin insandamı, yoxsa dindəmi olduğu tərəddüdündə “problemdə dinin heç bir rolu yoxdur” fikrini deməyin mümkünsüzlüyünü göstərir.

Günümüz dünyasında Şərqi Timorun Katolik adalıları ilə, İndoneziyalı müsəlmanlar bir-birlərini öldürürlər. Sudanda müsəlmanlar ilə güneyli xristianlar arasındakı bitməyən müharibə insanlıq tarixinin ən utanc verici qıtlığına gətirib çıxarmışdır. Əlcəzairdə radikal dindarlar terror əsdirir. Hindistanın Pəncab bölgəsindəki “Siqh” xadimləri “Saflıq Diyarı” adında bir utopik yer yaratmaq adına hindliləri yandırmaqdadır. Ruanda və Burundidə Tutsilər (Uzunlar) və Hutular (Qısalar) illərdir bir-birlərini qətl etməkdədir. Avropanın ortasında Bosniya Herseqovinada bir etnik təmizlik yaşanmışdır.

İsraildə müsəlmanlarla yəhudilərin qırğını illərdir davam edir. Şimali İrlandiyada katolik və protestant xristianlar illərdir bir-birlərini qırır. Türkiyədə əvvəllər yalnız PKK və «sol devrimci» terror hadisələri duyulurdusa, daha sonra Hizbullah terroru, indi də yeni əlavə olunan İŞİD terroru cəmiyyəti dəhşətə salmışdır. Böyüyərək cografiyasına sığmayan İŞİD artıq Avropanın mərkəzində Parisdə teraktlar törədir. Hindistanlı hindilərlə Pakistanlı müsəlmanlar “lazım gələrsə” söylədiklərinin sübutu uğruna qarşı tərəfə nüvə bombası atacaq qədər bir-birlərinə nifrət edir. Bütün bu hadisələr ona görə rellaşır ki, hər iki düşmən tərəf qarşılıqlı olaraq, məhz Tanrının belə istədiyindən əmindirlər.

Hal-hazırda işlənən cinayətlərin çoxunun etnik və mədəni faktorlardan qaynaqlanmasına baxmayaraq, altda yatan əsas səbəb fərqli kimlik daşıyan insanları düşmən olaraq qəbul edən və öz tərəfdarlarına vahid bir kimlik geyindirən inancdır. Hər inanc təməldə etnosentrik bir xarakter kəsb etdiyi, yəni ən doğru və ən mükəmməli təmsil etdiyi iddiasında olduğu üçün, «ondan olmayan»ı az və ya çox miaqdarda ikrah hissi ilə qarşılayır. «Mənsub olunan qrupun üstünlüyünə inanma» mənasını daşıyan etnosentrizm, əslində az və ya çox hər insanda var.

Ancaq bunun sıxlığı və şiddəti artınca fərdlər öz qruplarına ilahi bir müqəddəslik kimi yanaşar, digərlərinə qarşı da mənfi hisslər bəsləməyə başlayar. Bu vəziyyətin əsas səbəblərindən biri də, insanların ümumiyyətlə öz dinlərini mübahisəsiz qəbul etmələri, həqiqəti anlama və ona çatmaqda, dini inanclarından bir az güzəştə getdikləri anda varlıq səbəblərini itirəcəkləri qorxusuna qapılmalarıdır. Fərdlərin dini inanclarla bağlı məsələlərdə qarşısındakının haqlı olduğunu etiraf etmələri son dərəcə çətindir. Çünki belə bir etiraf bir sonrakı mərhələdə «elə isə nə üçün bu etirafın gərəyini yapmırsan?» şəklində ikinci sualı doğuracaq.

Dini mənsubiyyətinə az və ya çox bağlı olan bir adamın bunu qəbul etməsi demək olar ki, qeyri-mümkündür. Watt’ın da ifadə etdiyi kimi «heç kim, ən azından həqiqətin özünü təmsil etdiyinə inanmadığı bir dini qrupa asan-asan bağlanmaz «. Bu səbəbdən də «ondan olmayan» kimi təsnif etdikləri xarici dini qruplarla uzlaşan deyil, ayrılan istiqamətlərə diqqət çəkən hər dini qrup, özünün həm ən doğru, həm də ən fərqli olduğu iddiasını davamlı canlı tutmaq məcburiyyətindədir.

Bu da o birinin mənfi, hətta aşağılayıcı sifətlərlə qiymətləndirilməsinə yol açmaqdadır. Bu çərçivədəki inancın fanatizmə yuvarlanması qaçılmaz olunca, fanatikləşmiş fərdin də müqəddəsliyə qovuşmaq yolunda düşməni məhv etmək adına özünü fəda etməsi (terorist olması) günümüzün artan terrorizminin tükənməyən mənbəyinə çevrilir.

Din-terror ilişgisi ilə əlaqədar izahını verməyə cəhd etdiyimiz bu proseslər zamanla dinlər arasındakı kin və nifrəti alovlandıraraq “dini terror”, ya da «dini motivli terror «anlayışını ortaya çıxarmışdır.

Yuxarıda bir neçə dəfə vurğulandığı kimi ədəbiyyatda «din terroru», «dini terror», «Dini motivli terror» kimi anlayışlar istifadə olunur. Bir dini ənənə içərisində həddindən artıq uclarda yer alan marginal düşüncələr və ya inanc sistemlərinin bəzi davranışları, xüsusilə də təcavüzkarlığı müqəddəs hesab etməsi və ucaltması vəziyyətində ortaya çıxan terror hərəkətlərini izah etmək üçün bu anlayışlardan biri istifadə edilir.

Gəlin, biz də «dini motivli terror» anlayışını istifadə etməyi seçək və bunu da «dinin motivasiya etdiyi (religiously motivated)» mənasındamı, yoxsa «Dini görünüşlü (religiously appeared)» mənasındamı istifadə etməyi dartışaq. Bu, dinin terroru bəsləməsindən daha çox bəsləyən kimi göründüyü fikrinə üstünlük verməyi ehtiva edəcək. Şərtlər nə olursa-olsun, demokratiyanın əlifbası olan inanca sayğı prinsipini kənara qoymağa heç bir şeylə haqq qazandırıla bilməz.

Ancaq nə qədər ki, dini motivli terrorun səbəbləri olan İran, Misir və Səudiyyə Ərəbistanı mərkəzli radikal fikir axınları, müsəlmanlığın tək ümmət olduğu düşüncəsi, İslamın bu gün parçalanmış halda olduğuna inanma və bütününü təkrar meydana gətirmə, yəni Xilafəti qurma fikri, müsəlman cəmiyyətlərdəki qarşıdurmalar, İsrail-Fələstin problemi, İran İslam inqilabının əxz olunması kimi hədəflər ortada qalır, “Dini terror” termini “Dini görünüşlü” terror terminindən daha çox istifadə olunacaq.

P.S. Terrorizmin media olmadan yaşaya bilməyəcəyi aksiomdur. Terrorizm müasir dövrün əsas faktırı olması da daha çox bu vəziyyət ilə əlaqəlidir. Terror təşkilatları media sayəsində öz dəhşətlərini yaymaqla hədəflərinə çatırlar. Bu baxımdan terror baş verdiyində özü istəmədən terrorizmin ruporuna çevrilən mediada, çox sayda terrorun məqsədinə xidmət etməyən yazıların yazılmasına ehtiyac var.Terrorun nə qədər dəhşətli bir bəla olduğu hər halda hər kəsə aydındır. Terror qəzəbin nəticəsi ola bilməz. Terror qisasın da nəticəsi ola bilməz. Terror bütün insanlığa nifrətin nəticəsidir.

Meydan TV

Добавить комментарий