2016-cı il dövlət büdcəsi və yaxud böhranı şiddətləndirən virus – TƏHLİL

İnsan bədənində soyuqdan, istidən, qidalanma yetərsizliyindən və ya çox qidalanmadan, xarici və ya daxili müxtəlif səbəblərdən qızdırma baş verir və bildiyiniz kimi bu qızdırma əsasən lazımlıdır, bədən infeksiyaya qarşı müqavimət göstərir, hansısa mikrobu öldürür, lakin bu da bilinir ki, bütün bunlarla bərabər həddən artıq qızdırma ölümcüldür. Bizdə qızdırmalı uşağın temperaturunu salmaq üçün çox vaxt uşağın üstünü yorğan döşəklə bərk-bərk basdırırıb tərlədirlər. Həkimlər daha dəqiq bilər ki, bu səhv müalicə yoludur, qızdırmanı bir az da qaldırır, halsız uşağın düzəlməyini bir az da gecikdirir. Düzgün metod isə, temperaturu salmaq üçün ilıq su ilə duş al(dır)maqdır.

İqtisadi böhranlar da ölkənin iqtisadi ömrü timsalında qızdırmaya bənzəyir. Müxtəlif səbəblərdən olur, tsikllik xarakter daşıyır, tənzimləmə xüsusiyyəti var.  Əgər bu böhranlar da qızdırma kimi düzgün idarə edilməsə ölümcül ola bilər. Azalan gəlirlər, yoxsulluğun və işsizliyin artması, etibarsızlıq və soyğunçuluq halları, sabitliyin pozulması və təhlükəsizliyi təmin edə bilməyin çətinliyi ölkə üçün sarsıdıcı ola bilər.

Harda görülüb ki, xəstəhal adamın qidalandırılması kəsilsin, əgər belə olarsa, onsuz da funksiyalarını yerinə yetirməkdə çətinlik çəkən orqanların vəziyyəti daha da pisləşər, xəstəlik uzanar. Necə ki, qızdırmanı salmaq üçün duş lazımdırsa, necə ki, insan xəstəhal olanda onu düzgün qidalandırmaq vacibdirsə, eləcə də iqtisadi böhran zamanı genişləmə siyasəti aparılmalı, xərclər artırılmalı, qənaətdən uzaq durulmalıdır.  Qənaəti yaxşı zamanlarda etmək lazımdır, pis zamanlarda isə əksinə. Xərcləmək bu deməkdir: Dövlət sektoru xərcləməlidir, özəl sektor xərcləməlidir, vətəndaşlar qazanmalıdır və xərcləməlidir. Mənim xərcim qəssabın gəliridir, onun xərci kəndçinin gəliridir, onun xərci tacirin gəliridir və beləcə iqtisadiyyat dövr etməkdədir.

Genişləmə siyasəti isə budur ki, Mərkəzi Bank daha çox pul çap etməli, bazarı dirçəltməli, faizləri aşağı salmalı, kredit almağı asanlaşdırmalıdır, tələbi stimullaşdırmalı və bu tələb öz təklifini yaratmalıdır,  beləcə işsizliyin qarşısı alınır, iş yerləri qapısını qıfıllamır, fəaliyyətini davam etdirir, vergisini verir, dövlət də burdan gəlirini əldə edir.

Bu gün biz nə görürük, Mərkəzi Bankın qeyri-qənaətbəxş siyasətini görürük, banklar kredit verməyi azaldıblar, deyilənlərlə əməl olunanların üst-üstə düşməməsi sayəsində bazarda etibarsızlıq hökm sürür.  Etibarsızlıq isə iqtisadiyyatda ciddi məsələdir, etibarsızlığın iqtisadi dəyəri milyardlarla ölçülür, bazarı etibarlı etmək, insanların banklara güvənini təmin etmək illər alır, bu etibarı məhv etməyin qeyd etdiyim kimi Azərbaycan iqtisadiyyatının bu günü və gələcəyi adına milyardlarla zərəri var. Bu gün isə bu etibar yerini etibarsızlığa verməkdədir. Son 10 ildə insanların banklara etibar etməsində ciddi irəliləyiş əldə edilmişdi, bu gün isə artıq yenidən geriyə gedirik, 90-cı illərdə olduğu kimi artıq heç kim əmanətlərini banka qoymaq istəmir, əksinə əmanətlərini bankdan çıxarıb yastıq altına qoyur  və  bir 10 il də lazım olacaq ki, bu etibar yenidən qazanılsın.

Bir gündə o miqyasda olan devalvasiya problemli qərar idi,  Azərbaycan xalqının bir gündə 35% kasıblaşması kimi tarixə düşdü.  Devalvasiya olmalı idi, ancaq bu qədər olmamalı idi və olanda da bunu göstərə-göstərə deyil, birdən etmək lazım idi, göstərə-göstərə edəndə də əlbəttə çoxluq bizdə olduğu kimi iki gün ərzində bütün yığımını dollara çevirəcəkdi və bizdəki şəkli ilə devalvasiya mənasız və ədalətsiz olmuş olacaqdı.  Devalvasiyanın ixracı stimullaşdırmaq kimi müsbət xüsusiyyəti var, ancaq bizə yox, birincisi bizdə idxal iqtisadiyyatıdır, ikincisi də qonşuların devalvasiyaya getdiyi vaxtda bunun müsbət təsiri olmayacağı aydındır.  Həm də yeni iqtisadi siyasət aparıb, neftdən başqa ixrac qabiliyyətini artırmaq üçün daha ucuz xammal ala bilərdik.  Bu devalvasiyanın Azərbaycan xalqına deyil, sadəcə xarici şirkətlərə, xarici neft şirkətlərinə faydası oldu, xərcləri bir gündə %35 azaldı. Buna görə hərdən mənə elə gəlir ki, bu devalvasiyaya xaricilərin təzyiqi ilə gedildi, təzyiq olmasın, olsun məsləhəti ilə. İqtisadi cəhətdən səriştəsiz olanlar, hər bir halda bir az çətinə düşən kimi xaricilərdən məsləhət almağa məcburdurlar.

Rezervlərə gəlincə, Mərkəzi Bankın rezervləri adı üstündə strateji valyuta ehtiyatlarıdır, onun əriməsi mahiyyətində var, belə vaxtda əriməyib nə vaxt əriməlidir ki. Onun artması Mərkəzi Bankın uğuru olmadığı kimi, azalmağı da Mərkəzi Bankın uğursuzluğu deyil. Neft fondunun rezervlərinə gəlincə, yanlış investisiya edilməkdədir, qızıla yatırılır, qızılın qiyməti düşür; əmlaka yatırılır, əmlakın qiyməti düşür; çin yuanına yatırılır, çin yuanının qiyməti düşür. Maraqlı olan isə odur ki, bütün bu bacarıqsızlığa görə niyə görəsə heç kim məsuliyyət daşımır.

Yenicə büdcə də açıqlandı. Dövlət səlahiyyətlilərinin və bəzi iqtisadçıların ağzından düşməyən «qənaət» sözü artıq əməli olaraq burda öz əksini tapmışdır. Keçən ilə görə 25% büdcə kiçilmişdir. Bu artıq Azərbaycan iqtisadiyyatının acınacaqlı vəziyyətə sürükləyəcəkdir…

İqtisadi böhran bir xəstəlikdir, düzgün müalicə edilməsə şiddətlənər və hətta ölümcül ola bilər. Yəni işsizlik, yoxsulluq, özbaşınalıq, qanun tanımamazlıq, borcların ödənməməsi halları, siyasi qeyri-stabillik, davamlı seçkilər və siyasi hakimiyyətin tez-tez dəyişməsi, dövlətin başqa dövlətlərdən asılı hala düşməsi və müstəqilliyin itirilməsinə kimi gedib çıxar. Bütün bunları nəzərə aldıqda böhran ölkə üçün öhdəsindən gəlinməli olan əsas hədəfdir. Hədəfi isə uzun və əlçatmaz edən yolun uzunluğu deyil, ona hansı yolla gediləcəyinin bilinməməsidir. Bu gün verilən qərarlar və qanun layihələri də bu bilinməzliyi, qaranlıq vizyonu və həll yolu barədə ortaq ağılın olmadığını göstərir. Tutaq ki, vergi orqanlarına ən ümdə səlahiyyət verilsə, verilsə ki, daha çox vergi yığılsın, yığılsın ki, ucuzlaşan neft qiyməti vergilərlə kompensasiya edilsin, bu zaman sahibkarların sıxışdırılması və müəssisələrin bağlanması qaçılmaz olacaq.  Müəssisələrə bir dəfəyə elə vergi cəriməsi yazılıb, ondan elə vergi istənəcək ki, müəssisə fəaliyyətini dayandıracaq, işçiləri işsiz qalacaq. Bu, ölkə iqtisadiyyatının digər tərəfləri ilə yanaşı, elə verginin yığılması cəhətdən zərərli bir haldır; müəssisə davamlı fəaliyyət göstərsə, onun fəaliyyət vergiləri, işçilərin maaş vergiləri və s. uzun müddətə müəssisənin fəaliyyəti boyunca alınacaqdır və bu vergi də əlbəttə, o müəssisəni bağlamaq həddinə gətirən bir dəfəyə alınan vergidən daha çox olacaqdır. Yaxud da əksi edilsə, sahibkarlara həddindən artıq rahatlıq verilsə, onlar vergidən boyun qaçırsalar, bu dəfə də daha pisi baş verə bilər, büdcə gəlirləri formalaşmaz, dövlət fəaliyyətini yerinə yetirə bilməz, təhsil və səhiyyə sistemi çökər.

Digər əsas məsələ isə qənaət siyasətindən və qənaət sözündən maksimum uzaq qaçmaq və panika yaratmaqdan ehtiyat etmək lazımdır. İqtisadiyyatda psixoloji faktorlar və kütləvi panika sağalmaz ola bilər. Bu gün ehtiyac olmadığı halda belə panika havası ilə bəzi şirkətlərdə ixtisarlar gedir. Bizdə isə sağ olsun böhranlı vaxtlarda maliyyə institutlarımız özləri ən gözəl panikanı yaradır, qaş düzəldim deyə göz vurub çıxardırlar. Burada dünyaya rus-sovet modelli gözlüklərlə  baxmağın da rolu böyükdür. İki ölkənin ciddi göstərici fərqlərinə baxmayaraq, Rusiyada devalvasiya oldu deyə, bizdə də Mərkəzi Bank öz üzərində devalvasiya təzyiqini hiss etdi, üstəlik də devalvasiyanı əlavə panika yaradaraq etdi və manatın üstündəki gərginlik və rezervlərin əriməsi olmalı olduğundan dəfələrlə artıq oldu. Mərkəzi Bank son genişləyici siyasətləri ilə sanki səhvlərindən dərs çıxarmışa bənzəyir.  Yəqin ki, Neft Fondunun da qızıla, əmlaka, çin yuanına olan zərərli investisiyaları da rus-sovet iqtisadi təfəkkürünün məhsuludur. Neft Fondunun səhvlərindən dərs çıxarıb-çıxarmadığına əmin deyiləm. Ümumiyyətlə dövlət işi səhvlərdən dərs çıxarma yeri də deyil, edilən bir səhv milyonların taleyi deməkdir. Vergi orqanları isə sahibkarlığı dəstəkləyici son fərmanlara qədər müəssisələri   bağlaya-bağlaya gəlirdilər, fərmanlardan sonra isə sanki yumşalma var. Maliyyə Nazirliyi isə əvvəldən böhranı düzgün analiz etməməklə bərabər, indi də səhv siyasəti ilə böhranın öhdəsindən gəlməyə müqavimət göstərməkdədir. «Qənaət» və «məzənnə rejimini dəyişmək» kimi səhv böhran siyasəti və panika yaradan ifadələr maliyyə nazirinin çıxış və müsahibələrindən əksik olmur .

Maliyə nazirliyinin əsas işlərindən biri olan büdcə layihəsində isə bu zərərli böhran siyasəti öz pik həddinə çatmışdır.  Büdcə dövlətin iqtisadi siyasətini aparmaqda ən güclü silahlardan biridir, bu gün isə biz keçən ilə nisbətən 25% azaldılmış büdcə ilə bu silahı özümüzə doğrultmuşuq. Onsuz da %35-lik devalvasiya oldu, büdcədə olan bu azalma nəyə lazım idi? Büdcədə bu səviyyədə azalma yersiz idi, hətta bir miqdar artım olmalı idi, artım olmasa belə iqtisadiyyata sistem köçürtmək kimi olan az gərlirlilərin, müəllimlərin, həkimlərin, təqaüdçülərin gəlirlərində və bir də inşaat sektorunu dirçəldəcək ipoteka kimi sosial layihələrin büdcəsində artım nəzərdə tutulmalı idi. Bu artımlar hərbi büdcənin və yeyintiyə açıq olan bəzi büdcə təşkilatlarının büdcəsinin azaldılması ilə kompensasiya edilməli idi. Hərbi büdcəmiz Ermənistanın məcmu büdcəsini keçməlidir deyə, biz büdcə formalaşdırmamalıyıq, xalqın və ölkənin faydasını düşünərək büdcə hazırlamalıyıq. Bizdə isə hazırki layihədə hərbi büdcə artırılıb, əksinə iqtisadiyyata stimul verəcək məsələlərdə büdcə azaldılıb.

«Neft gəlirlərinin azaldıldığı bir vaxtda büdcəni necə azaltmamaq olar» sualına isə cavabım sadədir. Vergi bazasını artırmaqla. Diqqətli olun vergi dərəcələrini yox, vergi bazasını. Yəni indiki kimi daha çox vergi yığmaq üçün qüvvədə olan vergilərin dərəcəsini artırmaq lazım deyil, bu sahibkarlığa zərərlidir, yeni vergiləri qüvvəyə salmaq lazımdır. Misal üçün dəyəri müəyyən məbləğin üstündə olan daşınan və daşınmaz əmlak vergiləri. Qısacası milyonluq villa tikdirmisən, yüz minlik maşınlar istifadə edirsənsə lap gözəl, ancaq buna uyğun da vergi verməlisən. Bizdə belə olsa ən çox vergini qərar mexanizmlərinin başında olanlar verəcəklər deyə bu yola getmək istəmirlər. Bundandır ki, bəzi iqtisadçılar da büdcənin azaldılmalı olmasından, qənaət siyasətinin labüdlüyündən bəhs edib dururlar. Nəticə olaraq onu bildirmək istəyirəm ki, əvvəldə ciddi səhvlər edilsə də, sonradan sanki bəzi məsələlər dərk edildi kimi gəlir mənə, buna görə də sahibkarlığa dəstək fərmanları verildi, gömrük rüsumlarında bəzi dəyişikliyə gedildi, ancaq büdcə məsələsi hələ məsələlərin dərk edilmədiyi vaxtlarda hazırlanıb qəbul edildi.  Buna görə yaxşı olar ki, hələ ki yeni ilə keçməmiş, büdcə layihəsinə yenidən baxılsın və böhran vəziyyətinə uyğun büdcə layihəsi işlənib hazırlansın. Yoxsa 2016-cı il dövlət büdcəsi böhranı şiddətləndirən virus funksiyasını yerinə yetirəcək.

  • Aqşin İbişov
  • Kultura.az

Добавить комментарий