Abdullayev Günəşli yatağına gedib

Dekabrın 4-də tufan «Günəşli» yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

9 NƏFƏR XİLAS OLUNUB

«Günəşli» yatağının yanğın baş vermiş 10-cu platformasında xilas edilənlərin sayı 9-a çatıb.

Hadisə rayonunda xilasetmə işləri gərgin şəraitdə davam edir. Tez-tez dəyişən küləyin sürəti hazırda saniyədə 37-38 metrə, dalğanın hündürlüyü isə 10 metrə çatır.

QEYRİ-RƏSMİ: 32 NƏFƏR İTKİN DÜŞÜB

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyir ki, platformada qalanların yaxınları, dostlarından ona mütəmadi məlumatlar gəlir: «Mənə yazıblar ki, 10-cu blokda 84 nəfər olub. 3 nəfər yaşayış blokunda sağdır. 36 nəfərin mindiyi qayıq cırılıb, oradan 4 nəfər xilas edə biliblər. Yazırlar ki, 32 nəfər itkin düşüb. İkinci qayıqda da 46 adam var, hələ də qayıq sallaq vəziyyətdə qalıb».

Mirvari Qəhrəmanlı deyir ki, o, hələ də bu məlumatları dəqiqləşdirə bilmir: «Adamlara ətraflı və obyektiv məlumat verilmir. Amma oradakı durumla bağlı mütəmadi məlumat verilməlidir».

KÖMƏK GÖZLƏYİRLƏR

«Yanan özüldən xilas edilən şəxslər hazırda qayıqlardadır. Həmin qayıqlar isə zəncirlərlə yanan estakadaya bərkidilib».

Bunu ANS-ə «Azneft» İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov deyib.

Onun sözlərinə görə, neftçilər dənizdən 4-5 metr yüksəklikdədirlər və estakadaya bərkidilmiş qayıqlarda kömək gözləyirlər. Ancaq yanğın şiddətli olduğu üçün gəmilər onlara yaxınlaşa bilmir.

Hazırda xilasetmə əməliyyatlarına müvafiq qurumların bütün şəxsi heyəti cəlb edilib. Əməliyyatlar başa çatdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.

SOCAR PREZİDENTİ YANAN PLATFORMADA

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev yanan yataqdakı vəziyyətlə tanış olmaq üçün səhər saatlarında hadisə yerinə yollanıb:

«Hazırda orda olan insanlarla əlaqə saxlamağa da çətinlik çəkirik. Çünki telefonların şəbəkələri tutmur və ya telefonlarına zəng çatmır. Çünki əlaqə vasitələrinin enerjisi tükənib. Ona görə dəqiq məlumatlar yoxdur. Ancaq özüldə iki-üç nəfər var. Onlar sağ-salamatdır. Qalan işçilər xilasetmə qayıqlarına yerləşdiriliblər».

4 dekabr

“Günəşli” yatağındakı yanğın baş verən 10-cu dərin dəniz özülündən işçilərin hamısı köçürülüb.

APA-nın məlumatına görə, artıq platformdakı bütün işçilər yanğının baş verdiyi  ərazidən çıxarılıb.

Ölən və xəsarət alan yoxdur.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də ANS TV-yə itki olmadığını bildirib.

Yanğın baş verərkən platformada 42 nəfər olub. Hazırda platformada yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Dekabrın 4-də yanğın baş verən “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündən neftçilər çıxarılırş

APA-nın məlumatına görə, özüldəki işçilərin göçürülməsi istiqamətində tədbirlər davam edir.

Yanğın baş verən zaman platformada 42 nəfər olub.

Dalğalar yanğının söndürülməsinə mane olur. Hazırda platformada olan neftçilər qayıqlarla çıxarılır. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur.

Dekabrın 4-də“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxması nəticəsində yanğın baş verib.

Buna səbəb güclü tufan olub.

Yanğın saat 17.40 radələrində baş verib.

SOCAR-ın məlumatına görə, özüldəki işçilərin köçürülməsi üçün tədbirlər başlanılıb.

Dalğalar gəmilərin platformaya yaxınlaşmasını əngəlləyir.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə işçilərin köçürülməsinə başlayıb.

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.

bastainfo.com

Добавить комментарий