Avropa Şurası Əliyevlərlə əməkdaşlığa son qoydu

Avropa Şurası insan hüquqları üzrə Azərbaycanla birgə işçi qrupdan çıxır. Bu barədə Avropa Şurasının baş katibinin mətbuat katibi bəyanat verib.

Bəyanatın mətnində deyilir: “Avropa Şurasının baş katibi Torbyorn Yaqland oktyabrın 7-də Nazirlər Komitəsinə Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupda iştirakına son qoymaq qərarını açıqlayıb.

2014-cü ilin oktyabrından Avropa Şurasının nümayəndəsi Bakıda Azərbaycan vətəndaş cəmi

yyəti və hakimiyyət arasında dialoqun bərpasına yönəlmiş görüşlərdə iştirak edib.

Bu təşəbbüslərə baxmayaraq, ölkədə hüquq müdafiəçiləri ilə bağlı ümumi vəziyyət həddindən artıq pisləşib.

Həbs edilmiş hüquq müdafiəçilərinin sayı artır, Avropa Şurası isə onların saxlanılma şəraitinin qəbuledilməz olduğu haqqında həyəcan doğuran məlumatlar alır.

Bununla əlaqədar olaraq, baş katib Azərbaycan prezidenti İlham Əliyevə öz qərarı haqqında məlumat verib”.

Qeyd edək ki, hələ 2014 ildə Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti fəalı Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda, AŞPA rəhbəri Ann Brasserə və təşkilata üzv dövlətlərə Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin pisləşməsi ilə əlaqədar qətiyyətli tədbirlər görmək çağırışı ilə müraciət etmişdi.

35 fəalın imzaladığı müraciətdə qeyd edilir ki, əsasən hökumətə meylli QHT-lər, hökumət rəsmiləri və parlament üzvlərindən ibarət olan Azərbaycanda insan haqları məsələləri üzrə birgə işçi qrupun oktyabrın 22-də keçirilən ilk iclasında təcili, konkret tədbirlərin görülməsi çağırışlarına diqqət yetirilməsinə cəhd edilməyib.

İşçi Qrupun Yaqlandın təşəbbüsü ilə vətəndaş cəmiyyəti və Azərbaycan hökuməti arasında dialoqu bərpa etmək məqsədi ilə təşkil olunduğu xatırladılır.

Lakin İşçi Qrupa üzv təyin etmə proseduru və üzv seçilməsi üçün meyarlar ictimaiyyətə açıqlanmayıb və siyasi məhbus ilə məsələsi məşğul olan aparıcı fiqurlar bu prosesdən kənarda saxlanıb.

Eyni zamanda, Qrupa daxil edilmiş iki parlament üzvü Səməd Seyidov və Əli Hüseynli Azərbaycanda siyasi məhbus olmadığını açıq bəyan edib və son vaxtlar həbs olunan hüquq müdafiəçilərini qanunu pozmaqda ittiham edən şəxslərdir ki, bu da onların obyektiv və balanslı yanaşma sərgiləyəcəklərini şübhə altına alır.

Qrupda müstəqil səslərin və insan hüquqları məsələləri ilə tanış olan insanların iştirak etməməsi bu qrupun bəyan edilmiş məqsədinə xələl gətirir.

Siyasi məhbuslar arasında keçirilmiş qeyri-rəsmi sorğunun nəticələri göstərir ki, işçi qrupunda olan şəxslərin böyük əksəriyyəti (90 faizi) qeyri-obyektiv hesab olunurlar.

10-dan çox  siyasi məhbus (İlqar Məmmədov, Tofiq Yaqublu, Leyla Yunus, İntiqam Əliyev, NİDA-çı gənclər və s.) ərizə imzalayaraq, hökumətin nəzarətində olan QHT-lərin siyasi mənfəət əldə etmək – yəni, hökumətin repressiv siyasətini ört-basdır etmək məqsədi ilə onların işlərini təhrif etmək cəhdlərindən narahat olduqlarını bildiriblər.

Müraciət müəllifləri tanınmış jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayılovanın oktyabrın 21-də işçi qrupda iştiraka rəsmi dəvət alsa da, görüşün keçirildiyi gün onun iştirakına icazə verilmədiyini qeyd edirlər.

Müraciətdə həmçinin deyilir ki, İşçi Qrupun katibi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun sentyabr ayında Varşavada keçirilən son iclasında Azərbaycanın insan hüquqlarını müdafiə sahəsində fəaliyyət göstərən QHT-lərini “çirkli pulların yuyulmasında və şəffafflığın olmamasında” ittiham edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov təyin olunub.

O, həmçinin hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı repressiyalarına haqq qazandırırdı.

İşçi qrupun real məqsədi siyasi məhbus üzrə həmməruzəçinin rolunu azaltmağa hesablanıb. Çünki bu məsələ üzrə həmməruzəçi hesabat hazırlayacağı üçün bu qrupun əsas işi həmin hesabata müstəqil səslər adı altında hökumətin istədiklərini əlavə etdirməkdir.

Bütün bunlar hakimiyyətin vətəndaş cəmiyyəti ilə real dialoqa başlamaq niyyəti olmadığını göstərir.

“Avropa Şurası və iştirakçı dövlətlər bu vəziyyətə biganə qalmamalıdırlar. Azərbaycanın vətəndaş cəmiyyəti həyəcan təbili çalır. Avropa Şurası bu çağırışa cavab verməlidir”, deyə bəyanatın sonunda vurğulanır (Turan).

Добавить комментарий