Azərbaycanda qadınlar niyə icra hakimi, nazir ola bilmirlər?

“Azərbaycanda qadınların da dövlət strukturlarında yüksək vəzifələrdə yer almasına imkan yaradılmalıdır. Bu ona görə vacibdir ki, qadınlarımızın liderlik potensialı yüksəkdir, onların bu üstünlüyündən ölkənin yüksəlişi üçün istifadə olunmalıdır. 1992-ci ildə Azərbaycan siyasi hüquqlar üzrə beynəlxalq konvensiyaya qoşulub. Vacib sənədə görə, dövlət idarəçiliyində kişilər qədər qadınlar da yer almalıdırlar. Təəssüf ki, bu gün qadınlarımız da kişilər qədər siyasi arenada çıxış edə bilmir.”

Bu barədə Dilarə Əliyeva adına Qadın hüquqlarının müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qadın QHT-nin milli konqresində çıxış edərkən bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, qonşu Gürcüstanda qadınların hüquqlarının tanınması dövlət idarələrində təsdiqini tapır:

“Belə ki, orada həm qanunvericilik, həm də icraedici orqanlarda qadın məmurlar üstünlük təşkil edir. Bizdə isə qadınların siyasi biliklərindən, təcrübəsindən yararlanmaq arxa plandadır. Qadınların siyasi hüquqları ilə bağlı qanunvericiliyin işləmə mexanizmi zəifdir. Axı nə üçün idarəçilik sistemində qadın liderlər kişilərdən arxada qalmalıdırlar? Bu gün rayon icra hakimi vəzifələrində kişiləri görmək qəlib halına çevrilib. Axı qadın icra hakimi yaşadığı və nəzarətində olduğu rayonun halına daha çox yana bilər, ən azı qadın səliqəsini göstərər”.

Cəmiyyət sədrinin fikrincə, Azərbaycanda qadın və kişi bərabərliyi ilə bağlı milli strategiya dəyişilməlidir:

“Ən əvvəl ölkədə dövlət səviyyəsində qadın liderlik məktəbləri fəaliyyətə başlamalıdır. 1997-ci ildən bu günə qədər layihə səviyyəsində belə məktəbləri keçirmişik və bəhrəsini görmüşük. Yeni yaradılacaq dövlət məktəblərində 21-45 yaş arası xanımlara beynəlxalq təcrübə, biliklər, siyasi mədəniyyət öyrədilməlidir. Bunun ardınca dövlət idarəçilik sistemində qadınların da xidmət etməsi üçün kvota ayrılmalıdır. Bu mümkün vəzifələr qadınların vətəndaş cəmiyyəti quruculuğunda öz sözünü deməyinə daha çox imkan yaradacaq. Yaxında təkliflərlə bağlı rəsmi müraciət hazırlanacaq.”

bastainfo.com

Добавить комментарий