Çempionu necə şərlədilər? – Şok izahatlar

Cəmiyyətdə ədalətsizlik varsa, bu, hər kəsi öz ağuşuna ala bilər – fərqi yoxdur, sən cinayətkarsan, yoxsa nümunəvi vətəndaş. Günahsız olaraq həbsdə yatanlar da təkcə müxalifətçilər deyil bu məmləkətdə.  “Ədalətsizlik” adlı ət maşını işləyirsə, bura hər kəs düşə bilər. Mərdimazara rast gəlibən, bu ət maşınına düşənlərdən biri də Azad Məmmədovdur.

Azad Məmmədov 1974-cü ildə Şəkidə anadan olub. Bakı Dövlət Universitetində təhsil alıb. Qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısıdır, beynəlxalq yarışda erməni döyüşçünün əngini əzən idmançıdır. Azad həm də Qarabağ veteranıdır, torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə olub – Qubadlı, Ağdərə və digər rayonlarımızın müdafiəsində iştirak edib. Amma bu gün həbsdədir – şərin qurbanı olaraq dələduzluqda ittiham olunub, ədalətsiz qərarla 10 il müddətinə azadlıqdan məhrum odilib, 13 saylı cəzaçəkmə müəssisəsində cavan ömrünü çürüdürlər onun.

Azad Məmmədov istintaqda və məhkəmədə onun üzünə duran “zərərçəkənlərin” və “şahidlərin” ifadələri əsasında məhkum edilib. İllər keçdikdən sonra idmançının cavan canına qəsd etdiklərini anlayan və vicdan əzabı çəkən bu adamlar sonunda həqiqəti açıb danışıblar – hətta istintaqda və məhkəmədə Azad Məmmədova qarşı yalan ifadə verdiklərini rəsmi izahatlarla təsdiqləyiblər. Bu yalanı kimin şantajı nəticəsində və nə üçün deməyə məcbur olduqlarını əsaslandırıblar. Amma Azad Məmmədov 2009-cu ildən bu yana hələ də həbsdədir…

“Basta”ya Azad Məmmədova qarşı hökmün əsassız olduğunu sübut edən və Ali Məhkəməyə ünvanlanmış rəsmi izahatlar daxil olub. Bu izahatları təqdim etməzdən öncə oxuculara onu aydınlaşdıraq ki, Azad Məmmədov tam təsadüfən tanış olduğu və dəllallıqla məşğul olan “iş adamı” Sahibə Həsənovanın şantajının qurbanı olub.

Azad Məmmədovun qohumlarından biri “Basta”ya bunları danışıb: “Tanınmış idamançı kimi geniş əlaqələrə malik olan Azad Məmmədov iki dəfə Sahibə Həsənovanın  xahişlərini yerinə yetirib. Sonradan Sahibə Həsənovanın cəncəlli pir persona olduğunu görən Azad ondan uzaq durmağa çalışıb. Növbəti xahişi yerinə yetirmədiyi üçün Azadı hədələyib. “Mən istəsəm səni tutduram” deyən Sahibə Həsənova prinsipə gedib. Sahibə Məmmədovanın bir neçə nəfərə borcu varmış. O, borclu olduğu adamlara deyib ki, əgər məhkəmədə Azad Məmmədovun üzünə dursanız, borcumu qaytararam. Həmin adamlar əvvəl razılaşmayıblar. Amma sonra batmış pullarını geri ala bilmək üçün məhkəmədə Azad Məmmədova qarşı ifadə verməyə razılaşıblar. Məhkəmə hökm çıxarıb. İndi həmin adamlar rəsmi izahatla verdikləri ifadənin yalan olduğunu təsdiqləyiblər, amma buna baxmayaraq Azad Məmmədov həbsdə saxlanılır”.

Sizə aşağıda təqdim etdiyimiz 3 müxtəlif şahid ifadələrinin məğzi təqribən eynidir:

“… Sahibə Məmmədova məndən əlavə 10 000 manat pul aldı. Sahibə bu pulları qaytarmadı… Mən pulu tələb etdikdə, o mənə bildirdi ki Azad adlı birinin üzünə durmalıyam və deməliyəm ki, mən pulu Memar Əcəmi stansiyasının yaxınlığında Sahibə Həsənovaya verdikdə, güya Azad da orda olmuşdur və Sahibə həmin pulu mənim yanımda Azada vermişdir. Mən əvvəlcə istintaqa və məhkəməyə yalan ifadə vermək istəmədim və onun bu tələbindən imtina etdim. Lakin sonradan Sahibə mənə dedi ki, pulumu almaq istəyirəmsə, mütləq onun dediklərini etməliyəm. Eyni zamanda o, məni əmin etdi ki, əgər onun dediyi kimi edib, Azadın üzünə dursam, oğlu Elçin və Daxili İşlər Nazirliyində işləyən qızı Ceyhunə mənə lazımi köməkliyi edəcəkdir…”.

İzahatların tam mətnini fotolardan oxuya bilərsiniz:

Bəsdi İsmayılovanın izahatı: “Allah qarşısında özümü günahkar hesab edirəm”

Gülxarə Səfərovanın izahatı: “Yalançı şahidlər Azadın məhkəmədə nahaqdan üzünə duraraq onu tutdurub”.

Həqiqət Yusibovanın izahatı: “Hamının pulunu Azad yox, Sahibə mənimsəmişdi… Məndən tələb edirdi ki, 11 000 manat pulun əvəzinə, 40 000 minat verdiyimi yalandan deyim. Lakin onunla razılaşmadım və o, bu günə kimi mənim pulumu qaytarmayıb…”

Bu izahatlar həm notarial qaydada təsdiqlənib, həm də rəsmən Ali Məhkəmə təqdim olunub.

Aşağıdakı ərizə isə Sahibə Həsənovanın digər qızı Gülxar Sadıqovaya məxsusdur. Ölkə başçısı İlham Əliyevə ərizə yazan Gülxar Sadıqova anasının obrazına faktiki olaraq tam aydınlıq gətirib: “… Anam Sahibə Həsənova hər dəfə kimisə qorxutmaq və ya özünü öymək istəyərkən fəxrlə deyirdi ki, mən Azad Məmmədov kimi adamı həbs etdirmişəm, indi türmədə çürüyür, siz kimsiz ki!”

Göründüyü kimi şantajçı tam ifşa olunub. Qalıb onun qurbanının həbsdən azad edilməsi. Əlbəttə, 7 il günahsız həbsdə yatmasının təzminatı və həqiqi günahkarların cəzalanması da öz yerində…

Bununla bağlı Azad Məmmədovun vəkili Adəm Məmmədov Ali Məhkəmənin plenumuna rəsmi müraciət ünvanlayıb. İndi günahsız olaraq həbsdə yatan Azad Məmmədov və onun doğmaları plenumdan ədalətli qərar gözləyirlər…

“Basta”ya Sahibə Həsənovanın başqa cinayət əməlləri, hətta adam öldürməsi haqqında da rəsmi iddia təqdim olunub. Mövzuya qayıdacayıq…

Mustafa Hacıbəyli, bastainfo.com

Добавить комментарий