Devalvasiya böhranından çıxış varmı?

                                                           

Azərbaycan 10 aydan sonra ikinci devalvasiyanı yaşadı. Hakimiyyət bunun adını ”idarə olunan üzən məzənnə” qoysa belə, bunun adı “üzən məzənnə” yox, devalvasiyadır. Əslində manatın sərbəst buraxılması çoxdan baş verməliydi və bu iqtisadiyyatımızın geriləməsinə deyil, inkişafına xidmət etməliydi. Amma nə yazıq ki, hakimiyyətin korporativ maraqları hesabına bu proses ləngidi və iqtisadiyyatımız tənəzzülünü yaşayan zaman süni şəkildə manat ucuzlaşdırıldı. Səbəb nə idi? Niyə Azərbaycan iqtisadiyyatı inkişaf etmək əvəzinə tənəzzülə uğrayır? Bir çoxları, o cümlədən hakimiyyət, səbəbi dünyada baş verən hadisələrə, dünya güclərinin mübarizələrinə, qlobal böhrana bağlayır və bunda özlərini suçlu görmürlər. Doğrudur, dünyada “qaynama” var. Neftin qiyməti gündən günə düşmədədi. Amma bu heç də bütün dövlətlərin iqtisadiyyatına çökürdücü zərbə vurmur, onların valyutalarının 10 ayda 100% ucuzlaşmasına səbəb olmur. Səbəb çox sadədir: normal iqtisadiyyatı olan ölkələr öz büdcələrini yalnız bir sahədən gələn gəlirlərin üstündə qurmur. Azərbaycan hakimiyyəti iqtisadiyyatımızın, demək olar ki, tamamını (93,7%) neftdən gələn gəlirlər üstündə qurduğuna görə bu gün dünya bazarında neftin qiyməti oynadıqca ölkəmizin iqtisadi durumu da eyni amplitudla “oynayır”.

Azərbaycan hakimiyyətinin rəsmiləri öz çıxışlarında dekabrın 21-də elan etdiklər devalvasiyanın zəruri olduğunu və bunu neftin qiymətinin kritik həddə düşməsi, ABŞ dollarının bahalaşması ilə əlaqələndirdilər. Əgər neftin ucuzlaşmasının manatın dəyərdən düşməsinə təsiri varsa, dolların bahalaşmasını səbəb göstərmək absurddur və çox savadsız bəhanədir. Hər bir ölkənin valyutası onun iqtisadiyatına bağlıdır və gücünü də idxalla ixracın balanslaşdırılmasından alır. Bu gün dövlətin gəlirləri sırf neftin ixracından asılıdırsa, artıq bu ixracın həcmi və gəliri kritik dərəcədə azalıbsa, buna görə məsuliyyət sahibi olan dövlət mənsubları dünyanı yox özlərini, yarıtmazlıqlarını, səriştəsizliklərini qınamalıdırlar.

Zamanında, neftdən gələn gəlirlər yüksək olanda həmin gəlirlərdən istifadə edərək ölkənin qeyri-neft sektorunu inkişaf etdirsəydilər, çöküşə getməyə bu qədər yaxın olmazdıq. Yenə də gec deyil. Yenə də çıxış yollları var. Amma bunun üçün ilk növbədə siyasi iradə lazımdır.

Çıxış yollarından bir neçəsini burda yazmaq istərdim. Zənnimcə, bu təklifləri müzakirə edib ən azından düşünməyə dəyər.

İlk olaraq ölkədə siyasi stabilliyə nail olmaq lazımdır. Demokratik dünya ilə münasibətlərin normallaşdırmaq əvəzinə onları qınamaqla, sanksiyalarla hədələməklə nə hakimiyyəti uzatmaq mümkündür, nə də ölkədə proqresə nail olmaq. Ona görə də ilk olaraq siyasi islahatlardan başlamaq lazımdır.

Beynəlxalq təşkilatların siyahısında olan bütün siyasi, vicdan məhbusları qeyt-şərtsiz azad olunmalıdır. (Bu, ən azından, dünyada müsbət qarşılanacaq və Beynəlxalq aləmdə imicimizə dividentlər gətirəcək addım sayılacaq). Ölkədə monopoliya ləğv edilməlidir. Bu necə baş verəcək?

Hökümət tamamən istefaya göndərilməli, ölkənin bütün siyasi elitasını, müxalifəti araya toplayaraq yeni keçid höküməti formalaşdırılmalı, yeni formalaşan keçid höküməti nəzdində yaradılacaq komitələrin səlahiyyətlərini təsdiq etmək keçid hökümətinin idarə heyətinə həvalə edilməlidir.

Parlament buraxılmalı, ölkədə yeni parlament seçkiləri keçirilənə kimi Konstitusiyada dəyişikliklər (parlamentin majoritar deyil, proporsionla qaydada təşkil olunması, icra hakimiyyətinin prezidentdən alınıb yeni parlamentdə seçiləcək hökümətə verilməsi, prezidentin parlament tərəfindən seçilməsi) edilməsi üçün referendum keçirilməldir. Ölkədə köklü siyasi islahatlar keçirilməsə, nəinki iqtisadi irəliləyişə nail olmaq mümkün deyil, hətta tam tənəzzül qaçılmazdır.

Bütün bu islahatlar ölkəyə nə xeyir verə bilər?

İlk olaraq gömrük üzərində nəzarət güclənər və ölkəyə gələn, gedən mallardan yığılan gömrük rüsumu ayrı-ayrı şəxslərin cibinə deyil, dövlət büdcəsinə cəmlənər. Sonra isə daxili istehsalın təşkil olunması üçün nəzarət mexanizmi formalaşmış olar və korrupsiyanın qarşı alınar.

Ölkədə monopoliya və korrupsiya üçün münbit şərait aradan qaldırıldıqdan sonra inkişafın ilk cücərtilərini görməmək mümkün olmayacaq. Aradan qaldırılan monopoliya illərdir yerində sayan kənd təsərrüfatının da inkişafını təmin etmiş olacaq. Kənd təsərrüfatının ölkədə söz sahibi olması üçün bir çox aparıcı ölkələrin təcrübəsindən yararlanmaq olar. Gömrükdə monopoliyanın və korrupsiyanın yığışdırlmasından gələn gəlirlərin çox kiçik hissəsi yetər ki, kənd təsərrüfatı inkişaf etsin. Biz öz ölkəmizdə əhalinin tələbatını ödəyə biləcək qədər taxıl, meyvə, tərəvəz, bostan məhsulları istehsal edə, hətta onun ixracı ilə də məşğul ola bilərik. Bunun üçün həm münbit torpaqlarımız, həm də uyğun iqlimimiz var. Dövlət kənd təsərrüfatına indiki kimi subsidiyalar verməklə deyil, fermerlərlə birbaşa sifarişçi kimi çıxış edərək inkişafa nail ola bilər. Necə ki, bunu bir çox aparıcı dövlətlər edib, edir və uğurlu nəticələrə də nail olublar.

Azərbaycanın istiqlalını, azadlıq və rifahını təmin edə biləcək iqtisadiyyat Müsavat Partiyasının proqramında öz əksini tapıb. Müsavata görə Müstəqil Azərbaycanda özünün zəngin təbii ehtiyatları və elmi texniki potensialı əsasında dinamik və yüksək səmərəli iqtisadiyyat formalaşır. Bu zaman hər bir vətəndaşa öz əməyindən faydalana bilmək üçün şərait təmin edilir. Müxtəlif mülkiyyət formalarının iqtisadi rəqabəti təmin olunur, xüsusi mülkiyyət və mülkiyyətin başqa formaları qanun qarşısında bərabər tutulur. Təşəbbüskarlıq və sahibkarlığın inkişafına yardım edilir.

Azərbaycanın kənd təsərrüfatı istehsalı ölkə əhalisini keyfiyyətli ərzaqla təmin edir, habelə kənara məhsul ixrac edir. Sənayedə ixrac yönümü əsas götürülür. Xammal ixracından yüksək əməktutumlu hazır məhsul ixracına keçilir. Enerji qaynaqlarından bütün Azərbaycan xalqının mənafeyinə istifadə olunur.  Ölkə iqtisadiyyatının açıqlığı və dünya təsərrüfatına səmərəli inteqrasiyası təmin olunur.

İqtisadiyyat bütün əhalinin sosial vəziyyətinin yüksəlməsinə xidmət edir. Müstəqil və demokratik Azərbaycanda heç kəs imkansız olmayacaq, sosial müdafiəyə ehtiyacı olanlar dövlət və cəmiyyətin himayəsini daim hiss edəcəklər.

Bütün bunların real olması üçün yalnız siyasi iradə yetməz, həm də biz xalq olaraq, toplum olaraq bunu istəməli, təkliflərin həyata keçməsi üçün mübarizə aparmalıyıq. Düşünürəm və əminəm ki, buna bizim iradəmiz də, istəyimiz də, mübarizliyimiz də kifayət qədərdir.

Hakimiyyət ya siyasi iradə nümayiş etdirərək ölkənin istiqlalını qorumaq, vətəndaşların rifahını yüksəltmək üçün köklü islaharlara getməlidir, ya da indiki səbatsız siyasətini davam etdirib ölkəni xaosa sürükləməlidir. Normal hakimiyyət birincini qəbul edər…

Rüfət Baxışbəyli

Müsavat Partiyası Məclisinin İqtisadiyyat və Sosial siyast komissiyasının üzvü

Arqument.az

Добавить комментарий