Dünyanın ən gözəl redaktoru…

Ramin DEKO
(Yazı tanınmış jurnalist Rövşən Hacıbəylinin 50 illiyinə yazılıb)
Yazıya baxır. «Deko bu nədir? O boyda yazı yazmısan qarşı tərəfin mövqeyi yoxdur. Mütləq qarşı tərəfi dindir”. Bu sözləri hər gün Rövşən müəlimdən eşidirəm. Üzümə baxanda hiss edirəm ki, ürəyində belə hiss keçir — Bu cür jurnalistika olmaz. Başqa yazı olsaydı sənin yazını verməzdim… Haqlıdır. Heç nə deyə bilmərəm.
Sosial şəbəkələrin birində hansısa bir yazıma Aydın Canıyev belə bir şərh yazmışdı: «Düzlüyü Rövşən Hacıyevdən (Hacıbəylidən) öyrən!”.
Düzlüyü, təmizliyi, səmimiliyi, əzilən insanın tərəfini saxlamaq yalnız Ondan (Onun kimi eyni mövqeni paylaşan insanlardan) gözləyirəm.
Hər addımbaşı haqqı tapdanan insanların, hətta HAQQI TAPDANANların haqqını müdafiə edən kəsimin HAQQI TAPDANAN da belə onları da müdafiə edir. Bu çox çətin işdir. İnsan neçə yerə bölünər? Öz problemini at bir kənara ÖZÜNKÜLƏRin problemi ilə maraqlan. Ya da ÖZÜNKÜLƏRLƏ savaşa çıx…
***
Rövşən müəllimlə bir neçə fotom var. Onlardan biri də Abbas Atilayın toyunda çəkdirdiyimiz şəkildir. Hər ikimizdə rumka, kiminsə sağılığına içirik. Bu şəkili dostlarımızdan biri «facebook”da paylaşmışdı. Səbəbkar Abbas elə həmin şəkilə belə bir şərh yazıb: «Dünyanın ən gözəl redaktoru ilə dünyanın ən gözəl talış reportyoru”.
Bəli, bir talış reportyorun dünyanın ən GÖZƏL REDAKTORUyla birlikdə olmasından, şənlənməsindən yaxşı nə ola bilər? Təbii ki, heç nə… Bunun yerini heç nə verə bilməz. Hətta İlham Əliyevin Dubay mülklərinin qiyməti bu füsunkarlığın yanında heçdir.
***
Tez-tez onunla evə gedirəm. Əslində evlərimizə gedən yol bir neçə kilometrdən sonra ayrılır. Amma bu, o biri YOLa təsir etmir. O YOLu çalışıram ki, elə onunla birgə, elə onun sayəsində qət edim.
Bir dəfə jurnalist dostlarımızdan biriylə söhbət edərkən məndən sordu:
— «Azadlıq”ın redaktoru kimdir?
— Rövşən müəllim…
— Hansı Rövşən? Hacıbəyli?..
— Hə.
— Nə gözəl. Azərbaycan mediasına hələ onun kimi qızıl insan, nə də qızıl redaktor gəlib. Qızıl redaktor gəlibsə, qızıl insan olmayıb, qızıl insan gəlibsə, qızıl… Çalış istifadə et ondan. Sözün yaxşı mənasında bacardıqca istifadə et…
***
«Azadlıq”ın 20 yaşı idi. Kiçik kollektivlə restoranların birində oturub yubileyimizi qeyd edirdik. Hamı növbə ilə söz deyirdi. Söz köşə yazarı Qan Turalıya çatdı. Ən yadda qalan tostlardan birini söylədi: «Xaliq Bahadırın 60 yaşı var. Hamı onun kimi yaşamaq istəyir. Bacaranlar da, bacarmayanlar da… Mən də istəyirəm 60 yaşıma çatanda desinlər ki, Xaliq Bahadır kimi yaşadı…”.
Bəli, Qan Xaliq bəyi nəzərdə tuturdu. Rövşən müəllimin qan qardaşı Xaliq bəyi. Bir YOLun yolçuları olan Hacıbəylilər…
Qanın o tostuna bir az korrektə etmək istəyirəm. 50 yaşıma çatanda mənim haqda da belə desinlər – Rövşən müəllimin yanında ola-ola onun kimi böyüdün… Onun kimi oldun…
***
Rövşən müəllimin 50 yaşı oldu. Uşaq vaxtı yadımda idi. Tibbdə 7 il təhsil alanlar diplomunu alanda belə deyirdilər – Bir insanın ömrü qədər oxuyub bunu aldım.
Yaxşı, bəs mən Rövşən müəllimin 50 yaşına nə ad verim? Bir insan ömrümü? Axı o 7 il üçün deyilib…
Yəqin 50 yaş üçün bunu demək olar. Hər kəsin yaşaya bilmədiyi ömür… Və hər kəsin yaşamaq üçün can atdığı bir ömür. Bəli, Rövşən müəllim yaşadığa həyat arxivi yalnız bunu ehtiva edir.
Ad günü mübarək, dünyanın ən gözəl redaktoru!
60-da görüşənədək…/Arqument.az
bastainfo.com

Добавить комментарий