İlham Əliyev İsveçrədə Serj Sarkisyanla görüşəcək

Şənbə günü İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün baş tutacağı bildirilir.

Ermənistan prezident aparatı görüşün gözlənildiyini təsdiqləyib. Azərbaycan prezident adminstrasiyasının mətbuat xidməti isə BBC Azərbaycancanın sorğusunu cavablandırmayıb.

Məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 18-də Bernə işgüzar səfərə gedəcək və bir gün sonra orada ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir. 1994-cü ildə tərəflər arasında atəşkəs bağlanıb.

Azərbaycan və Ermənistan Müdafiə Nazirlikləri ötən həftələr ərzində Dağlıq Qarabağda erməni və Azərbaycan silahlı qüvvələrinin qarşıdurma xəttində gərginliyin «son dərəcə artdığını» bildirirlər.

Ötən həftə Ermənistan tərəfi Azərbaycanın erməni qüvvələrilə sərhəd və təmas xəttində tanklar yerləşdirdiyini və 20 ildə ilk dəfə tanklardan atəş açdığını deyib.

Azərbaycan Müdafiə nazirliyi isə cavab olaraq bildirib ki, «Azərbaycan döyüş texnikasını istənilən yerdə saxlaya bilər. Hansı istiqamətdə hərəkət etmək Azərbaycanın səlahiyyətindədir».

bastainfo.com

Добавить комментарий