“İlham Əliyevin fikirlərində ciddi ziddiyyətlər var”

Arif Hacılı: “Proseslərin sonrakı gedişi də göstərdi ki, 2011-ci ilin əvvəllərində Bakıda baş verən hadisələrin dünya birliyi dövlətlərinə heç bir aidiyyatı yoxdur”

Prezident İlham Əliyevin 8 sentyabr müşavirəsində 2011-ci il aksiyaları ilə bağlı çıxışı bir sıra sualları gündəmə gətirdi. Dövlət başçısı həmin dönəmdə «ərəb baharı» olaylarını xatırladaraq bildirib ki, Yaxın Şərqdə baş verən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı: “2011-ci ildə və 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın yaşanmasından söhbət açırdı. Deyirdilər ki, bu, qaçılmazdır. Azərbaycanda vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışdılar. Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üzərini açıb. Azərbaycanda «Maydan hərəkatı» yaratmaq, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyon dollarlarla vəsait aşkarlanıb ki, qanunsuz yollarla yerli “Beşinci kalon” vasitəsi ilə QHT adı altında Azərbaycana gətirilsin və vəziyyət gərginləşsin, burada da bəzi dairələrin xidmətində olan insanları hakimiyyətə gətirsinlər ”.
2011-ci ilin 2 aprel aksiyasında həbs edilənlərdən biri də Müsavat Partiyasının başqanı Arif Hacılı idi. Dövlət başçısının çıxışının doğurduğu sualları Arif Hacılıya ünvanladıq.

— Arif bəy, prezident həmin hadisələrin xaricdən idarə olunduğunu bəyan etdi. Bu barədə nə deyə bilərsiniz?

— 2011-ci ildə «ərəb baharı» prosesinin başlanması ərəfəsində Azərbaycanda keçirilən parlament seçkiləri saxtalaşdırılmışdı. Bu saxtalaşdırma nəticəsində müxalifət bütövlükdə parlamentdən kənarda saxlanılmışdı. Eyni zamanda, həmin dövrdə bir sıra iqtisadi-siyasi narazılıqlar mövcud idi. Belə olan halda insanların azadlıqları uğrunda, həm də «ərəb baharı» proseslərindən ruhlanaraq islahatlar tələbi ilə küçələrə çıxması təbii idi. Proseslərin sonrakı gedişi də göstərdi ki, 2011-ci ilin əvvəllərində Bakıda baş verən hadisələrin dünya birliyi dövlətlərinə heç bir aidiyyatı yoxdur. Etirazlar yalnız ictimaiyyətin hakimiyyətin siyasətindən narazılığının təzahürü idi. Elə Əliyevin də etiraf etdiyi kimi prosesin qarşısı zorakı üsullarla alındı, dinc yürüş-mitinqlərə imkan verilmədi. Eyni zamanda, hakimiyyətin etirazçıların arasına saldığı təxribatçılar vasitəsilə dükanların şüşələri sındırıldı, polislə toqquşma yaradıldı. Nəticədə cəmiyyətin fikirlərini ifadə edən, onların arzu və istəklərinin həyata keçməsi üçün mübarizəyə hazır olan şəxslər həbs edildi, ardınca partiyalara, ictimai təşkilatlara qarşı təqiblərə start verildi. Bu yolla etiraz dalğasının qarşısı müvəqqəti olaraq alındı. İndi də ictimai-siyasi durum gərginləşməkdə davam edir. Siyasi azadlıqlar həmin dövrlə müqayisədə daha da məhdudlaşdırılıb, siyasi məhbusların sayı artıb. Azərbaycan hakimiyyətinin cəmiyyəti zorakılıqla idarə etmək istiqamətindəki fəaliyyəti davam etməkdədir. Təbii ki, siyasi təqiblər, iqtisadi böhran şəraitində yenə də ciddi narazılıqların olması mümkündür. Hakimiyyətə tövsiyəm odur ki, bu dəfə 4 il əvvəl olduğu kimi proseslərin qarşısını zorakılıqla almaq niyyətinə düşməsin. Çünki bu cür siyasət bütün tələblərə cavab olaraq zorakı tədbirlər həmişə effekt vermir. Düşünürəm ki, Azərbaycanda da bu cür siyasi idarəetmə effektiv sayıla bilməz. İndi narazıların sayı əvvəlki illərdə olduğundan daha çoxdur və insanların itirəcəkləri bir şey də qalmayıb. Belə olan şəraitdə ölkədə ciddi qarşıdurmaların olmaması üçün hakimiyyət xalqın arzu və istəklərinin yerinə yetirilməsi istiqamətində siyasi və iqtisadi islahatlar aparmaq yolu ilə real sabitliyin yaranmasına nail ola bilər.

— İlham Əliyev həmin dövrdə ölkədə sabitliyi pozmaq üçün xaricdən on milyonlarla vəsait ayrıldığını bildirib. Bu ittihama nə cavab verərdiniz?

— Ölkəyə hətta qanuni yolla daxil olan vəsaitlər də hakimiyyətin tam nəzarətindədir. Hakimiyyət hamıdan yaxşı bilir ki, Müsavat Partiyası heç vaxt kənardan maliyyə almayıb. 12 mart 2011-ci il aksiyası birbaşa Müsavatın qərarı əsasında keçirilib. 2 aprel mitinqinin də əsas təşkilatçılarından biri biz olmuşuq. Həmin olaylar zamanı müxalifət partiyalarına hər hansı maliyyə verilməsi iddiası tamamilə absurddur. Bu mitinqlərin əsas təşkilatçısı mən olmuşam. Həm də aksiyaların təşkilatçı kimi həbs edilmişəm. Dəfələrlə həbsxanada olduğum müddətdə də nə mən, nə ailəm, nə müdafiəmi təşkil edən qurumlar və vəkillərim heç zaman nə yerli, nə də beynəlxalq təşkilatlardan maliyyə vəsaiti almayıb.

— Siz Azərbaycan cəmiyyətinin narazı olduğunu bildirdiniz. Bu mənada insanlar yenidən küçələrə çıxıb etiraz edəcəkmi?

— İnsanların küçələrə çıxması, etiraz aksiyalarının keçirilməsi normal haldır. Demokratik ölkələrdə insanlar öz haqları üçün meydanlara çıxıb etiraz edirlər. Yalnız Şimali Koreya, Çin, Türkmənistan kimi ölkələrdə nümayişlər keçirilmir. Ona görə də mitinq-yürüşlərin keçirilməsini sabitliyin pozulması kimi dəyərləndirmək doğru deyil. Bu yanaşma avtoritar təfəkkürün nəticəsidir. Kütləvi aksiyaların olması labüddür, çünki insanlar yalnız siyasi hüquqların məhdudlaşdırılması yox, eyni zamanda, ciddi iqtisadi problemlərlə də üzləşiblər. Ölkə iqtisadiyyatınin bütün sahələrində monopoliyanın mövcudluğu, korrupsiyanın rekord həddə çatması insanların minimum yaşayış tələbatlarının ödənilməsində problemlər yaradır. Hakimiyyətin iqtisadi siyasəti nəticəsində ölkə əhalisinin əksəriyyəti banklara borcludur. Təbii ki, bu narazılıqların nə vaxtsa üzə çıxıb kütləvi etiraza çevriləcəyi gözləniləndir.

— Əliyev müşavirədə iqtisadi baxımdan həm xoşagəlməz mənzərənin yarandığını, həm də iqtisadi yüksəlişin olduğunu dedi. Bu fikirləri necə şərh edərdiniz?

— İlham Əliyevin fikirlərində ciddi ziddiyyətlər var. Dövlət başçısı əvvəllər dünyadakı böhranın Azərbaycana təsir etməyəcəyini, manatın dəyərinin düşməyəcəyini, inflyasiyanın olmayacağını demişdi. Amma dünya iqtisadi böhranı Azərbaycanda da özünü ciddi şəkildə büruzə verir və manat xeyli dərəcədə dəyərdən düşüb. Bu proses davam edəcək. Hazırda Azərbaycanda qiymət artımı bir sıra Avropa ölkələrində olduğundan daha sürətlə gedir. İnsanların minimum tələbatlarının ödənilməsi ciddi problemə çevrilib. Bu baxımdan Azərbaycanın inkişafından danışmaq düzgün deyil. İndi bütün sahələrdə durğunluq və geriləmə göz önündədir. Hesab edirəm ki, bu cür yanaşma və ritorika siyasi- iqtisadi problemləri nəinki həll edəcək, əksinə, iqtisadi böhranın nəticələri ölkə üçün daha acınacaqlı olacaq.

Meydan.TV

Добавить комментарий