Kərəm Mustafayevlə bağlı daha bir xəbər

Mətbuat  ordu komandanı ətrafında baş verənlərə aydınlıq gətirilməsi üçün Müdafiə Nazirliyinə sorğu yolladı

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin hərbi hissənin açılışına buraxılmaması xəbəri yayılıb. Xəbərə görə, yanvarın 2-də Naxçıvanda yerləşən N saylı hərbi hissənin əsaslı təmirindən sonra təntənəli açılış mərasimi olub. Açılışı Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov edib. 
Kərəm Mustafayev isə mərasimə buraxılmayıb. Məlum olub ki, Mustafayev hələ vəzifəsində saxlanılsa da, əslində bütün səlahiyyətləri dondurulub. Aznews.az yazır ki, general-leytenanta bu yaxınlarda verilən bahalı “BMW” markalı avtomobili də əlindən alınaraq, Müdafiə Nazirliyinə təhvil verilib. 
Bildirilir ki, artıq bir aya yaxındır ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu yoxlanılır və ciddi qanun pozuntuları aşkarlanıb. Mustafayev barədə rəsmi qərarın verilməməsi isə yoxlamaların tam yekunlaşmaması ilə  bağlıdır. Qeyd edək ki, general ətrafında müəmmalı olaylar bir müddətdir ki, başlayıb. Dekabrın sonlarında K.Mustafayevin saxlanılması xəbərinin ardından onun qardaşı Nemət Mustafayevin də həbsi xəbəri yayılıb. 
Eyni zamanda Kərəm Mustafayevin həyat yoldaşı İlhamə Mustafayevanın da problemlərlə üz-üzə qalması barədə məlumatlar dolaşır. Bildirilir ki, İ.Mustafayeva 1 noyabr parlament seçkilərində 45 saylı seçki dairəsindən Naxçıvan MR Ali Məclisinə deputat seçilsə də, onun deputatlıq fəaliyyətinin ömrü qısa olub. K.Mustafayevin ətrafında gizli həbslər həyata keçiriləndən sonra İ.Mustafayevanın Ali Məclisə buraxılmasına yasaq qoyulub. Bir neçə gün əvvəl isə Kərəm Mustafayevin maliyyə xidməti rəisi polkovnik Elşad Rzayev tutulub. E.Rzayev K.Mustafayevin ən inanılmış adamlarından biri olub, məlumata görə, uzun illər maliyyə xidmətinə rəhbərlik edib. Digər məlumata görə, polkovnik E.Rzayevin həbsindən sonra Əlahiddə Ümumqoşun Ordusunun daha bir yüksək rütbəli zabiti Əli Əsədov vəzifəsindən və ordudan uzaqlaşdırılıb. Ə.Əsədov da Kərəm Mustafayevə yaxın zabitlərdəndir. Rəsmi vəzifəsi poliqon rəisi olsa da, o, Əlahiddə Ordunun tikinti-quraşdırma işlərinə nəzarət edən şəxslərdən biri olub.
“Yeni Müsavat”in əməkdaşı yayılan xəbərləri dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinə informasiya sorğusu ilə müraciət edib. Sorğuda aşağıdakı suallara aydınlıq gətirilməsi xahiş olunub:
1. Kərəm Mustafayev hər hansı bir iş üzrə istintaqa cəlb olunubmu? Olunubsa, hansı iş üzrə cəlb olunması haqda bilgi verin. İstintaq dövründə tutduğu postdan uzaqlaşdırılıb-uzaqlaşdırılmamasına aydınlıq gətirin. 
 
2. Yayılan məlumatlardan belə aydın olur ki, yanvarın 2-də Naxçıvanda yerləşən N saylı hərbi hissənin əsaslı təmirindən sonra təntənəli açılış mərasimi olub. Həmin mərasimdə Kərəm Mustafayevin iştirak etməməsi nə ilə əlaqədardır? 
 
3. Kərəm Mustafayevin xidməti avtomaşınının alınması, istifadəsinə qadağa qoyulması xəbəri var. Bu xəbər nə dərəcədə doğrudur?  
 
4. Kərəm Mustafayevin qardaşı Nemət Mustafayevin mülki şəxs olsa da, Naxçıvandakı hərbi hissələrin tikintisi ilə məşğul olduğu və yeyintilərə yol verdiyi üçün saxlanılması haqda məlumat var. Belə bir hal varmı? Varsa bu haqda bilgi vermənizi xahiş edirik. 
 
5. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti, maliyyə xidməti rəisi polkovnik Elşad Rzayevin tutulması haqda məlumat var. Bu məlumat nə dərəcədə doğrudur? Həbs olunubsa, bu haqda bilgi vermənizi xahiş edirik.
 
6. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun daha bir yüksək rütbəli zabiti Əli Əsədovun vəzifəsindən və ordudan uzaqlaşdırılması xəbəri var. Bu xəbər nə dərəcədə doğrudur?
İnformasiya sorğusuna veriləcək cavabları da təqdim edəcəyik.
bastainfo.com

Добавить комментарий