Məkkədən uzaqda

Alya Yaqublu

Şərqdən Qərbə axışan insansanların sayı durmadan artır. Həm də kəskin şəkildə və anormal sürətlə. Sanki milyonlarla adama qəfildən zəlzələ xəbərdarlığı ediıib və onlar hamısı birdən baş götürüb qaçmağa başlayıblar. Həm də qanlı çəkişmələrin dünən başlamadığı ölkələrdən. O ölkələrdən ki, tayfa və məzhəblərin hakimiyyət üstündə davaları artıq bir neçə ildi gedir və pisnsipcə, belə böyük köç həmin konfliktlərin başlanğıcında olmalıydı. Düzdü, demək mümkündü ki, bu qədər uzun çəkən müharibələr artıq insanları bezdirib və onlar doğma torpaqları tərk eləmək qərarına gəliblər. Amma söhbət milyonlardan getdiyi üçün təəccüblənməmək olmur — bu qədər adamın hamısı eyni vaxtdamı verib bu qərarı? Davamlı terror aktlarına və hətta bitməyən vətəndaş müharibələrinə ənənəvi reaksiya həmin ölkələrdən köç prosesinin başlaması sayıla bilər, necə ki, artıq bir neçə iıdi başlayıb. Bəs son həftələrdə ortaya çıxmış bu insan seli hardan əmələ gəldi? Niyə birdən-birə bu qədər çox oldu qaçanların sayı. Həm də təkcə Suriyadan yox, Yaxın Şərqdən, o cümlədən Afrika ölkələrindən də. Niyə, məsələn, iraklılar və əfqanıstanlılar da məhz indi və məhz bu sayda qaçırlar ölkələrindən? Oxuduğum xəbər və materialların heç birində bu sualın məntiqli cavabına rast gəlmədim. Siyasətçilər bu haqda ümumiyyətlə heç nə demirlər. Daha doğrusu, o hayda deyillər. Onlar kütləvi şəkildə sulara «atılmış» milyonları xilas eləmək, yerləşdirmək və yedizdirməklə, «müdrik» Şərqin Qoca Avropaya transfer etdiyi fəlakətin həlli yollarını axtarmaqla məşğuldular. Problemin səbəbləri də, siyasi, maddi və mənəvi nəticələri də sonra araşdırılacaq.. Bu günsə bu problem daha çox ehtimallar üzərindən şərh edilir və həmin ehtimallardan biri də budu ki, Avropaya kütləvi miqrasiya prosesində maraqlı olan böyük maliyyə boslarıdı, insanların belə böyük bir köçə təşviq edilməsi onların əməlidi, məqsəd Avropanın «doymuş» istehlak bazarına yeni alıcılar gətirməkdi. Prinsipcə, çox da ağlasığmaz fikir deyil. Adəm övladı var-dövlət uğrunda savaşları Allahın adına calamağa utanmayıbsa, bu varianta da «Yox əşi, dünyasında ola bilməz!» deyə bilmərik. Əksinə, şübhələnməyə, hətta ciddi şəkildə şübhələnməyə nə qədər istəsən əsas tapmaq mümkündü. O ayrı məsələ ki, Avropanı mədəniyyətlərin savaşı təhlükəsinə sürükləyən bu çox riskli «biznes-planın» ziyanı xeyrindən qat-qat çox ola bilər. Yeri gəlmişkən, Avropaya köç barədə ictimai rəydə yaranmış təsəvvür doğru deyil. Qaçqınların çox az hissəsi xristian ölkələrinə gedə bilib. Amnesty İnternational Təşkilatının məlumatına görə, hazırda Suriya qaçqınlarının 95%-i 5 ölkənin — Türkiyənin (2 milyon nəfər), Livanın (1,2 milyon nəfər), İordaniyanın (650 min nəfər), İrakın (249 min 463 nəfər) və Misirin (132 min 375 nəfər) ərazisində yerləşdirilib (04.09.2015 tarixinə olan məlumat). İndi Livanda 5 adamdan biri, İordaniyada əhalinin 10%-i Suriya qaçqınıdı. Livandakılar adambaşına ayda 13,50$ yardım alırlar, İordaniyadakıların 80%-i kasıblıq həddindən aşağı səviyyədə yaşayır. Fars körfəzi ölkələri — Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn qaçqınlar üçün «sıfır yer ayırıblar». Qaçqınlar öz ölkələrindəki mütiliyə — bu gün yaşadıqları zillətin əsas səbəbkarı olan susqunluqlarına sadiq qalaraq buna etiraz eləmirlər.

Baxmayaraq ki, Məkkə o tərəflərdədi.

Добавить комментарий