MSDM hakimiyyəti ATƏT müşahidəçiləri ilə bağlı qərarı dəyişməyə çağırır

Milli Strateji Düşüncə Mərkəzinin məlumatı

MSDM hakimiyyəti ATƏT müşahidəçiləri ilə bağlı qərarı dəyişməyə çağırır

Bu gün – 17 sentyabrda  Milli Strateji Düşüncə Mərkəzinin növbəti toplantısı keçirilmişdir. Toplantıda bir sıra aktual problemlər, o cümlədən  ölkəmizdə getdikcə ağırlaşan sosial-iqtisadi vəziyyət, siyasi məhbuslar məsələsi, antidemokratik şəraitdə keçən seçki prosesi, beynəlxalq birliklə münasibətlərin gündən-günə gərginləşməsi  müzakirə edilmişdir.  Toplantı iştirakçılarını ən çox narahat edən məsələlərdən biri  işğal altında olan torpaqlarımızın bir qisminin azad edilməsi adı altında Rusiya ordusunun “sülhməramlı” qüvvələrinin ölkəmizdə yerləşdirilməsinə,  Qarabağın dağlıq hissəsinin Azərbaycandan birdəfəlik qoparılmasına və  dövlət  suverenliyimizin məhdudlaşdırılmasına gətirib çıxara biləcək bir planın mövcudluq əlamətlərinin artması olmuşdur. Müzakirələrdə çıxış edən ziyalılar və ictimai-siyasi xadimlər qeyd edilən problemlərin ölkəmizi böhran mərhələsindən çxılmazlıq mərhələsinə apara biləcəyini vurğulamışlar.

MSDM hesab edir ki, bütün bu mənfi tendensiyaların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər – ölkədə korrupsiya, rüşvətxorluq və inhisarçılığa, insan haqlarının kütləvi qaydada pozulmasına son qoyulması, əhalinin sosial-iqtisadi vəziyyətinin reabilitasiyası və haqq-ədalətin bərpası,  beynəlxalq birliklə münasibətlərin tənzimlənməsi və avroatlantik inteqrasiya   istiqamətində addımlar atılması zəruridir.

MSDM hakimiyyəti ilk növbədə xüsusi zaman və enerji tələb etməyən iki təcili qərarın qəbul edilməsinə çağırır:

1. Bütün siyasi məhbusların azad edilməsi;

2. 1 noyabrda keçirilməsi nəzərdə tutulan seçkilərin müşahidəsində iştirak etmək üçün ATƏT-in Varşava bürosunun əvvəlcədən təklif etdiyi kimi 380 müşahidəçinin ölkəmizə gəlməsinə razılıq verilməsi.

17 sentyabr 2015-ci il

Добавить комментарий