MSK daha iki müsavatçını seçkidən kənarda qoydu

Arzu Səmədbəylinin və Vəfa Cümşüdlünün şikayətləri təmin edilmədi

Bü gün Mərkəzi Seçki Komissiyasının iclasında Müsavatın deputatlığa namizədləri Arzu Səmədbəyli və Vəfa Cümşüdlünün namizədliklərinin qanunsuz olaraq qeydə alınmaması barədə şikayətlərinə baxılıb. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Mustafa Hacılının da iştirakı ilə keçirilən toplantıda DSK-nin qərarları qüvvədə saxlanılıb.

İclasda çıxış edən M.Hacılı bildirib ki, imza vərəqələri yoxlanılarkən DSK tərəfindən Seçki Məcəlləsinin 59 və 60 cı maddələri kobud şəkildə pozulub: «Arzu Səmədbəylinin namizədliyini qeydə almayan 8 saylı DSK, məhz hansı imzaları və niyə etibarsız saydığı barədə heç bir sübüt, sənəd təqdim etməyib. Seçki Məcəlləsinə görə, işçi qrupun rəyi və müvafiq protokol namizədliyin qeydə alınıb-alınmaması barədə qərardan ən azı 24 saat əvvəl namizədə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməli idi. Amma bizə indiyədək nə bu sənədlər, nə hansısa sübutlar təqdim edilib».

M.Hacıbəyli qəbul olunan qərarlardakı uyğunsuzluqlara da diqqəti cəlb edib: «İşçi qrupu 167 imzanı, DSK isə 153 imzanı etibarsız sayıb. Bundan sonra MSK bizim şikayətimizin predmetindən kənara çıxaraq, guya imzaların təkrar yoxlamasını həyata keçirib və bu dəfə guya 117 imzanın etibarsız olduğu deyilib. Bu rəqəmlərdəki uyğunsuzluq yoxlamanın hansı səviyyədə keçirildiyini deyir. Həmçinin protokolda yoxlanılmayan imzaların sayı 0 göstərildiyi halda, qərarda isə qeyd olunub ki, 394 imzanın hamısı düz çıxsa belə qeydiyyat üçün yetərli olmayacağı səbəbilə yoxlanılmamışdır. Burda əyləşənlərin çoxu hüquqşünasdır, hər kəs bilir ki, imzaların etibarsız olduğunu iddia edən tərəf öz iddiasını sübüt etməlidir. Əgər sizin əlinizdə etbarsız imza barədə sübüt varsa, niyə həmin sübutları təqdim etmirsiniz?»

MSK üzvü Akif Qurbanov da DSK qərarının qanunsuz olduğunu bildirib və şikayətin təmin olunmasını təklif edib. MSK sədri Məzahir Pənahov isə məsələnin hüquqi tərəfini bir kənara qoyaraq deyib ki, «etibarsız imzaların sayını sonradan azaldıblarsa, buna görə şikayət etmək yox, təşəkkür etmək lazımdır».

Bundan sonra məsələ səsə qoyulub, iki nəfər əleyginə, bir nəfər bitərəf olmaqla, MSK üzvləri DSK-nın qanunsuz qərarını qüvvədə saxlayıblar. MSK həmçinin Vəfa Cümşüdlünün namizədliyinin qeydə alınmaması barədə DSK-nın seçki qanunvericiliyini pozaraq qəbul etdiyi qərarı qüvvədə saxlayıb.

Arzu Səmədbəyli «Basta» əməkdaşı ilə söhbətində bu qanunsuz qərarın ləğv olunması məhkəmə çəkişməsinə başlayacağını və ədalətin bərpası üçün Avropa Məhkəməsinədək gedəcəyini bildirib.

bastainfo.com

Добавить комментарий