Müğənni Azərbaycanda korrupsiya, məmur özbaşınalığı və yaltaqlıqdan danışdı

Qismət Məmmədzadə: “Qorxaq yüz dəfə ölür, igid bir dəfə”

“Qalmaqallar sənət adamlarının beynini o qədər məşğul edib ki, onlar bir vətəndaş olduqlarını çoxdan unudublar”

“Bu ilin aprel ayından etibarən “facebook” səhifəmdəki müxalif yönlü paylaşımlarıma görə (sonradan bir güvənli mənbədən öyrəndim ki, ən çox da Məhəmməd Əmin Rəsulzadə ilə bağlı paylaşımlarıma görə) Azərbaycan telekanallarına mənimlə bağlı qadağa qoyulub. Bu hadisəyə görə əsla üzülmürəm. Çünki qadağanı qoyan məmur hər kimdisə bu qərarı ilə özü də bilmədən mənə böyük bir yaxşılıq etdi. Azərbaycan TV-lərində baş verən və hər gün bir az daha artan məddahlıqdan, yaltaqlıqdan və səviyyəsizlikdən məni kənarlaşdırdı”. Bu sözləri müğənni Qismət Məmmədzadə “facebook” hesabında paylaşıb. Q.Məmmədzadənin həqiqət dolu sözləri bir çox şübhələrə aydınlıq gətirir. Mövzunun aktuallığını nəzərə alaraq, Qismət Məmmədzadə ilə müsahibə eləməyi qərara aldıq.

— Qismət bəy, sizə efir qadağası qoyulması ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar nə qədər gerçəkdir?

— Məlumatı mən öz “facebook” səhifəmdə yaymışam. Sonra da bir çox xəbər portalları həmin məlumatı öz səhifələrində paylaşıblar. Yazdıqlarımın gerçəkliyinə gəlincə, bütün sözlərim tam gerçəkliyi əks etdirir. Əslində bu barədə yazmaq fikrim yox idi. Sadəcə olaraq məni sevən insanların «niyə efirlərdə yoxsunuz» kimi sualları o qədər çox oldu ki, nəhayət bir açıqlama vermək lazım olduğunu düşündüm.

— Adətən sənət adamları siyasətdən uzaq olduqlarını vurğulayırlar. Siz isə məhz siyasi düşüncənizə görə məhrumiyyətlər yaşadığınızı deyirsiniz…

— Məncə hər bir insan peşəsindən asılı olmayaraq, siyasətlə məşğul olmasa belə, ən azı onunla maraqlanmalıdır. Çünki, bir ölkədə baş verən siyasi proseslər bir başa o ölkənin xalqı ilə bağlıdır və xalqın həyatına təsir edir. Buna görə də heç bir vətəndaş siyasi proseslərə etinasız yanaşmamalıdır. Əgər hər hansı bir siyasi gediş onu qane etmirsə buna etirazını açıq şəkildə bildirməlidir. Amma bizdə çox təəssüf ki, insanlar hər şeyə biganədirlər. Təbii ki, söhbət hamıdan getmir. Amma xalqın çox hissəsi bugün M.Ə.Sabirin yaratdığı personajların mövqeyindədirlər. Yəni “qoy mən tox olum özgələr ilə nədi karim” məsələsi. Elə buna görə ölkədə bu qədər korrupsiya, məmur özbaşınalığı, rüşvət, yaltaqlıq və sairə kimi mənfi hallar baş verir. İnsanlar siyasəti yalnız siyasətçilərin öhdəsinə buraxsalar hələ vəziyyət bundan da pis olacaq. O ki, qaldı sənət adamlarına… bilirsiz məncə toylar və qalmaqallar onların beynini o qədər məşğul edib ki, onlar bir vətəndaş olduqlarını çoxdan unudublar. Ayrıca burda qorxaqlıq və yaltaqlıq faktorları da istisna deyil.

— Siz telekanalları tənqid etmisiniz. Sizcə telekanallarımız niyə bərbad vəziyyətdədir?

— Düşünürəm ki, niyəsi çox sadə və aydındır. Azərbaycan telekanalları konkret bir konsepsiyanı həyata keçirir. Bu konsepsiya da Azərbaycanda hər şeyə laqeyd, kitabdan uzaq savadsız, tarixindən xəbərsiz, aşırı dərəcədə çalıb-oxumağa meyilli və ən əsası siyasi proseslərlə maraqlanmayan bir toplum formalaşdırmaqdır. Bunu niyə edirlər? Səbəb yenə də sadədir. Çünki, belə insanları idarə etmək çox asandır. Və sizə deyim ki, bu gün artıq o toplum formalaşıb. Yetişən gənclik savadsızdır, kitabı sevmir, milli kimliyindən xəbəri yoxdur və sair. Amma təbii ki, istisnalar var. Düzdür faiz olaraq onlar çox azdırlar amma var və nə yaxşı ki, var.

— Azərbaycanda belə bir qayda formalaşıb, hakimiyyəti tənqid edənlər ciddi qadağalar yaşamalıdır. Siz bu qadağalardan qorxmursunuz, təzyiqlərə nə qədər hazırsınız?

— «Babək» filmində Əzrəkin dediyi bir söz var: «Qorxaq yüz dəfə ölür igid bir dəfə». Mən bu düşüncə ilə yaşayan adamam. Və həyatda hər bir əqidəsi olan insan belə olur. Düzdür çox vaxt dost,tanışdeyir ki, yazma, demə, nəyinə lazımdır? Amma mən heç kimə başa sala bilmirəm ki, bu məndən asılı deyil. Qısacası adam var Qalileo olur, adam da var Cordano Bruno…

— Siyasi tənqidlərinizə görə sənət baxımından təzyiqlər müşahidə etmisiniz?

— Sənət baxımından sadəcə efir yasağı qoyulub. Başqa bir şey yoxdur hələ ki. Ayrıca, başqa nə ola bilərdi ki?

— Təzyiq və məhrumiyyətlərdən sonra hansısa siyasi təşkilata üzv olmaq istərdiniz?

— Yox, istəmirəm. Daha doğrusu bəlkə başqa ölkədə yaşasaydım istəyərdim. Amma Azərbaycanda partiyada və ya təşkilatda olmağın nə mənası var ki? Heç birinin özünü xalqa tanıtmaq imkanı yoxdu. Çünki, onlara da efir qadağası var. Buna görə də hakim partiyadan başqa heç biri söz sahibi ola bilmir.

— Qismət bəy, Azərbaycandakı ümumi vəziyyəti necə xarakterizə edərdiniz?

— Azərbaycandakı ümumi vəziyyəti Hüseyn Cavidin «Azər» poemasından bir parça ilə xarakterizə etmək olar:

  • “Nə əcayib sürü, yahu, bunlar,
  • Öndə rəhbərlik edər meymunlar.
  • Cühəla elm, fəzilət satıyor.
  • Bizi həp aldadıyor, aldadıyor.
  • Kəndi əxlaqi sönükkən həpsi
  • Yeltənir verməyə əxlaq dərsi.
  • Sadə minbərdə deyil, hər yerdə
  • Göz boyar həp bu qaranlıq pərdə.
  • Hankı bir sərxoşu söylətdim, inan
  • Bəhs edər, gördüm o, huşyarlıqdan.
  • Nerdə beş kölgə görür ördəklər
  • Başlayıb nitqə həmən saz köklər.
  • Rəqsi təlim ediyor axsaqlar,
  • Əzəmət düşkünüdür alçaqlar.
  • Zövqə biganə səfillər bol-bol
  • Şerü sənətdə arar bir yeni yol.
  • Sadədil, hissə uyan abdallar,
  • Həp siyasi kəsilib at nallar.
  • Bir yığın kor qılavuzluq yaparaq
  • Göstərir zülməti aydın, parlaq.
  • Hər gülər üzdə ölüm, qan görürəm,
  • Pək yaxın dostları düşman görürəm.
  • Yurdu sarmış qabalıq, yaltaqlıq,
  • Yüksəliş varsa, səbəb alçaqlıq…”

“Xeber.İnfo”, Əli Mövlud

Добавить комментарий