Müsəlmanların Avropaya kütləvi köçü

9 ayda 350 mindən çox qaçqın sığınacaq üçün Avropa ölkələrinə mühacirət edib
İlin əvvəlindən bəri Aralıq dənizi vasitəsilə Avropaya köç edən mühacirlərin sayı 350 min nəfəri keçib.
“Basta” xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Cenevrədə dərc olunan statistik məlumatda 2015-ci il yanvarın 1-dən sentyabrın 1-dək Avropa qitəsinə 351 min 314 mühacirin gəldiyi qeyd edilir. Onların əksəriyyəti Yunanıstana (218 min 72 nəfər), İtaliyaya (114 min 276 nəfər) və İspaniyaya (2 min 165 nəfər) pənah gətirib.
Yunanıstana gələn mühacirlərin əsas hissəsi Suriyadan (88 min nəfər) və Əfqanıstandan (32,5 min nəfər) qaçan insanlardır. İtaliyaya pənah gətirənlərin arasında isə əsasən eritreyalılar (25,5 min nəfər) və nigeriyalılar (12 min nəfərə yaxın) üstünlük təşkil edir.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, ilin əvvəlindən Aralıq dənizində Avropaya keçməyə cəhd edən 2643 mühacir həyatını itirib.
BMT-nin uşaq fondu (UNICEF) son iki ayda sığınacaq üçün Avropaya üz tutanlar arasında qadın və uşaqların sayının artdığını bildirib. Hazırda Makedoniyada onların sayı bura köç edənlərin üçdəbirini təşkil edir.
Qeyd edək ki, qaçqınların əksəriyyəti əvvəlcə dəniz vasitəsilə Yunanıstana, İtaliyaya, yaxud Macarıstana çata bilsələr də, sonradan Avropanın daha inkişaf etmiş ölkələrinə üz tuturlar. Verilən məlumata görə, qaçqınların əksəriyyəti məhz Almaniyada sığınacaq almaq istəyir. Səbəb Almaniyada yaşayış səviyyəsinin daha yüksək olması, eləcə də mühacirələrə nisbətən daha böyük müavinətlərin verilməsidir. Avropa ölkələrinin qaçqınları bütün dövlətlər arasında proporsional bölüşdürülməsi cəhdlər isə qaçqınların narazılığına və bəzən qarşıdurmalara səbəb olur.

bastainfo.com

Добавить комментарий