Müsavat başqanı tabuları bərpa etməyi təklif etdi

Müsavat başqanı Arif Hacılı öz «facebook» səhifəsində Nardaran hadisələrindən yazıb. Həmin statusun mətnini olduğu kimi oxucularımıza təqdim edirik:

«Ayaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdırmaq bizə çox baha başa gəlmişdi. Azadlığımızla, hətta həyatımızla risk etmişdik. Məğlub olsaydıq, bizi məhv edəcəkdilər.

Lakin biz sonra Mütəllibovu təqib etmədik.

Televiziyanın canlı yayımında parlamentin tribunasından AXC adından çıxış edərək ona qarşı təqibin olmayacağını bəyan etdim.

Çünki cəmiyyətə barış lazım idi, həm də Mütəllibov fəaliyyətindəki bütün qüsurlara baxmayaraq hakimiyyətini qorumaq üçün xalqa qarşı silahlı qüvvələrdən istifadə qərarı verməmişdi.

Elçibəy «Mən əskərə, ya da polisə xalqa atəş aç»- əmri verə bilmərəm» — deyirdi. Vermədi də.

Bu tabu 95 ci ildə «OMON»- un ağ bayraq qaldıraraq təslim olduğunu bildirməsindən sonra gülləbaran edilməsi ilə aradan qalxdı.
Belə davranış bu gün də davam edir.

Nardaran kəndində azı 7 nəfərin həlak olması ilə nəticələnən silahlı əməliyyata biganə qalmaq, belə hadisələrin adiləşməsi ilə barışmaq olmaz.

Hakimiyyət Azərbaycan xalqına daimi yaşayış yeri Nardaran kəndi olmayan Taleh Bağırzadənin həbsinin bu kənddə həyata keçirilməsinin səbəbləri və bu əməliyyat nəticəsində vətəndaşlarımızın həlak olması ilə bağlı izahat verməlidir.»

bastainfo.com

 

 

Добавить комментарий