Məşhur YAP-çı Ramiz Mehdiyevi aşağıladı

 “İndi akademik olub…  halbuki, əgər fəlsəfənin kateqoriyalarını tam olaraq deyə bilsə, adımı dəyişərəm.”

YAP-ın məşhur simalarından biri olan Eldar Sabiroğlu Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və deputat Siyavuş Novruzov haqqında sərt açıqlama verib.

“Azpolitika.info” saytında dərc edilmiş açıqlamasında Eldar Sabiroğlu əvvəlcə Siyavuş Novruzovun onun haqqında fikirlərinə reaksiya verib və onu ciddi adam kimi tanımadığını bildirib: “ Səhv etmirəmsə, indi bir çoxları kimi məni də bəyənməyən bu adama 1993-cü ilin fevral ayında, partiyanın strukturu müəyyənləşdirilərkən təsərrüfat müdiri vəzifəsi tapşırıldı. Əli Həsənov ideologiya şöbəsinin, Əhliman Tağıyev təşkilat şöbəsinin, mən isə analitik informasiya və proqnozlaşdırma mərkəzinin rəhbəri təyin edildim. Siyavuş Novruzov indi deyir ki, filankəs ayrıdı, filankəs ayrı. Bu adamlar həmişə insanlara bu cür ayrı-seçkiliklə yanaşıblar. Soruşan yoxdu ki, bəs sən hansı hörmətə, nüfuza görə səs alırsan? Bəlkə elə düşünürsən ki, cəmiyyətdəki hörmətin adlarını çəkdiyin adamlardan üstündür?..

Özümə bağışlamadığım bir hadisədən danışmaq istəyirəm. Əhliman Tağıyev Prezident Aparatına işə getmişdi. Partiyanın təşkilat şöbəsinin müdiri vəzifəsi yeri boş qalmışdı. Günlərin birində hörmətli Əli Nağıyev yetişdirdiyi Siyavuş Novruzovun təşkilat şöbəsinə müdirliyinə namizədliyini irəli sürməyi məndən xahiş etdi. Əlbəttə, razılaşmasaydım da, bunu başqasının vasitəsilə edəcəkdi. Ancaq mən onun tapşırığı əsasında ürəklə Siyavuş Novruzovun namizədliyini iclasda irəli sürdüm. Əli müəllim sağ-salamatdır, Allah ömür versin, soruşa bilərsiniz. İndi Siyavuş Novruzov üçün haqqı danmağın heç bir əhəmiyyəti yoxdur. Ona çatdırmaq istəyirəm ki, bəyənmədiyi Eldar Sabiroğlu Əli Nağıyevlə birlikdə respublikanın o rayonu qalmayıb ki, partiya işilə məşqul olmasın. O isə o zaman belindən dizinəcən sallanmış zəncirdəki topa açarlarla qərargahda o başa, bu başa gedib gələrdi…

Özümə bağışlaya bilmirəm ki, bu təsərrüfat müdirinin namizədliyini irəli sürməklə, nəyə gorə sonradan başqalarının tənbehini qazandım. İndi iki eşşəyin arpasını bölə bilməyən hüquq doktoru gəlib öyüd-nəsihət verir…

 

Etirazımın və partiyada hökmranlıq eşqinə düşən adamların ünvanı mənim üçün gün kimi aydındır. Kimin bostanına daş atdığımı da hamı gözəl bilir. İndi o adamlar özlərinə o qədər arxayındırlar ki, gözləri ayaqlarının altını görmür. Qarşılarında heç kim danışa bilməz. Oldusa, qurtardı, həmin şəxsin özü ilə yekunlaşmır. Ailəsi, qohum-əqrabası ilə də haqq-hesab çəkirlər və sonradan bu eybəcər əməllərini özlərindən yayındırmaq üçün şayiələri daha yuxarının ayağına yazırlar.

Bu açıqlamamı oxuyanlar fikirləşməsinlər ki, əsəbləşmişəm, kiminsə sözü məni qızışdırıb. Çox sakit qaydada fikirlərimi söyləyirəm. Bütün bu işlərin başında Siyavuş Novruzov və onun kimilərin ideya müəllimi olan Ramiz Mehdiyev dayanır. Və nədənsə, bu adam kök saldığı yerində elə bir təəssürat yaradıb ki, guya bu olmasa, dövlət dağılar. Sadəlövhlüklə yanaşmıram. Ucqar kənd adamından belə soruşsan, onun haqqında ətrafının yaydığı uydurmanı adı, soyadı ilə göstərər. Ona ümumiyyətlə, toxunmaq olmaz! Toxundunsa, sağdan-soldan üstünə şığıyacaqlar. “Şığımaq” deyərkən mən onu nəzərdə tuturdum. İndi akademik olub. “Möhtəşəm” əsərlərinin dünyaya necə gəldiyini analiz etməkdən uzağam… Ali Partiya Məktəbində oxuyarkən, bizim qrupa bir semestr mühazirə oxudu. Gözlərini kağızdan-vərəqdən çəkə bilmirdi. İndi fəlsəfə üzrə sanki müqayisəsiz bir alimə çevrilib. Halbuki, əgər fəlsəfənin kateqoriyalarını tam olaraq deyə bilsə, adımı dəyişərəm. Adam məəttəl qalır. Yüksək vəzifə sahiblərinin də bir qismi, üzr istəyirəm, ondan tük salırlar. Çəkinmək, yaxud hörmət dövlət hakimiyyətində bir adamdan olar. Elmi ictimaiyyətin də bu akademik qarşısında səcdə etməsini anlamaq olmur. Haqqında mətbuatda bir söz işlədilən zaman sağdan-soldan müdafiəyə başlayırlar. Soruşan gərəkdir ki, ay hörmətli akademiklər, professorlar, nədən Şirməmməd Hüseynovun Heydər Əliyev haqqında dediklərinə reaksiya vermədiniz?! Ancaq mən əminəm ki, o, həmin sözləri Ramiz Mehdiyev haqqında demiş olsaydı, mətbuatda yarışa girəcəkdiniz. Bax bizim faciəmiz budur. Ramiz Mehdiyev bəlkə 37-ci ilin Mircəfər Bağırovu, Lavrenti Beriyasıdır, bu dərəcədə qorxursunuz? Amma zaman dəyişib. Azərbaycan dünyəvi dövlətə çevrilib. Akademik Ramiz Mehdiyev partiyadakı “tələbələrinə” bunu anlatsa, daha yaxşı olar…”.

Добавить комментарий