Müsavat partiya rəhbərlərinin debatını tələb etdi

Seçki prosesində baş verən qanun pozuntulıarı ilə bağlı Müsavat Partiyası bəyanat yayaraq, hakimiyyətdən azad və ədalətli seçkilərin keçirilməsini tələb edib. Partiyanın Mətbuat xidmətindən «Basta»ya daxil olan bəyanatın tam mətnini təqdim edirik: 

2015-ci il noyabrın 1-nə təyin edlmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçki kampaniyası ciddi qanun pozuntuları və saxtakarlıqlarla davam edir. Ən ciddi pozuntulardan biri təşviqat kampaniyası dövründə ictimai diskussiyalara, televiziya debatlarına imkan verilməməsi, namizədlərin seçicilərlə görüşlərinə və digər təmaslarına maneçilik törədilməsidir. Müstəqillik tariximizdə siyasi partiyalar və namizədlər arasında efirdə debat olmadan hər hansı seçkinin keçirilməsi baş verməyib. Bu dövrdə ilk dəfədir ki, Azərbaycan hakimiyyəti opponentlərinin hətta qısa müddətli televiziya çıxışlarına dözümsüzlük göstərir. Bu seçkilər zamanı namizədlər üçün az da olsa efir vaxtı ayrılmayıb və namizədlərin öz mesajlarının seçicilərə çatdırmasına minimum şərait belə aradan qaldırılıb.

Hazırkı seçkilərdə opponent siyasi partiyanın və ya seçki blokunun 60-dan artıq namizədinin qeydə alınmaması bəhanəsi ilə namizədlərə efir vaxtının verilməsindən imtina edilməsi hakimiyyət tərəfindən qabaqcadan düşünülmüş bir addımdır. Müsavat Partiyası bu problemin aradan qaldırılmasını qətiyyətlə tələb edir.

Müsavat Partiyası vaxtın məhdudluğunu əsas gətirərək, pulsuz efir vaxtının verilməməsi bəhanəsini aradan qaldırmaq üçün seçki kampaniyasının bu mərhələsində 15 nəfərdən artıq namizədi qeydə alınmış siyasi partiyalar və ya seçki bloklarının rəhbərləri arasında debatların təşkil edilməsini bu debatlar üçün seçkilərədək qalan dövrdə İctimai Televiziyada 6 dəfə bir saat yarımlıq pulsuz efir vaxtının ayrılmasını qətiyyətlə tələb edir.

Müsavat Partiyası pulsuz efir vaxtının ayrılmaması, namizədlərin seçicilərlə görüşlərinə məhdudiyyət yaradılmasını bərabər hüquqlu təbliğat imkanları prinsipinin kobud surətdə pozulması kimi dəyərləndirir.

Azad və ədalətli seçkilərin keçirilməsi üçün həlledici əhəmiyyət kəsb edən bu pozuntuların aradan qaldırılmayacağı təqdirdə, Müsavat Partiyası seçkilərdə iştirakını dayandırmaq məsələsini bir daha müzakirəyə çıxaracaqdır.

bastainfo.com

 

Добавить комментарий