Müsavatçı gənclər: Rəsulzadəni təhqir edən deputat cəzalansın!

Müsavat Gənclər Təşkilatı deputat Naqif Həmzəyevin Azərbaycan respublikasının banisi Məmməd Əmin Rəsulzadənin ünvanına təhqiramiz ifadələr işlətməsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

“Yeni Azərbaycan Partiyasının Gəncə şəhərindən olan deputatı Naqif Həmzəyevin “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barədə söylədiyi təhqiramiz fikirlər sosial şəbəkələrdə və mediada geniş yayılıb.

Bu müsahibə cəmiyyət tərəfindən hiddətlə qarşılanıb. YAP-ın deputatı Naqif Həmzəyevin Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan M.Ə.Rəsulzadə haqqında təqiramiz ifadələr işlətməsi Azərbaycan hakimiyyətinin M.Ə.Rəsulzadəyə qarşı sayğısız münasibətinin təzahürüdür.

Üzərində Azərbaycan respublikasinin bayrağı dalğalanan parlamentin üzvü olan bir şəxsin o bayrağın yaradıcısı, “Bir dəfə yüksələn bayraq bir daha enməz!” deyərək, and yerimiz olan Azərbaycan dövlətçiliyinin əsasını qoymuş bir şəxsiyyət haqqında bu cür təhqiramiz ifadələr işlətməsi yolverilməzdir.

N.Həmzəyev işlətdiyi ifadələrlə bağlı üzr istəməli, məsuliyyətə cəlb olunmalıdır. Onun üzvü olduğu Milli Məclis və Yeni Azərbaycan Partiyası bu hadisə ilə bağlı tədbirlər görərək ictimaiyyətə məlumat verməlidir”.

bastainfo.com

Добавить комментарий