Müxalifət izahat tələb edir

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
«Basta» xəbər verir ki, Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı seçki prosesi barədə ətraflı məlumat verib. Seçki dairələri üzrə vəziyyət müzakirə olunub.
Verilən məlumata görə, 71 saylı Masallı kənd seçki dairəsindən Müsavat Partiyasının namizədi Xasay Fərzullanın 17 oktyabr 2015-ci ildə seçicilərlə uğurlu görüşü keçirilib. Görüşün izdihamlı alınmasından narahat olan yerli icra hakimiyyət orqanları Xasay Fərzullanın seçicilərlə növbəti görüşlərinin keçirilməsinə imkan verməyib. 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd İsgəndər Həmidovun seçicilərlə görüşlərinə də maneçilik törədilir. Divan müxalifətdə olan namizədlərin seçicilərlə görüşlərinin faktiki qadağan edilməsini seçkilərdə minimum təbliğat imkanlarının da hakimiyyət tərəfindən aradan qaldırılması kimi qiymətləndirib.
Təbliğat-təşviqat dövründəki vəziyyətin müzakirəsi zamanı namizədlərə təbliğatın ən mühüm elementi olan pulsuz efir vaxtının verilməməsi seçkidə iştirak imkanlarının ciddi şəkildə məhdudlaşdırılması kimi vurğulanıb. Bu mövzuda partiya adından ayrıca bəyanatın verilməsi qərara alınıb.
Divan hakimiyyətin MTN naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsinin səbəblərini ictimaiyyətə açıqlamaqdan israrla yayınmasını ölkə siyasəti ilə bağlı qaranlıq proseslərin vüsət aldığı təəssüratını yaratdığını bildirir. Hakimiyyətdən bu hadisənin mahiyyəti, ölkənin ən mühüm vəzifələrindən birini tutan şəxsin hansı səbəblərdən vəzifəsindən azad edilməsi barədə ictimaiyyəti məlumatlandırmasını tələb edir.
Sonda carı məsələlər müzakirə edilib.

Bastainfo.com

Добавить комментарий