“Müxalifətin seçkidə iştirakının qarşısını almağa çalışırlar”

Arif Hacılı: “Bütün bölgələrdə Müsavatın namizədlərinə problemlər yaradılır”

Partiyasının başqanı Arif Hacılı partiyanın seçki kampaniyası, seçkilərdə üzləşdikləri təzyiqlər, beynəlxalq müşahidəçilik məsələləri ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

— Arif bəy, Müsavat Partiyasının seçki kampaniyasında problemlər yaşanırmı? Namizədlərin imza toplaması prosesi necə gedir?

— Demək olar ki, bütün bölgələrdə Müsavat Partiyasının namizədlərinin seçki kampaniyasına problemlər yaradılır. Müsavat Partiyasının nümayəndələri təzyiqlərlə üzləşirlər. Belə hallar daha çox Xaçmaz, Ucar, Ağcabədi rayonlarında, o cümlədən Bakı şəhərində də özünü göstərir. Xüsusilə imza toplayan şəxslərə və imza verən seçicilərə təzyiqlər vüsət almaqdadır. Faktiki olaraq bütün respublika ərazisində Müsavat Partiyası  hakimiyyət strukturlarının təzyiqinə məruz qalır. Eyni zamanda belə pozuntulara seçki komissiyaları da yol verir. Məsələn, 55 saylı Xaçmaz seçki dairəsindən namizədimiz Söhrab Əmrahovun sənədlərini Dairə Seçki Komissiyasında qəbul etmək istəmirlər. Onun özünə və yaxınlarına qarşı çox böyük təzyiq var. O, DSK-ya sənədlərini təhvil vermək üçün gedərkən fiziki təzyiqə məruz qalıb və küçədə ona hücum edilib. Bu cür hallar respublikanın başqa regionlarında da baş verməkdədir. Görünür, Azərbaycan hakimiyyəti bu seçkiləri də bir il əvvəl səssiz-səmirsiz yol verdiyi bələdiyyə seçkilərinə çevirmək niyyətindədir. Ona görə hər vasitə ilə müxalifətin bu seçki kampaniyasında iştirakının qarşısını almağa çalışır.

— Şəxsən özünüzün namizəd olduğunuz 33 saylı dairədə vəziyyət nə yerdədir? İmza toplama kampaniyanız necə gedir?

— Öz seçki dairəmlə bağlı münasibətim digər seçki dairələrinə olan münasibətdən fərqli deyil. Bütün seçki dairələrində gedən prosesləri nəzarətdə saxlamağa çalışırıq. Onu deyə bilərəm ki, bütün seçki dairələrində olduğu kimi 33-cü seçki dairəsində də imzaların toplanması prosesi başa çatır və yəqin ki, yaxın günlərdə nümayəndələrimiz imzaları yoxladıqdan və qanunauyğun olaraq digər sənədləri topladıqdan sonra bizim sənədlərimiz dairə seçki komissiyalarına təqdim olunacaq.

— İsa Qəmbərin namizədliyi ilə bağlı imza toplanıbmı?

— Bütün dairələrdə imza toplanma prosesi demək olar ki, başa çatıb.

— Seçki kampaniyası başlananadək bir sıra siyasətçilərdə hakimiyyətin 1 noyabr seçkilərində real müxalifət partiyalarının təmsilçilərinin qələbəsini tanıyacağına ümid yarandığı hiss olunurdu. Ancaq seçki kampaniyası başlayandan sonra müşahidə olunan proseslər bu ümidlərin doğrulmayacağı ehtimalını artırıb. Sizcə, hakimiyyət real müxalifətin parlamentdə hətta bir-iki nəfərlə belə təmsil olunmasını nə üçün istəmir? Parlamentdə polemika, fərqli mövqe olmasını istəmədiyindənmi, müxalifət partiyalarının dövlət büdcəsindən maliyyə almasını arzulamadığındanmı?

— Bəzi oponentlərimiz və ekspertlər yanlış olaraq hesab edirlər ki, Azərbaycan hakimiyyətinə hakimiyyət strukturlarının legitimliyi görüntüsünü yaratmaq lazımdır. Görünür, hakimiyyətin buna ehtiyacı yoxdur və əslində Azərbaycan hakimiyyəti demokratiya imitasiyası siyasətindən bir neçə il bundam əvvəl imtina edib. Azərbaycan hakimiyyəti hesab edir ki, heç bir beynəlxalq qurumun və ya dünya birliyinin Azərbaycanda mövcud olan hakimiyyət strukturlarının legitimliyini tanıması zəruri deyil, onlar özləri və dəvət etdikləri müşahidəçilər bu seçkilərin nəticələrini legitim hesab edirsə, bu, kifayətdir. Ona görə də Azərbaycan hakimiyyəti üçün Müsavat Partiyasının, REAL və NİDA təşkilatlarının bu seçkilərdə iştirakı arzu olunan deyil. Hər vasitə ilə real müxalifət qüvvələrini seçki prosesindən kənarlaşdırmağa, bundan əvvəl keçirilən bələdiyyə seçkiləri kimi bu parlament seçkilərini də sakitliklə yola verərək daha beş il Azərbaycanda qeyri-legitim parlamentin ömrünü uzatmaq niyyətindədir. Xüsusilə Müsavat Partiyasının seçkilərdə iştirak etməsi Azərbaycan hakimiyyətinin bu planlarına mane olur və respublika ərazisində baş verən toqquşmalar, hakimiyyət strukturlarının əsəbi davranışları məhz bununla bağlıdır.

Əslində artıq Azərbaycanda çoxpartiyalı sistem mövcud deyil. Siyasi partiyaların, xüsusilə real müxalifət partiyalarının fəaliyyəti bu partiya üzvlərinin, bu partiyaya rəhbərlik edən şəxslərin şəxsi fədakarlığı, şəxsi mübarizliyi hesabına həyata keçirilir. Əslində normalda Azərbaycanda siyasi partiyaların bərabər siyasi rəqabət şəraitində fəaliyyət imkanları tamamilə aradan qaldırılıb. Azərbaycan parlamentinin bütün üzvləri faktiki olaraq Azərbaycan hakimiyyətinə birbaşa tabe olan şəxslərdən ibarətdir. Məhkəmə hakimiyyəti tamamilə icra hakimiyyəti strukturunun nəzarəti altındadır. Belə bir şəraitdə təbii ki, ölkədə demokratik seçkilərin keçiriləcəyi, hakimiyyətin hansısa partiyalara və hansısa ayrı-ayrı namizədlərə güzəştə gedərək onların parlamentə düşməsinin qarşısını qanun pozuntusu və saxtakarlıqla almayacağını düşünmək sadəlövhlük olardı. Azərbaycan hakimiyyətinin götürdüyü siyasi xətt ölkədə vahid mərkəzdən idarə olunan avtoritar idarəçilik sistemini daha da möhkəmləndirmək və bütün sahələrdə ən xırda müstəqil davranışları belə, aradan qaldırmaq, ən adi sahələri belə tam nəzarətdə saxlamaqdır. Bu seçki kampaniyası dövründə baş verən hadisələr də məhz bu xəttin davamının təzahürüdür.

— AŞ PA-nın müşahidə missiyasının sizinlə görüşü digər partiyalardan ayrı, təklikdə keçirməsi nə ilə bağlıdır? AŞPA müşahidə missiyasının gəlişindən sanki bir narahatçılıq var sizdə.

— Bütün əlamətlər göstərir ki, Azərbaycan hakimiyyəti məhz AŞ PA müşahidə missiyasının seçkiləri müşahidə etməsində maraqlıdır. Çünki əslində seçkilərdə müşahidə missiyasını həyata keçirən əsas qurum ATƏT olduğu halda, Azərbaycan hakimiyyəti 380 nəfərlik müşahidəçi missiyasını qəbul

edə bilməyəcəyini bəyan etdi. Bunun nəticəsində ATƏT-in müşahidə missiyasının Azərbaycana gəlməsi yasaqlandı. Belə olduğu halda AŞ PA-dan məhdud sayda müşahidə missiyasının Azərbaycana dəvət olunması və bu missiyanın nümayəndələrinə xüsusi diqqətin yetirilməsi, bu missiyanın xüsusi vacib bir missiya kimi təqdim olunması müəyyən suallar yaradır. Mənim narahatçılığım da bununla bağlıdır. Mənimlə təkbətək görüş məsələsinə gəldikdə isə bu, AŞ PA nümayəndə heyətinin qərarı idi. Onların qərarına əsasən belə görüş keçirildi.

— ATƏT və Avropa Parlamentinin seçkini müşahidə etməməsi hakimiyyətdə arxayınlıq yaradan amil sayıla bilərmi?

— Azərbaycan hakimiyyətinə ATƏT müşahidə missiyasını Azərbaycana buraxmaq barədə çağırışlar var. Bu çağırışlar həm Azərbaycan daxilindən, həm də beynəlxalq birlik tərəfindən edilib və bunun müəyyən müsbət nəticələri olarsa, təbii ki, beynəlxalq müşahidənin təşkil olunduğunu iddia etmək mümkün olacaq. Ancaq təbii ki, AŞ PA-nın məhdud kontingentli müşahidə missiyasının burada olması və bu missiyanın verəcəyi rəyin necə olmasından asılı olmayaraq təbii ki, bunu bütövlükdə tam hüquqlu beynəlxalq müşahidə kimi qiymətləndirmək mümkün olmayacaq.

Добавить комментарий