Qərb diplomatlarından həyəcan təbili — Azərbaycanla sərt danışmağın vaxtıdır

«Bu günlər Azərbaycandan əsasən qara xəbərlər gəlir»

Politico.eu saytı Richard Kauzlarich və David Kramer-in məqaləsini dərc edib. Kauzlarich ABŞ-ın Azərbaycanda keçmiş səfiri olub. Kramer isə «Freedom House» təşkilatının keçmiş prezidentidir, hazırda MakKeyn Beynəlxalq Liderlik İnstitutunun direktorlarından biridir.
Müəlliflər Azərbaycandan gələn qara xəbərlər sırasında jurnalist Rasim Əliyevin öldürülməsini, hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, jurnalist Xədicə İsmayılın absurd ittihamlarla məhkum edilməsini sadalayırlar. ATƏT DTİHB noyabrın 1-də parlament seçkilərini müşahidə etməyəcək və seçkilər ciddi kənar monitorinq olmadan keçiriləcək.

«2013-cü ilin oktyabrında saxtalaşdırılmış prezident seçkisindən sonra İlham Əliyev rejimi qəzəblə xarici və yerli «düşmənlər»ə qarşı mübarizə aparıb. Müxalifət fiqurları, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları böhtana, təqibə məruz qalıb, onlarla dövlətin düşmənləri kimi rəftar olunub. Onlardan birinin ən böyük bədəli ödəməsi yalnız zaman məsələsiydi».
Müəlliflər hətta ölkədən qaçanların belə Əliyev rejiminin sərt əlini hiss etdiyini vurğulayır. Meydan TV-nin direktoru, Berlində yaşayan Emin Milli ölüm hədələri aldığını deyir. Bu media orqanıyla əməkdaşlıq edənlər dindirilir.
Yazı müəllifləri ABŞ Dövlət Departamentini zəif bəyanatlarına görə tənqid edir. Bütün baş verənləri ən güclü ifadələrlə pisləmək əvəzinə ABŞ Bakıya üç təmsilçisini – xüsusi elçi Amos Hochstein, Dövlət katibinin köməkçisi Richard Hoagland və Müdafiə naziri köməkçisinin müavini Evelyn Farkas-ı göndərib. Onlar Bakıda enerji, Transxəzər, təhlükəsizlik məsələlərini müzakirə ediblər.
«İnsan haqlarının durumunun gün-gündən pisləşməsinə baxmayaraq, Farkas Azərbaycanı Birləşmiş Ştatların «strateji tərəfdaşı» adlandırıb. Sakit diplomatiyanın təsiri yoxdur. ABŞ-ın insan haqları pozuntularından «dərin narahat» olduğunu göstərən bəyanatlar səmərə vermir. ABŞ-ın yüksəkrütbəli rəsmilərinin səfərləri Birləşmiş Ştatların rejimə dəstəyi kimi görünür, insan haqları pozuntularından danışanlar isə antiazərbaycançı, yaxud daha pis terminlərlə aşağılanır. Bu çıxılmaz durumu qırmaq gərəkdir. İnsan haqları pozuntularına yol verən rəsmilərə sanksiyalar qoyulmalıdır. Rejimin mərkəzində duran kütləvi korrupsiya araşdırılmalıdır. Siyasi məhbuslar buraxılmalıdır. ABŞ və Avropa Birliyi birlikdə sözdən hərəkətə keçməlidir».
Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını, bütün fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

 

Добавить комментарий