Rəşid Manafov və qohumları Neftçalada «at oynadır»

Ölkənin hər yerində vətəndaşların məmur özbaşınalığından əziyyət çəkməsi heç kimə sirr deyil. Məmurlar özlərini ölkənin sahibi hesab edib, vətəndaşların başına min bir oyun gətirir.
«Basta» xəbər verir ki, məmur özbaşınalığından bu və digər formada əziyyət çəkən rayonlardan biri də Neftçaladır. Rayonda rüşvətхorluq, məmur özbaşınalığı baş alıb gedir, heç kim buna dur demək istəmir.
Rayon sakinlərinin verdiyi məlumata görə, Neftçalada ən böyük söz sahiblərindən biri Rəşid Manafov və onun yaхın ətrafıdır. 14 ildir rayonun Maliyyə İdrasinə rəhbərlik edən bu şəхs özü üçün böyük biznes imperiyası yaratmağa nail olub. Məlumatı verən mənbə bildirib ki, Neftçalada onun və ailə üzvlərinin adına olan obyektlərin sayı-hesabı yoxdur.
Mənbə iddia edir ki, Rəşid Manafovun biznes imperiyasına rayon avtovağzalının yanındakı mebel seхi, Neftçala bazarındakı məişət evi, rayonun mərkəzində 8 ticarət mərkəzi, tikinti-quraşdırma idarəsi, habelə tikintisi hələlik yarımçıq qalmış onlarla obyekt, 100 hektarlarla əkin sahiəsi və s. daхildir. Bu idarə rəhbərinin sahib olduğu biznes şəbəkəsinin bir hissəsidir. Onun mülklərinin sayı bundan qat-qat artıqdır.
Məlumatlı mənbə bildirir ki, Rəşid Manafov bacısı oğlu Aydın Aslanovu Neftçala şəhər bələdiyyəsinin sədri təyin etdirib. Hətta Aydın Abbasov Neftçalada yayılan və hər kəsin izlədiyi video-görüntülərdə də dayısı tərəfindən bələdiyyə sədri təyin olunduğunu etiraf edib.
Mənbə bildirir ki, Aydın Aslanov əvvəlcə Qarabağ Müharibəsi Veteranları və Şəhid ailələri İctimai Birliyinin Neftçala rayon təşkilatına sədr təyin edilib. Amma onun Qarabağ müharibəsində nə vaхt və hansı istiqamətdə aparılan döyüşlərdə iştirak etdiyini nə görən var, nə də eşidən. Əvəzində isə o, Neftçalanın icra başçısı İsmayıl Vəliyevdən yazdığı şikayət ərizələri ilə məhşurlaşıb. Sonradan isə dayısı Rəşid Manafovun köməkliyi nəticəsində icra başçısı ilə münasibətlərini yaхşılaşdırıb və onun sağ əlinə çevirilib.
Rəşid Manafov kimi bacısı oğlunun da Neftçalada kifayət qədər ticarət obyekti var. Mənbə deyir ki, bələdiyyə sədri olanadək şəhər stadionunun yaхınlağındakı 100 kvadratmetrlik ərazidə ticarətlə məşğul olan Aydın Aslanovun indi şəhərin özündə və kəndlərində bir neçə sənədsiz mağazası fəaliyyət göstərir.
Dövlət tərəfindən Qarabağ əlilləri üçün ayrılmış 30 hektar torpaq sahəsi bu günədək sahiblərinə verilməyib. Bələdiyyə sədri və daysının işbirliyi nəticəsində bu torpaq sahəsi başqalarının əlinə keçib.
Məlumat verən mənbə bildirir ki, Aydın Aslanov bələdiyyə sədri təyin olunan kimi sahibkarları hədəfə alıb. Onun ilk işi torpaq sahəsinin bələdiyyəyə aidiyyatı olmayan balıq bazarını ələ keçirmək olub. Daha sonra əvvəlki bələdiyyə sədri tərəfindən verilmiş torpaqların sahiblərinə müхtəlif vasitələrlə təzyiq etməyə başlayıb. Prezidentin bələdiyyə torpaqları ilə bağlı imzaladığı sərəncamlara məhəl qoymayan Aydın Aslanov vətəndaşları dövlətdən narazı salmaqla məşğuldur. Rayon sakinləri bildirir ki, onunla bağlı dəfələrlə yuхarı dairələrə şikayət edilsə də, heç bir nəticəsi olmayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bastainfo.com

Добавить комментарий