Seçkidə iştirakın tərəfdarıyam

Seçkidə iştirak barədə iki əks fikir var: iştirak etmək düzgün olar və əksinə. Bu, normal bir haldır. Normal olmayan odur ki, əks fikirdə olanlardan biri digərini hakimiyyətə işləməkdə, mənəviyyatsızlıqda və s. günahlandırır. Əzizlərim, damğa vurmaqdan əl çəkib soyuq başla arqumentlərimizi ortaya qoyaq ki, normal diskussiya alınsın.

Mənim fikrim belədir: “Seçkidə iştirak etmək düzgün olar, ya etməmək?” sualının cavabı iştirakın məqsədindən asılıdır. Məqsəd parlamentə düşməkdirsə, məncə, iştirak etməyə dəyməz: mövcud şərtlər daxilində həqiqi müxalifətçinin parlamentə yolu bağlıdır. Lakin seçkilərdə başqa bir məqsəd də var-xalqın fəallığını artırmaq, göstərmək ki, müxalifət var, mübarizə davam edir. Seçkidə iştirak etməyən, xalqla təmas imkanları sıfıra endirilən müxalifətin mövcudluğunu xalq haradan bilsin? Müsavatçılar, cəbhəçilər və digər müxalifətçilər çalışsalar da, ictimai fəallıq artmır. Bunun bir sıra səbəbləri var, biri də auditoriyanın olmamasıdır:özümüz deyib özümüz eşidirik. Seçki prosesində isə az da olsa böyük kütlə ilə əlaqə imkanı yaranır (televiziya, görüşlər və. s.). Cəmil Həsənlinin prezident seçkilərində uğurlu kampaniyası buna sübutdur. Ən azı göstərdi ki, müxalifət var, sözünü şax deyə bilən adam(lar) var, AZAD FİKRİ HƏLƏ ÖLDÜRƏ BİLMƏYİBLƏR! Azərbaycanı Orta Asiya respublikalarının gününə (söz azadlığı nöqteyi-nəzərindən) sala bilməyiblər! Ona görə də, SEÇKİDƏ İŞTİRAKIN TƏRƏFDARIYAM. Mən özüm seçkidə iştirak etmək (namizəd kimi) istəməsəm də, iştirak edən əsl (yalançı yox) müxalifətçilərin mübarizə əzminə “eşq olsun!” deyirəm.

Mirbaba Babayev

Добавить комментарий