Yadigar Sadıqov məhbəsdən oğluna məktub yazdı

“Mən hansısa cinayətə görə deyil, sənə daha yaxşı məmləkət bəxş etmək istəyimə görə həbsdəyəm”

Bu gün Müsavat başqanının müavini, vicdan məhbusu Yadigar Sadıqovun ad günüdür. Siyasi məhbusların azad edilməsi istiqamətində ən vacib işin onların cəmiyyətdə nüfuzunun artırılması olduğunu və Yadigar Sadıqovun həm də yazılarına görə həbs olunduğunu nəzərə alaraq, onun məhbəsdən yazdığı  təsirli məqalələrindən birini doğum günündə yenidən dərc etmək qərarına gəldik.

“Əziz oglum, 12 yaşın tamam olur və 12 il ərzində ilk dəfə sənin doğum günündə iştirak etməyəcəm. Əslində elə də uzaqda olmayacağam. Bu sətirləri sənə yazarkən dustaq qatarındayam. Növbəti məhkəmə prosesində iştirakdan ötrü Lənkərana gətirilirəm. Doğum günündə də Lənkəranda, evimizdən 15 dəqiqəlik piyada məsafəsi yaxınlığında yerləşən “məkan”da olacağam. Amma bu məsafəni qət edib yanına gələ bilməyəcəyəm, bağışla.

Üzüləcəyini bilirəm. Hətta “heç bir hədiyyə istəmirəm, təki atam qayıtsın” deməyini də bilirəm. Amma üzülmə. Çünki mən hansısa cinayətə görə deyil, sənə daha yaxşı bir məmləkət, ədalətli bir cəmiyyət bəxş etmək istəyimə görə həbsdəyəm. İstəyirəm elə bir cəmiyyət olsun ki, sən orada şərəfin və ləyaqətinlə sərbəst yaşaya biləsən. Buna görə təqib və təzyiqlərə məruz qalmayasan. O cəmiyyətin qaydaları bütün gücü ilə səni yalana, yaltaqlığa, riyakarlığa zorlamasın. Bu, tək mənim yox, babalarımızın -Rəsulzadələrin, Tobçubaşovların, Üzeyir bəylərin bizə miras qoyduğu Müsavatın 1 əsrdən artıq davam edən ləyaqət mücadiləsidir. İnşallah, böyüyəndə bunu layiqincə qiymətləndirəcək təfəkkür və mənəviyyat sahibi olarsan.

Son dəfə məhkəmə zalında görüşəndə məndən ayrılarkən yəqin ki, göz yaşlarını gizlətmək üçün başını aşagı salıb getdin. Etmə, oğlum. Başını hər zaman dik tut. Sənin başının ucalığı mənim mübarizəmin motivlərindən biridir. Nə mənim həbsimdə, nə sənin göz yaşlarında utanılacaq bir şey yox. Həyatda elə anlar olur ki, baş verənlərə yalnız göz yaşlarınla üsyan edə bilirsən. Sənin göz yaşların da atanın həbsinə üsyanındır. Zatən bu yaşda əlindən başqa şey gəlməz. Oğlum, sənə arzularım da, öyüdlərim də sonsuzdur. Qismət olar, zamanında və məqamında söylərəm. Bu gün isə sənə bir şeyi, adına layiq olmağı arzulayıram. Sən dünyaya gələndə biz sənə çox gözəl bir ad, Məhəmməd adını verdik. Bu adın istər mənsub olduğumuz ümmətin, istərsə də millətimizin tarixində müstəsna yeri var. Həm dinimizin, həm də istiqlalımızın baniləri bu adı daşımışlar. Birincisi insanlara bərabərliyi, ikincisi millətimizə MÜSAVATçılığı bəxş etdi ki, elə bu da bərabərlik deməkdir. Bərabərlik isə yalnız azadlıq olan yerdə mövcuddur. Necə ki, böyük Rəsulzadə “İnsanlara hürriyət”i müsavatçılığın baş şüarı yaptı. Övladına Məhəmməd adını görüntü üçün yox, məsuliyyətini dərk edərək verən şəxs AZADLIQ və BƏRABƏRLİK üçün mübarizə etməyə bilməz, mən də etdim. Sən də adının məsuliyyətini dərk et, ona layiq yaşa. Ədalətli ol, vicdanınla, şərəfinlə, ləyaqətinlə yaşa. Nə zalım ol, nə məzlum. Hüquqlarını göz bəbəyin kimi qoru, kimsəyə güzəşt eləmə. Amma digərlərinin hüquqlarını da özün üçün qırmızı xətt hesab elə, tapdalama. İnsanlara xeyirli, cəmiyyətə faydalı ol. Unutma ki, Kişinin ən böyük öhdəliyi Vətən və millət qarşısında olan borcudur. Yolun açıq, Tanrı yardımçın olsun.

  • Atan,
  • Yadigar Sadıqov
  • Dustaq qatarı: 02.12.2013″
  •  

Добавить комментарий