Kürdlərin muxtariyyət tələbi Türkiyə siyasətini ikiyə böldü

Kürd partiyaları Demokratik Cəmiyyət Konqresinin (DTK) iclasında, əhalisinin əksəriyyəti kürd olan cənub-şərqdə özünüidarə elan edib.

Bu hadisə Türkiyənin təhlükəsizlik qüvvələri ilə kürd qiyamçılar arasında döyüşlərin başlamasından bir neçə ay sonra baş verir.

Bəyannamə yerli hakimiyyət orqanlarına daha çox səlahiyyət və yeni «demokratik konstitusiya» tələb edir. Lakin bu tələblərə verilən sərt cavablar ölkə daxilindəki siyasi ixtilafı dərinləşdirib.

Siyasi gərginlik və dinc əhali arasında qurbanlar artdıqca, təhlilçilər toqquşmaların vətəndaş münaqişəsinə çevriləcəyindən ehtiyat edirlər.

Müstəqillikdən muxtariyyətə

Kürd siyasi partiya və QHT-lərini birləşdirən DTK, bəyannaməni Diyarbakırda keçirilən iki günlük yığıncaqda qəbul edib.

Bəyannamədə deyilir ki, özünüidarəyə keçid, hakimiyyətin mərkəzdən bölgələrə verilməsi ilə bütövlükdə “Türkiyənin demokratikləşməsinə” aparacaq.

Image copyrightAFP
Image captionTürk ordusu PKK-ya qarşı 1980-ci illərin sonundan bəri əməliyyatlar həyata keçirir.

14 maddəlik qətnamədə isə hakimiyyətin regional məclislər və yerli icra hakimiyyətləri arasında bölüşdürülməsi detallı şəkildə açıqlanır. Bu qətnaməyə görə yeni inzibati regionlarda yerli hakimiyyət, təhsil, səhiyyə, nəqliyyat kimi məsələlərə cavabdeh olmalıdır.

Özünüidarə Türkiyədəki kürd siyasi hərəkatlarının uzunmüddətli istəyi olub. 1978-ci ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) təsis manifestində son məqsədin müstəqil Kürdüstan dövlətinin yaradılması olduğu elan edilmişdi.

Lakin son illərdə PKK sərt mövqeyindən bir azca geri çəkilərək yarımuxtar regionların yaradılması tələbində bulunub.

Recep Tayyip Erdoğan, Selahattin DemirtaşImage copyrightAP. AFP.
Image captionTürkiyə prezidenti Recep Tayyip Erdoğan (solda) kürd siyasətçi Selahattin Demirtaşın (sağda) kürd muxtariyyəti çağırışını “vətənə xəyanət” adlandırıb

2015-ci ilin avqustunda bir sıra kürd şəhərlərinin merləri uzunmüddətli ambisiyaları praktikaya gətirmək üçün özünüidarə elan ediblər. Buna cavab olaraq Türkiyə məhkəmələri beş bələdiyyə rəisinin “ölkənin milli birliyini parçalamaq” ittihamı ilə saxlanması barədə hökm çıxarıb.

Türkiyə dövləti ölkənin sərhədləri daxilində hər hansı formada kürd muxtar regionlarının yaradılması ideyasını qətiyyətlə rədd edir və Türkiyə ordusu bu səbəbdən 1980-ci illərdən bəri PKK-yə qarşı silahlı mübarizə aparır. O vaxtdan bəri bu münaqişədə 40 min insan həlak olub.

Həmçinin oxuyun: «Kürdlər kimdir?»

Reaksiya

Kürdlərin tələblərinə dövlətin reaksiyası göstərir ki, bu problem hələ uzun müddətdə həllini tapmayacaq.

DTK-nın bəyanatlarına çəki verən budur ki, kürdyönlü Xalq Demokratik Partiyası (HDP) Türkiyə parlamentində mandatlar qazana bilib. HDP hazırda Böyük Millət Məclisində böyüklüyünə görə üçüncü partiya sayılır.

Image copyrightGetty Images
Image captionƏsas müxalifət partiyası olan CHP-dən millət vəkili Sezgin Tanrikulunun sözlərinə görə kürdlərin yaşadığı bölgələrdəki çətin yaşayış şəraiti və kommendant saatı Ankaraya sədaqəti azaldır.

Partiyanın lideri Selahattin Demirtaş bəyan edib ki, Kürdüstan dövləti ideyası gələn əsrdə gerçəkləşəcək və kürdlərin öz dövlətlərinə malik olmaq hüququ danılmazdır.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Demirtaşın bəyanatlarını “xəyanət” adlandırıb və onun parlament toxunulmazlığından məhrum edilməsi təklifini verib. Hazırda Demirtaş barəsində “konstitusiya əleyhinə cinayətlər” və “dövlətin və ölkənin birliyini pozmaq” ittihamları üzrə təhqiqat aparılır.

Türkiyə hökuməti, habelə kürdlərin özünüidarə tələblərini də rədd etməyə hazırlaşır. Əksinə, Türkiyə DİN bildirib ki, regionlarda mərkəzi hakimiyyətin səlahiyyətlərimim artırılması barədə qanunvericilik üzərində işləyir.

Bu bəyanat habelə məsələnin siyasi həllini istəyənlər tərəfindən də tənqid edilir.

“Radikal” onlayn xəbər portalından Ezgi Başaran deyib ki, indi bu tələblərin vaxtı deyildir. O deyib ki, bölgələrdə döyüşlərin getdiyi və insanların öldürüldüyü bir vaxtda bu sayaq bəyanatlar xeyirdən çox ziyan gətirə bilər.

Silahlı münaqişənin şiddətlənməsi

Sülhə olan ümidlər 2015-ci ilin iyulunda PKK və Türkiyə hökuməti arasında əldə edilmiş ikiillik atəşkəs sazişi pozulandan bəri çilik-çilik olub. O zamandan bəri PKK və Türkiyə hökuməti arasında davam edən silahlı toqquşmalar kürd şəhər və kəndlərinin küçələrinə keçib.

PKK ucqar yerlərdən şəhər və kəndlərə gələrək nəzarətində olan ərazilərdə özünüidarənin tətbiqinə başlayıb.

Buna cavab olaraq hökumət yaşayış məntəqələrinə qoşun hissələri göndərib və kommendant saatları elan edib. Bütün bunlar öz növbəsində sözü gedən şəhər və kəndlərin normal həyatını pozub.

Yerli media 2015-ci il ərzində 200-dək təhlükəsizlik əməkdaşının həlak olduğunu xəbər verir, lakin bu arada çox sayda mülki şəxs də həyatını itirib.

Münaqişə bərpa olunandan bəri 100 min insan evlərindən didərgin düşüb.

Emosional ayrılma

Siyasi gərginliklər və münaqişənin son dərəcə hərbiləşməsi əsrlərcə yan-yana yaşayan kürd və türklər arasındakı qardaşlıq bağlarını qıra bilər.

Məhz buna görə də müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) millət vəkillərindən Sezgin Tanrıkulu Türkiyə höklumətini kürdlərlə “emosional bağları” qırmamağa çağırıb. O deyib ki, kommendant saatları nəticəsində yaranmış çətinliklər kürdlərin Ankaraya sədaqətini tükəndirir.

Kürd siyasətçilər isə Türkiyədəki vəziyyətə ölkənin qərb regionlarının biganəliyindən gileylənirlər.

Demirtaş bütün tərəfləri “bu divanəliyin dayandırlmasına” çağırıb.

Qərb regionlarının şərqdəki hadisələrə süst münasibəti bir çox türk siyasətçiləri də narahat edir.

Burası da var ki, etiraz səslərini ucaldanlar cəzasız qalmırlar. Məsələn, 24 nəfərlik təşəbbüs qrupu Bodrumdam Diyarbakıra sülh yürüşünə başlayıb. Onlar yanvarın 1-də “terrorçu təşkilata dəstək” ittihamı ilə həbs olunublar.

Belə bir vaxtda istər müxalif, istərdə də dövlətə bağlı media son dərəcə milliyyətçi mövqe tutub.

 

bastainfo.com

Добавить комментарий