Çörəyin qiymətini qaldırmağa əsas varmı?

Çörəyin qiymətində 10 qəpik artım olunması ilə bağlı qərar qəbul edildiyi bildirilir. Məlumatlara görə qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörək 40 qəpiyə, 40 qəpik olan çörək isə 50 qəpiyə satılacaq.

«Novoye Vremya» qəzeti «Çörəyin qiyməti bahalaşır?» sualına cavab axtarır.

Yazıda qeyd edilir ki, bir sıra saytlar artıq unun satış qiymətinin 1-2 manat artması haqqında məlumatlar yayıblar.

Müəllif yazır ki, çörəyin qiyməti qalxacağı halda bu, aztəminatlı ailələrin dolanışığına mənfi təsir göstərəcək.

Yazıda əvvəlcə qiymət artımı ilə bağlı sahibkarların arqumentlərinə də yer verilir: «Bu, manatın devalvasiyası və dünya bazarında buğdanın qiymətinin artması ilə bağlıdır. Bu da Azərbaycanda çörək və çörək məmulatları bazarına təsir edir».

Ancaq yazıda bir sıra rəqəmlərin üzərində dayanmaqla qeyd edilir ki, sahibkarların arqumentləri tənqidə davamlı deyil. Müəllif yazır ki, Rusiyadan taxılın bir tonu 389 dollara alınır. Hər tonunun Bakıya gətirilməsi 15 dollar xərc tələb edir. Müəllif daha sonra qeyd edir ki, taxılın bir tonunun üyüdülməsi 30 dollara başa gəlir. Bu, ümumilikdə 435 dollar və ya 689 manat edir. 1 ton buğdadan isə təqribən 1310 çörək almaq olar: «Belə görünür ki, qiymət artımı möhtəkirliyinin əsası yoxdur. Görünür ki, çörək bazarına nəzarət edən şəxslər devalvasiya ilə bağlı itkilərini istehlakçıların hesabına kompensasiya edərək, özlərinin fövqəl gəlirlərini endirmək fikrində deyildirlər». AzadlıqRadiosu.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin Lent.az-a verdiyi məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır: «Hazırda çörəyin qiymətində artım yoxdur. Bu monitorinqlər zamanı çörəyin qiymətində hər hansı artım qeydə alınmayıb. Əgər çörəyin qiymətində hər hansı dəyişiklik olarsa, bunun səbəbləri araşdırılacaq və buna uyğun olaraq tədbir görüləcək».

Bastainfo.com

Добавить комментарий