“Unibank” çökdürülür — bankın 8 saylı filialı da bağlandı

İyulun 29-da “Unibank”ın 8 saylı filialının fəaliyyəti dayandırılıb.

Bu haqda “Basta”ya filialın əməkdaşlarından biri məlumat verib. Həmin fililal 8-ci mikrorayonda, Cəfər Xəndan küçəsində fəaliyyət göstərirdi.

Bu, bankın son 1 ildə bağlanılan artıq 4-cü filialıdır. Ötən il “Unibank” paytaxtda fəaliyyət göstərən 3 filialını bağlayıb. Məlumata görə, söhbət metronun “Xətai” stansiyasının yaxınlığında, Xocalı prospekti, 20/22 ünvanında yerləşən “STB” filialından, Həsən Əliyev küçəsi, ev 5a ünvanındakı 12 saylı filialdan və Bakıxanov qəsəbəsi, Gənclər küçəsi, 27C ünvanındakı (“Bakıxanov” alış-veriş mərkəzinə yaxın) 20 saylı filialdan gedir.

Rəsmi məlumata görə, “Unibank” xərclərin azaldılması siyasəti çərçivəsində filiallarının optimallaşdırılmasını davam etdirir. Lakin özəl mənbədən əldə etdiyimiz məlumata görə, planlı şəkildə bankın çökdürülməsi istiqamətində addımlar atılır.

Bildirilir ki, bankın “qara günləri” onun səhmdarlarından biri və icraçı diriktoru olmuş Cəlal Qasımovun olmuş “Pasha Holding”ə transferi ilə başlayıb. 2015-ci ilin may ayında Cəlal Qasımov “Pasha Holding” banklar qrupunun rəhbəri, eləcə də “Kapital Bank”ın Müşahidəçi Şurasının sədri təyin olunub.

Cəlal Qasımov “Unibank”dakı vəzifəsindən istefa verməklə yanaşı, bu bankda sahibi olduğu 183 825 ədəd imtiyazlı səhmi də  nominal dəyərindən daha baha qiymətə satışa çıxarıb. Nominal dəyəri 2,72 manat olan həmin səhmləri 2,91 manat qiyməti ilə “Unibank”ın səhmlərinin 70 faizindən çoxunu əlində cəmləmiş Eldar Qəribov satın alıb.

Mənbə bildirir ki, o vaxta qədər ölkənin ən etibarlı banklarından biri sayılan və beynəlxalq bank sistemində geniş əlaqələri olan “Unibank”ın fəaliyyətinə qeyri-leqal əngəllər törədilib. Məlumata görə, üzləşdiyi təzyiqlər fonunda “Unibank” öz kredit kampaniyalarını minimuma endirmək və onun müştərilərinin kütləvi şəkildə  inzibati üsullarla “Kapital Banka” tərəf yönləndirilməsinə göz yummaq məcburiyyətində qalıb.

“Unibank”ın səhmdarlarının 15,15 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 8,33 faizi isə Almaniya investisiya korparasiyasına (DEG) məxsusdur.

Mənbə hesab edir ki, “Unibank”ın tənəzzülünün əsas səbəbi Azərbaycanda bank sektorunun “Pasha Holding” banklar qrupunun əlində cəmlənməsinə yönələn siyasətdir.  Yaxın vaxtlarda “Unibank”ın digər filiallarının da bağlanacağı və bankın ümumilikdə fəaliyyətinin dayandırılacağı ehtimal edilir.

Bastainfo.com

Добавить комментарий