İnternet niyə kəsildi?

“Avqustun 2-i saat 16:00 radələrindən etibarən ölkənin internet təminatında və milli resursların fəaliyyətində problemlər yaranıb. Belə ki, günün müəyyən saatlarında internet bağlantısında fasilələr yaranıb və “Delta Telecom”un Data Mərkəzində yerləşən milli resursların fəaliyyətində problemlər yaşanıb”.

Bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz öz “Facebook” səhifəsində yazıb.

“İnternet təminatı qısa müddətdə həll olunsa da, əksər milli resursların, bir sıra xəbər saytlarının fəaliyyətini indiyədək bərpa etmək mümkün olmayıb. “Delta Telecom” şirkəti ölkənin xeyli sayda milli informasiya resurslarını həm ictimai əsaslarla, həmdə kommersiya şərtləri ilə öz Data Mərkəzinində saxlayır. “Delta Telecom”un və Data Mərkəzin rəsmi internet resursları da hazırda aktiv deyil.

Müşahidələr və əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, problemlər “Delta Telecom”un magistral xətlərində deyil, daxili sistemində baş verən nasazlıqlarla bağlı olub. Problemin uzun müddət davam etməsi onun ciddi olmasından xəbər verir.

Müşahidələr göstərir ki, milli operatorun sistemində baş verən problemlər elektrik sistemində baş verən nasazlıqlarla da bağlı ola bilər. Əldə etdiyimiz məlumatlara görə, şirkətin bütün texniki heyəti hazırda problemin aradan qaldırılması üçün çalışırlar”.

“Delta Telecom” yayılan məlumatları təkzib edir.

Azərbaycanın bir sıra KİV-də və sosial şəbəkələrdə ölkənin internet təminatında və milli serverlərdə dünən qısamüddətli fasilələrlə kəsintilər yaranması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Delta Telecom Ltd.”-in məsələ ilə bağlı “Report”a verilən açıqlamasında bildirilib.

Şirkət qeyd edib ki, göstərilən müddətdə və hazırda “Delta Telecom” müştərilərini sabit və davamlı internet xidməti ilə təmin etməkdədir.

“Təxirəsalınmaz profilaktik tədbirlərin həyata keçirilməsi zamanı rezervlənməmiş xətlərdən istifadə edən müştərilərdə yaranan kiçik problemlər olub ki, bunun məsuliyyətini müəssisəmiz daşımır və bu problemlər artıq axşam saatlarında aradan qaldırılıb.

Əgər hər hansı bir müştəri götürdüyü xidməti və ya istifadə etdiyi avadanlığı rezervləmirsə, müxtəlif səbəblərdən, eləcə də profilaktik tədbirlərin keçirilməsi zamanı xidmətin qısamüddətli dayanması labüddür.

“Delta Telecom” olaraq bildiririk ki, xidmətdə yaranan fasilə ilə bağlı gün ərzində hər hansı bir mətbuat vasitəsi, rəsmi və ya özəl qurumdan sorğu daxil olmayıb”, — deyə şirkətin məlumatında bildirilib.

bastainfo.com

 

Добавить комментарий