“Nardaran işi” üzrə məhkəmə başlayıb

Çərşənbə günü Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsindəki iğtişaşlarda ittiham olunan “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə, AXCP sədr müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin işi üzrə proses başlayıb.

Bağırzadə bir qrup tərəfdarı ilə birlikdə 2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı saxlanılıb və CM-in bir sıra maddələri, o cümlədən qətl, konstitusiya dövlət quruluşunu devirməyə cəhd, qanunsuz silah saxlamaq və s. ilə ittiham olunub.

Qəhrəmanlı bundan xeyli sonra kütləvi iğtişaşlara çağırışda, ayrı-seçkilik salmaqda ittiham olunaraq saxlanılıb. İstintaq onun internetdə paylaşdığı fikirlərini belə qiymətləndirib.

Bu gün prosesdə ittiham aktı elan olunub. Müttəhimlər özlərini təqsirli bilməyiblər.

Vəkil Fariz Namazlının Turan-a verdiyi məlumata görə, Bağırzadə prosesdə bildirib ki, Nardaran hadisələri hakimiyyətin təxribatı idi və həlak olan iki polis “hakimiyyətin əli ilə öldürülüb”.

Onu sözlərinə görə, inanclı insanlar sadəcə namaz qılırdılar, bu zaman maskalı şəxslər oraya daxil olub. Dindarlar heç bir silahlı müqavimət göstərməyiblər. Bu zama həlak olan yerli sakinlərdən biri saxlandıqdan sonra maşındaca polislər tərəfindən ölənə qədər döyülüb.

Vəkil Namazlı həmçinin müvəkkili Abbas Hüseynova qarşı işgəncələrdən danışıb.

AXCP lideri Əli Kərimli jurnalistlərə bildirib ki, əvvəlcə bu işə AXCP-ni də, Demokratik Qüvvələrin Milli Şurasını da cəlb etmək istəyiblər. Amma Bağırzadə istintaqın təkliflərini qəbul etməyib və müxalifət qüvvələrinə böhtan atmayıb, bundan sonra ağır işgəncələrə məruz qalıb.

Bundan sonra hakimiyyətin müxalifəti işə “birləşdirmək” planı uğursuzluğa düçar olub və AXCP və Milli Şuranı işə bənd etmək üçün hakimiyyət Fuad Qəhrəmanlını həbs etməyi qərara alıb.

Kərimli qeyd edib ki, Qəhrəmanlıya qarşı dəlil kimi istintaq yalnız onun facebook-dakı 10 statusundan istifadə edib.

Proses avqustun 4-də davam edəcək. (Turan IA)

Добавить комментарий