Şahdağ milli qoruğu: Nağıllarda və reallıqda…

Vaqif Davud

Şahdağ Milli Parkı — Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında yaradılıb. Ərazisi 115 895 hektar təşkil edir. Bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13084 hektar təşkil edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2010-cu il tarixli, 193/S nömrəli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilərək 130508,1 hektara çatdırılıb.

Milli Parkın ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərib. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur. Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir.

Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olub. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən əmələ gəlmişdir. Milli Parkın çox böyük ərazini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə qarışıq halda göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd,qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkan, itburnu, zirinc kimi kol bitkiləri var.

Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir. Burada, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal,dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur.

Ərazidə adları Azərbaycan Respublikasının «Qırmızı Kitab»ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri qorunur.

2007-ci ildə Şahdağ Milli Parkının xəritəsi təsdiq olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilməsi üçün Milli Parkın Əsasnaməsi işlənib hazırlanıb.

Təbiət gözəlliyinin rəngarəngliyi, bitki və heyvanlar aləminin zənginliyi əraziyə böyük sayda yerli və xarici turistlərin cəlb ediləcəyinə inam yaradır.

Və reallıqda…

Oğuz rayonunda  qoruğun ərazisinə daxil əksər yerlərdə oldum. Meşələrin kütləvi və amansızlıqla məhv edilməsi məni dəhşətə  gətirdi.

Xüsusiylə , Oğuz şəhəri, Calud, Xal-xal, Xaçmaz və Fil-filli kəndlərinin yaxınlıqlarındakı meşələr əsasən məhv edilib!

Traktorlarla Rusiyaın sərhəddinə qədər sıldırım qayalıqlardan yollar çəkilərək, görüş, palıd , fələs , fısdıq, cökə kimi nadir ağac növləri kəsilərək , artıq yox olmaq həddinə çatmış , dağ yamacları isə çılpaqlaşıb.

O sahədə çalışan bir nəfər «meşə mütəxəssisi» ilə söhbət zamanı «meşələrin belə kütləvi və amansızlıqla məhv edilməsinə necə baxırsan» sualıma belə cavab verdi:

— Müəllim , meşə , ağac zaman — zaman kəsilməlidi ki, cavanlaşsın , yenilənsin.

Lakin, onun özü də əla bilirdi ki, söhbət bir neçə ağacın kəsilməsindən yox, min hektarlarla meşələrin ardıcıl məhv edilməsindən gedir… Deyilənə görə parket üçün nəzərdə tutulmuş bir KamAZ 51 sm.-lik palıd kötükcüyünün dəyəri 5- 6 min manatdır.

Nəzərə alaq ki, gün ərzində  bir neçə KamAZ belə kötükcük tədarük edilir. Tikinti materialı, yanacaq kimi kəsilən ağacları da bura əlavə etsək, əminliklə deyə bilərik ki, yüksək çinli məmur  və Ekologiya və təbii sərvətlər nazirliyinin birbaşa iştirakı olmadan, təbii sərvətlərin bu miqyasda məhv edilməsi qeyri-mükündür!

Hər şeyin kağız üzərində olduğu bir məmmləkətdə adı olub,  özü məhv edilən  Şahdağ Milli Parkının  fəlakətli durumuyla  əlaqədar bu yazını ona görə ictimailəşdirmək qərarına gəldim ki, vicdanlı vətəndaşlar bəlkə səsimə səs verə və bu vandalizmin qarşısı azacıq da olsa alına …

P.S. Bir neçə ay bundan əvvəl TV-lərdə və sosial şəbəkələrdə Oğuzun Xal-xal kəndindəki uşaq baxçasına bir ayının hücum etməsi və yerli sakinlər tərəfindən öldürülməsi haqqında xəbər getmişdi. O xəbərə münasibət bildirən bir gənc FB-də yazmışdı ki, o yazıq heyvan uşaq baxçasına hücum etməyib, kəndə kəlib ki, meşə qıranlarla görüşüb xahiş etsin ki, insaf etsinlər, o da canlıdı, o da yaşamalı, bala böyütməlidi!..

Bastainfo.com

 

Добавить комментарий