Akif Çovdarovun da adının hallandığı məhkəmədə niyə 3 hakim dəyişib?-VİDEO

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun icraatında olan Rüstəmova Ceyran Mikayıl qızı və Hüseynova Reyhan Musa qızının təqsirləndirilmələrinə dair məhkəmə prosesində zərərçəkən kimi tanınan bir qrup şəxs Azinforum.az saytına şikayət ediblər. Cinayət işinə görə zərərçəkən olan Səkinə Sadıxova saytımıza açıqlamasında bildirdi ki, təqsirləndirilənlər onun dəyəri 300 min manat olan obyektini aldadaraq mənimsəyiblər:

” Əvəzində isə mənə 100 min manat ipoteka şəklində kredit söz vermişdilər. Bütün sənədlər imzalandıqdan sonra, pulu tez bir zamanda götürəcəyimi dedilər. Əslində isə qol çəkilən sənədlər alqı-satqı müqaviləsi olub. Aparılan istintaq zamanı məlum olub ki, bu adamlar 12 ailəyə zərər vurublar. Buna baxmayaraq, onların havadarları çoxdur. Ən müxtəlif dairələrdə onların himayədarları var. Biz uzun sürən mübarizədən sonra onların həbsinə nail ola bildik. Mən təəssüf edirəm ki, bəzən həbsdə olan və cinayətləri istintaqla sübuta yetirilən bu adamlar medianı da öz maraqlarına qoşmaq istəyirlər. Təəssüflər olsun ki, bəzən buna nail də ola bilirlər. MTN- də baş verən hadisələrdən sonra, onlar bəzi qəzet və saytlara yalan məlumat ötürərək, belə bir rəy yaratmaq istəyirlər ki, güya bizim Akif Çovdarovla əlaqəmiz var. Tamamilə absurddu. Mən, mənimsələn əmlakımı tələb edirəm. Akif Çovdarovla mənim nə əlaqəm ola bilər? Belə məlumatlarla onlar ictimai rəyi çaşdıraraq öz xeyirlərinə kökləmək istəyirlər.

Maraqlıdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bəzi hakimləri də onları açıq müdafiə edirdi. Azər Orucov bu işə baxan 3-cü hakimdir. Bundan əvvəlki iki hakimi – Əfgqan Hacıyev və Fikrət Qəribovu biz etiraz edərək prosesdən uzaqlaşdırdıq. İbtidai istintaqın gedişində də çox kobud qanun pozuntularına yol verilib. Təqsirləndirilənlər öz dələduz əməllərini əlbir şəkildə leqallaşdırdığı, notariat kontorunun müdiri Məmmədov Cahid məsuliyyətdən tam kənarda qalıb. Zərərçəkənlərlə söhbət etsəniz görərsiniz ki, Məmmədov Cahid iş yerini Suraxanıdan Hövsana dəyisə də, bütün alqı-satqılar məhz onun yanında aparılıb. Digər maraqlı fakt isə, təqsirləndirilən Hüseynova Reyhanın qızı Əkbərova Esmira Elxan qızının məsuliyyətdən tamamilə kənarda qalmasıdır. İbtidai istintaq zamanı onun barəsində cinayət işi açılmışdı. Sonradan ona heç nə edilmədi. Halbuki onun əməlindən konkret zərərçəkənlər olub və həmin adamlar da şikayətçiydilər”.

Zərərçəkən daha sonra bildirdi ki, nədənsə, təqsirləndirilənlərlə əlbir olan Gülməmmədova Mətanət İnqilab qızının işinə ayrı icraatda baxılır: “Biz dəfələrlə şikayət etmişik ki, eyni məzmunlu iş olduğu səbəbindən buna eyni icraatda baxılsın. Təəssüflər olsun ki, şikayətlərimizə fikir verən yoxdur. Bu işə baxan hakim Zeynal Ağayev prosesdə özünü Mətanətin vəkili kimi aparır. Bizdə indidən belə təəssürat yaranır ki, hansısa gözəgörünməz qüvvə bunları himayə edir və azad etdirməyə çalışır”.
Qeyd edək ki, bu iş üzrə zərərçəkənlərin hamsının adı ilə redaksiyamıza geniş məzmunlu şok şikayət ərizəsi göndərilib. Bəzi dəqiqləşdirmələri apardıqdan sonra, həmin məlumatı təqdim edəcəyik.

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq.

bastainfo.com

Bir cavab yazın