İşgəncə Hesabatı

Putinin fitnəsi ilə anti-avropa ritorikasına uyduğunu, Qərbdən büsbütün üz çevirdiyini bu səbəbdən idarəçilik kontrolunu itirərək cəmiyyəti xaosa sürüklədiyini etiraf etməyin, zamanı gəlmədimi?

Noyabrın 11-12 də Cenevrədə BMT-nin İşgəncələr Əlehinə Komitəsində Azərbaycana dair müzakirələr keçiriləcək. Maraqlıdı, vətəndaşı şüurlu olaraq işgəncə xofu ucbatından “karam, koram, lalam” taktikasını seçən, bütövlükdə cəmiyyəti ölüm sükutuna dalan bir ölkənin səlahiyyətlisi müstəqil ekspertlərin qarşısında hansı sifətlə hesabat verəcək?

BMT-nin İşgəncələr Əlehinə Konvensiyasına qoşulmuş dövlət olaraq, ölkədə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi işgəncə aparatı olduğunu, hətta bu qurumun ayrı-ayrı zabitlərinin şəxsi mülklərində ayrıca işgəncə odaları olduğunu boynuna alacaqlarmı? Yaxud iş adamlarının, imkanlı şəxslərin yaxın adamlarına işgəncə verən, telefonları dinləyən, insanların özəl həyatını gizli kamera ilə çəkib, onları təhdid edən, pul alan cinayətkar quruma himayədarlıq etdiklərini dilə gətirəcəklərmi?

Sözügədən konvensiyanın dindirilənin hər hansı cinayəti törətməsindən asılı olmayaraq, işgəncənin yolverilməzliyi haqda tələbinə  qətiyyətlə əməl etmədiklərini etiraf edəcəklərmi?

Ölkədə jurnalist, hüquq müdafiəçisi, siyasi fəal ovuna çıxan xüsusi təyinatlı dəstə saxladıqlarını qeyd edəcəklərmi?

Tətbiq etdikləri çeşidli işgəncə üsulları insanların arasında qorxuyla, xüsusi xofla söylənilir. Bu dövlət modeli xaraktercə diktator idarəciliyinə görə Şimali Koreyani xatırlatmırmı?

Konvensiyaya qoşulmuş və Azərbaycandakı siyasi atmosferə baxış acısından mövqeyi fərqli olan dövlətlərin ekspertləri ölkəmizdə tətbiq olunan qeyri-insani davranışların, ən ağır işgəncələrin tətbiqindən xəbərsizdirlərmi?

Siyasi məhbusların onsuz da ağır həbsxana şəraitində saxlanıldıqlarını, üstəgəl hər hansı iyrənc qərara imza atdırmaq, mənəvi cəhətdən sındırmaq üçün xüsusi cəza odasına – karsa salindıqları haqda 158 dövlətin müstəqil ekspertləri xəbərdardırlarmı?

Və sadaladığım bu anormal davranışlarına rəğmən, Azərbaycan hökuməti BMT-nin “İşgəncələr Əlehinə Konvensiya”sının toplantısında müstəqil ekspərtlərin suallarını cavablandırmaq üçün yol alıb. Maraqlıdı, bız “Konvensiyanın bütün maddələrinə əməl edirik”mi deyəcəklər?

Yoxsa, “Azerbaycanı beynəlxalq aləmdən təcrid edəcəyik, eynilə Şimali Koreyada olduğu kimi… Sosializmə də qayıtmaq, tarixin ən yeni mərhələsində despot rejimini mohkəmləndirmək fikrimiz var hətta” deməyə səmimiyyətləri çatacaqmı?

bastainfo.com

Bir cavab yazın