Qadınların əzilmə səadəti

Söz, düşüncə, fikir azadlığının boğulduğu bir dövrdə yaşayırıq. Bizi bu məhrumiyyətlərə məruz qoyan təkcə boğazına qədər çirkaba batmiş rejimdirmi?

Sanki ailədə azadıq!

Sanki ümumilikdə cəmiyyətdə azadıq!

Qadın modeli nədi?

Qız uşağı dünyaya gələn andan hüquqları pozulur. Onu necə ərə vermək, qarşı cinsdən necə qorumaq planları qurulur. Qıza necə təhsil veriləcəyi, bu qəddar dünyada heç kəsdən asılı olmadan ayaqları üstdə durmasına necə şərait yaradılacağı haqqında düşünənlər olduqca azdır, təəssüf ki…

Təhsil almaq qadının gələcək həyatına tam olmasa da, bir təminatdı, zorakılığa məruz qalmaması üçün bir konseptdi. Hərçənd, oxumuş qadının da zorakılığa məruz qalmayacaq deyə bir qarantisi yoxdu. Sadəcə, cəmiyyətdən təcrid olunmuş qadını əzmək daha asandı.

Qadın zorakılığına səbəb olan digər səbəb isə erkən nigahlardı. Savadsız qadını əzmək necə asandırsa, azyaşlı, üstəgəl savadsiz qadını əzmək daha da asandi…

Ailə qurmaq ifadəsi əksəriyyətimizdə səadət və xoşbəxtlik sözləri ilə assosiasiya olunur. Amma bir çox hallarda məhz ailə qadının hüzur yox, işkəncə məkanına çevrilir. Qadına qarşı zorakılıq təkcə kötəklənmə anlamına gəlməli deyil. BMT-nin 1993-cü ildə qəbul etdiyi “Qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında Konvensiya”da öz əksini tapdığı kimi, qadının təcrid edilməsi, işləmək və təhsil almaq hüququndan məhrum edilməsi, onun hədələnməsi, ələ salınması, uşaqlarının gözündən salınması da zorakılıq sayılır. Qadının maddi asılığa salınması və onun maddi dəstəkdən məhrum edilməsi də Konvensiyada zorakılığın bir növü sayılır – bunların hamısı qadının əzilməsi anlamında birləşir. İndi düşünək, xanımını işləməyə qoymaması ilə, onun hətta dükana getməsinə, rəfiqəsi ilə görüşməsinə icazə verməməsi ilə, bəzən hətta onun qapısını çöldən bağlayıb açarı cibində gəzdirməsi ilə öyünən nə qədər ailə başçısı var?

Əzilmək “səadəti”ni faciyə saymayan qadınlar da var. Hərgah, mentalitetə söykənən toplumda insan xarakterindən irəli gələn, dərin kök salmiş stereotiplər əslində qadının yox, cəmiyyətin problemidi…

Qadın kişinin mülkiyyəti yox, dövlətin sərvətidi və dövlət öz vətəndaşına sahib çıxmalıdı, yeri gəlmişkən, söz açdığımız Konvensiyada da dövlətin üzərinə bununla bağlı məsuliyyət qoyulur.

Bəs bu problemin həlli ilə məşğul olan varmı? Qadın zərif cinsin nümayəndəsi kimi təqdim olunaraq cəmiyyətdən təcrid olunur. Amma gəlin görək, bu halda qadına hansisa ekstra xidmətlər göstərilirmi? Bəlkə zorakılığa məruz qalmış qadına pulsuz psixoterapevt yardımı, yaxud vəkil xidməti göstərilir? Bəzən vəkillər “ailə işlərinə qarışmıram” arqumenti ilə zərif cinsə hətta pullu xidmət göstərməkdən imtina edirlər. Ölkədə qadın birlikləri QHT- lər var ki, onların fəaliyyəti haqqında yalnız ofislərinə yolun düşsə və hesabatlarını oxusan xəbər tuta bilərsən, cəmiyyətdə fəaliyyətləri görünmür.

Qadın həyat yoldaşından şikayət etsə, şikayət etdiyi üçün yenidən döyülməkdən qorxduğu üçün, “tabe olmaq” yolunu seçir. Amma hətta məsələ ictimailəşəndə belə faydası olmur. Zorakılığa məruz qalmış qadınlar haqda məlumatlar kriminal xəbərlərə çıxır. Bu tip xəbərlərin başlığını da adətən “daha bir qadın cinayəti” qoyurlar, xəbərin mahiyyətinə varmayan bəndə bu başlığı oxuyub düşünə bilər ki, daha bir qadın cinayət törədib… Cinayət işi açılır, zorakılığa məruz qalmış qadın bəzən öz doğmlarının təkidi ilə “uşaqlar və ailə naminə” güzəştə getməyə məcbur edilir və bir qayda olaraq nəticə kişilərin xeyirinə həll olunur. Hətta konkret cinayət ictimailəşdikdən sonra belə, zorakılığa məruz qalmış qadının sonrakı taleyi ilə maraqlanan olmur…

Və söhbət bağlanır…

 

bastainfo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: