Arif Hacılıdan debat təklifi

“Hələ astanasında olduğumuz böhrandan çıxmaq yolları barədə təkliflərimizi açıqladıq. Təkliflərimizin mahiyyəti, həyata keçirilməsi yolları, nəticələri barədə debatların təşkilini İTV və digər telekanallara təklif edirik. Bayağı teleşoulara ara verib taleyüklü məsələlər barədə ictimai diskussiyaların təşkil edilməsi indi daha çox vacibdir”, – bu sözləri Müsavat başqanı Arif Hacılı özünün facebook səhifəsində yazıb.

Qeyd edək ki, ötən gün Müsavat Partiyası ölkənin böhrandan çıxarılması üçün təkliflər irəli sürüb. Təkliflər paketi aşağıdakılardan ibarətdir:

Müsavat Partiyası yaranmış iqtisadi böhranın ağır nəticələrinin aradan qaldırılması istiqamətində görülməsi zəruri olan təcili tədbirlər paketini ictimaiyyətə təqdim edir.

Hüquqi dövlət quruculuğu, liberal iqtisadiyyata keçidin təmin edilməsi məqsədi ilə aşağıdakı iqtisadi və siyasi islahatlar dərhal həyata keçirilməlidir.

  1. İqtisadi sahədə:
  • Ölkənin qeyri-neft sektoruna böyük investisiyaların cəlb edilməsi üçün investisiya mühitinin yaxşılaşdırılması və turizm imkanlarının inkişaf etdirilməsi;
  • Antiinhisar qanununun real tətbiqi;
  • Dövlət satınalmalarınıın şəffaf tenderlərlə icrası;
  • Maşınqayırma, yüngül sənaye, kommunikasiya texnologiyaları üzrə yeni sənaye müəssisələrinin, dünya bazarında yer tutacaq rəqabətli istehsal markalarının yaradılması və dünyanın brend markalı məhsulların ölkəmizdə istehsalına nail olmaq;
  • Yerli istehsal sahələrinin, o cümlədən neft emalı, spirtli içki, siqaret, su istehsalı və s. sahələrin inkişaf etdirilməsi;
  • Aqrar sektorun inkişafı və rentabelliliyinin təmin edilməsi məqsədilə uzunmüddətli vergi güzəştlərinin tətbiqi, aqrar sahibkarlığın formalaşdırılması və möhkəmləndirilməsi üçün faizsiz kreditlərin verilməsini, məhsulun bazar qiymətinə satışına dövlət təminatının verilməsi və digər islahatları nəzərdə tutan kompleks aqrar programın qəbul edilməsi;
  • İxrac-İdxal azadlığını təmin edən dövlət proqramı, vergi-gömrük sistemində yeni iqtisadi proqramlara uyğun islahatlatların tətbiqi;
  • Kömrük Komitəsi, Vergilər və Maliyyə nazirliklərinin bir strukturda birləşdirilməsi;
  • Dünya Ticarət Təşkilatına üzvlüyün həll edilməsi;
  • Neftin qiyməti 30 dollardan aşağı enərsə, xam neftin ölkə xaricinə satışının dayandırılması, hasilatı ölkə tələbatı miqyasına qədər azaltmaq və ya daxili tələbatdan artıq hasilartın rezervlərə toplanmasının təmin edilməsi;
  • Əhalinin sosial müdafiəsini təmin etmək məqsədi ilə əmək haqlarının və pensiyalarının indeksasiyası, bahalanma faizlərinə uyğun artırılması;
  • Xarici valyuta ilə sənədləşdirilmiş bank kreditlərinin məzənnə fərqi ucbatından borcluların ödəmə qabiliyyətlərinin sərhədlərini aşan  xərclər ölkənin maliyyə vəziyyəti üzrə birbaşa məsuliyyət daşıyan hökümət – Mərkəzi Bank tərəfindən kompensasiya edilməsi;
  • İslahatların səmərəliliyinin təmin edilməsi, ölkənin beynəlxalq imicinin yaxşılaşdırılmasına nail olmaq üçün siyasi islahatların həyata keçirilməsi.

 

  1. Siyasi sahədə:
  • Siyasi məhbusları dərhal azad edilməsi;
  • Siyasi azadlıqların təmin edilməsi, real siyasi rəqabət şəraitinin yaradılması;
  • Azad və ədalətli seçkilər vasitəsi ilə yerli və beynəlxalq ictimaiyyətin legitim qəbul edəcəyi ali qanunverici orqanın formalaşdırılması;
  • Nəzərdə tutulan islahat programlarının dövlət təminatlı qanunverici bazasının yaradılması;
  • Real hakimiyyət bölgüsünün aparılması, “Avropada Yerli Özünü İdarəetmə Xartiyası”na uyğun yerliözünüidarə sisteminin tətbiqi.

bastainfo.com

Bir cavab yazın