İlham Əliyevdən sönük çıxış: Pensiya və maaşlar artırılmadı

“İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər”.

Bu sözləri ölkə başçısı İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, əlbəttə ki, müəyyən dərəcədə biz ərzaq məhsulları ilə bağlı idxaldan asılıyıq:
“Hələ ki, bu məhsullar ilə 100 faiz özümüzü təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətcə mümkün deyil, olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanlar, işbazlar sui istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun”.
Qeyd edək ki, son devalvasiyadan sonra ciddi böhranla üzləşən əhali ölkə başçısıbdan təsirli addımlar gözləyirdi. Bir çoxları hesab edirdi ki, hakimiyyət aztəminatlı təbəqələri böhranın zərbəsindən xilas etmək üçün pensiya və maaşların artırılması barədə qərar verəcək. Amma gözlənildinin əksinə olaraq, İlham Əliyev bu haqda bir kəlmə belə danışmadı.
Qeyd edək ki, son devalvasiyadan ən çox zərər çəkən təbəqələrdən biri də dollarla krediti olan vətəndaşlardır. Bankların düşünülmüş kredit siyasəti nəticəsində son iki ildə yüz minlərlə insan xarici valyutada kredit götürməyə vadar edilib. Son devalvasiyadan sonra onların kredit öhdəlikləri təqribən iki dəfə artıb. Bir çox vətəndaşlar hakimiyyətin bu sahədə problemi həll etmək üçün hansısa güzəştlər təklif edəcəyini gözləyirdi. Amma İlham Əliyevin çıxışında bu məsələyə də toxunulmadı.
İlham Əliyevin çıxışından anlaşılan odur ki, ölkə başçısı ölkənin düçar olduğu böhrandan çıxış yolunu cərimələrin artırılmasında və valyuta bazarındakı vəziyyətdən mənfəət əldə etmək istəyən vətəndaşların “lənətlənməsini” təşkil etməkdə görür. İlham Əliyev valyuta mübadiləsində mənfəət əldə etmək istəyən vətandaşları “natəmiz insanlar” adlandırıb. Ölkə başçısı hesab edir ki, “süni bahalaşmaya son qoyulmalıdır” məzmunlu bəyanatla böhrandan çıxmaq mümkündür. Hərçənd, hər şeydən göründüyü kimi, artıq bazar hakimiyyətin bu tipli demoqoqiyasına reaksiya vermir.
Mustafa Hacıbəyli

Bir cavab yazın