Sumqayıtın başçı dərdi…

Konul Alı

Eldar Əzizov sumqayıtlıların xatirəsində “Paradpərəst başçı”, “Prezidentin ad gününə bişirtdirdiyi 50-metrlik tortun banisi” kimi qaldı.

Peşəsi işçiləri işindən, məktəbliləri dərslərindən eləmək idi, amma sahibkarlara bir o qədər ziyan vurmadı getdi.

Bir necə ay öncə “Sumqayıtın icra başçısı dəyişir, əhalinin canını boğazına yığmış Eldar Əzizov gedir deyə çox adam sevinmişdi”.

Başçı dəyişdi, amma bu dəfə də insanların ümüdləri suya düşdü, sevincləri qursaqlarında qaldı. Başçı kimi, dərd də yeniləndi, təzəsi sahibkarların qəniminə çevrildi.

Bir neçə gün öncə belə bir xəbər yayıldı ki, “Zakir Fərəcov şəhərin mərkəzində olan obyektlərə 100 min və daha çox, kənar məhəllələrdə olan obyəktlərə isə 50 min qiymət qoyub”. Hətta bu xəbərlər sosial şəbəkələrdə də xeyli müzakirəyə səbəb oldu, saytların köşələrində yer aldı.

Bu məsələ ictimailəşdi, amma qəribədir ki, bu qədər geniş müzakirəyə səbəb olan problemin qarşısı alınmadı…

Görünən budur ki, az qala hər kəsin xəbərdar olduğu bu korrupsiya layihəsinin qarşısı alınmırsa, deməli bunun arxasında tək Zakir Fərəcov yox, daha böyük daha güclü şəxslər durur.

Ölkənin bu günkü ağır böhran vəziyyətində məmurların ciddi-cəhdlə insanların çörəyinə bais olmasına, onsuz da dolana bilməyən əhalinin narazılığının yaradılmasına  maraq nədir?

Neçə gündü Sumqayıtda Sülh kücəsi boyunca yolun hər iki tərəfindəki satış obyektlərinin sökülməsi haqqda əmr verilib. Sahibkarların narazılığına baxmayaraq, artıq obyektlər boşaldılır.

Ən maraqlısı isə odur ki, həmin obyektləri Zakir Fərəcov Sumqayıt Bələdiyyəsinin sədri olarkən şəxsən özü satıb bu şəxslərə. Hər birinin də dövlət qeydiyyatından keçmiş sənədi var.

Bu faktları qabardan şikayətçı sahibkarların dərdi dinlənilmir, söküntü işləri üçün hazırlıqlar gedir. Kicik obyektlərlə yanaşı, üçmərtəbəli “Ucuzmarket” və “Əli-94” iri ticarət mərkəzləri də “plana” düşüb.

Hər kəs narazıdı, deyirlər ki, yeni başçı Zakir Fərəcovun da məqsədi digərləri kimi  öz qohum-əqrabası üçün calışıb xalqın qayğılarına qayğı qatmaqmış.

Zakir Fərəcovun “Yol cəkmə” manerası da heyrət doğurub: “Yaşıl dərə” qəsəbəsində bacısı yaşayan küçəyə, 21-ci mikrorayonda isə qızları yaşayan əraziyə gələn yola asfalt döşətdirib. Şəhərin içindən evlərinə qədər asfalt saldırıb, amma bir addım o tərəf dağılmış çala-çökək yoldan ibarətdi…

Yeni başçı təyin olunar-olunmaz, Sumqayıta dövlət büdcəsindən 3 milyon vəsait ayrıldı. Nə həmin vəsaitin hara xərcləndiyini nə bilən var, nə də bu pulun təyinatı üzrə xərcləndiyinə inanan. Deyirlər ki, bu pulun yarısı heç Sumqayıta belə gəlib çatmayıb.

İndi də obyekt yıxmağa, hazırlaşırlar. Sahibkar mülklərindən əlini üzüb, gözlərini söküləsi mülkləri üçün alacaqları təzminata dikiblər. Amma bunun da  maya dəyərinin necə hesablanacağını bilən yoxdur. Qayda yox, qanun yox. Deməli, hər şey başçının “mərhəmətindən” və ona işi düşən sahibkarın “qabiliyyətindən” asılı olacaq.

Özü də bütün bunlar böhranın pik mərhələsində baş verir. Devalvasiyanın şokundan çıxmamış, bu sahibkarlar sahibi olduqları obyektlərini də itirdilər. Hamının bir dərdi var ikən, onların ikinci dərdi çıxdı.

Səbəbkar kimdir? Bu oyunların arxasında duranlar cəzalanacaqmı?! Nə vaxta qədər belə davam edəcək?!

 

Bastainfo.com

Bir cavab yazın