Ucuz neft və dəyəri düşən valyuta ölkəsində bahalı idman yarışları

Manatı zəifləyən və dünya bazarlarında qiyməti rekord həddə düşmüş neftdən gələn gəliriləri azalan Azərbaycan bu il Formula 1 yarışlarına ev sahibliyi etməyə hazırlaşır.

BBC Azərbaycancanın gördüyü rəsmi sənədə əsasən, bu il ölkədə beynəlxalq idman yarışlarının keçirilməsi üçün dövlət büdcəsindən 324 milyon manat ayrılması nəzərdə tutulur.

Ötən il Azərbaycanda keçirilən Avropa Oyunları, BBC Azərbaycancanın araşdırmasına görə, 5 milyard manata başa gəlib.

Formula 1 yarışlarının xərcləri ölkənin zəifləməkdə olan iqtisadiyyatına zərbə vura bilərmi? BBC Azərbaycanca üçün Bakıdan jurnalist Seymur Kazımov araşdırıb.

Xərclər

Hökumət Formula 1 yarışlarının xərci üçün nəzərdə tutulan dəqiq rəqəmi açıqlamır.

Amma BBC Azərbaycancanın gördüyü və hökumətin Parlamentə təqdim etdiyi 2016-cı ilin beşinci büdcə zərfində göstərilir ki, “beynəlxalq idman yarışlarının keçirilməsi, hazırlıq və digər təşkilatı işlər üçün” 324 milyon manat vəsait ayrılacaq.

Sənəddə bu xərcin konkret hansı idman tədbirinə yönəldilməsi ilə bağlı məlumat olmasa da, Bakının 2016-cı ilin iyunun 19-da Formula 1 Avropa Qrand Pri yarışmasına ev sahibliyi edəcəyi gözlənilir.

Bundan başqa, 2016-cı ildə Azərbaycanda həm də Ümumdünya Şahmat Olimpiadası keçiriləcək.

Hökumətyönlü millət vəkili Zahid Oruc isə BBC Azərbaycancaya açıqlamasında Parlamentə bugünədək 324 milyon manatlıq büdcə zərfinin daxil olmasını təsdiq etməyib.

Sənəddə “2015-ci il üçün gözlənilən icra” bəndinin qarşısında isə sıfır rəqəmi əks olunub. Sual oluna bilər ki, ötən ilin yayında birinci Avropa Oyunları keçirilib, amma həmin vəsait bu sənəddə göstərilməyib.

Çünki Avropa Oyunlarına sərf olunan vəsait prezidentin fərmanları və Nazirlər Kabinetinin investisiya xərcləri ilə bağlı qərarlarında əksini tapıb.

Cari ilin yayında keçiriləcək Formula 1 yarışı və 42-ci Şahmat Olimpiadası üçün isə hökumət hansısa investisiya xərclərini qeyd etməyib, həm də bu yarış üçün kapital xərclər tələb olunmur.

Gənclər və İdman naziri Azad Rəhimovun sözlərinə görə, Formula 1 yarışı üçün təkcə yolların hazırlanmasına 12 milyon manat sərf olunacaq. 5 milyon manat isə tədbirlərin, seminarların keçirilməsinə, əməliyyat xərclərinə, əmək haqlarının və digər xərclərin ödənilməsinə yönəlib.

Cənab Rəhimov dekabrın əvvəllərində, hələ manatın dəyərdən düşməsindən əvvəl, deyib ki, 3-4 aydan sonra yarışın büdcəsi tam formalaşacaq.

Formula 1 təşkilatı yarışların keçirilməsinə görə Azərbaycana vəsait ödəmir, nazir deyib.

“Ziyan”

2006-cı ilin büdcəsində “tək bir xərc maddəsi – idmana ayrılan vəsait 2015-ci ilə nisbətən 2,1 dəfə artıb”, iqtisadçı Natiq Cəfərli deyir və bunu 2016-cı ildə keçiriləcək beynəlxalq yarışlarla əlaqələndirir.

Natiq Cəfərli əlavə edir ki, Formula 1 yarışının Bakıda keçirilməsi qərarı 2 il öncə verilmişdi. O zaman da neftin qiyməti 120 ABŞ dolları idi. “Hökumət elə bilirdi ki, həmişə belə olacaq, gələcəyi düşünmürdü”.

ABŞ-ın Michigan Universitetində iqtisadi tədqiqatlarla məşğul olan Zöhrab İsmayıl hesab edir ki, bu il Formula 1 yarışlarına Şahmat Olimpiadasına nisbətən daha çox vəsait xərclənəcək. “Aydın məsələdir ki, Formula 1-dən bir az gəlir gözlənsə də hər iki tədbir ölkəyə ziyanla başa gələcək”, o deyir.

Beynəlxalq idman yarışlarının keçirilməsinə sərf olunacaq vəsait 2016-cı ildə büdcədən yoxsulluq müavinəti üçün ayrılan vəsaitdən 50 faiz (təxminən 110 milyon manat) çoxdur.

Bu məbləğ həm də dövlət büdcəsindən təqaüdlərin verilməsi üçün Sosial Müdafiə Fonduna ayrılan transferin 30 faizinə bərabərdir.

Ötən il dünya bazarında neftin qiymətinin düşməsi və prosesin ilin sonunadək davam etməsi Azərbaycan dövlət büdcəsinə də təsirsiz ötüşmədi və 2016-cı ilin büdcəsi 4 milyard manat azaldı.

Amma bəzi təhlilçilərə görə, bu son deyil, mümkündür ki, cari ilin mayında 1 milyard manat daha azalma olsun.

Faydalar

İqtisadi təhlilçi Samir Əliyev F1 kimi yarışların ölkənin imici baxımından faydalı olduğunu desə də, bu tədbirlərin, onlara çəkilən xərclərin müqabilində gətirdiyi qazancın əhəmiyyətsiz olduğunu düşünür.

“Avropa oyunları büdcə üçün böyük yük oldu. Birdəfəlik qazanc isə gözləniləndən dəfələrlə az oldu”.

Onun fikrincə, Avropa Oyunları Azərbaycan iqtisadiyyatı üçün çox uğursuz bir dövrə təsadüf edib.

“Bir tərəfdən neft gəlirlərinin azalması, digər tərəfdən manatın devalvasiyası beynəlxalq yarışlara görə hökuməti zəruri addım atmağa imkan vermədi”.

Formula 1 yarışları da ölkə iqtisadiyyatı üçün çətin dövrə təsadüf edir.

Ona görə də, neftin qiyməti ilə yaxın dövrlərdə nikbin proqnozların olmadığını deyən Samir Əliyev hökumətin beynəlxalq tədbirlərin məhdudlaşdırmalı olduğunu hesab edir.

Digər bir iqtisadi təhlilçi isə belə yarışların məhdudlaşdırılması fikri ilə razılaşmır.

Formula 1-in keçirilməsini planlaşdırarkən Azərbaycan hökuməti dövlət büdcəsinin azalacağını təsəvvür etmirdi, iqtisadçı-ekspert Nazim Məmmədov belə hesab edir.

“Amma bu mane olmur ki, vətəndaşlar vergi ödəyicisi olaraq bu şəraitdə hökumətdən büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı hesabat tələb etsin. Əgər tədbirin keçirilməsi qərarı verilibsə, onu keçirmək lazımdır. İndiki məqamda hökumətin üstünə getməyin tərəfdarı deyiləm”, – o deyir.

Onun fikrincə, F1 və digər beynəlxalq yarışların ölkəyə gətirəcəyi fayda infrastrukturla bağlı ola bilər.

“İstər Formula 1 olsun, istərsə də digər yarışmalarda tikiləcək və qurulacaq obyektlərin saxlanması dövlət büdcəsindən çıxarılmalıdır. Onlar idarəetməyə verilməlidir. Mütəmadi və effektiv istifadə də gəlir gətirə bilər”, o deyir.

Avropa Oyunları

Ötən ilin iyununda keçirilən Avropa Oyunlarının açılış mərasimində pop-ulduz Lady Gaga-nın iştirakı üçün 2 milyon manat xərcləndiyi deyilirdi.

2015-ci ilin fevral devalvasiyasından sonra hökumət birinci Avropa Oyunlarının keçirilməsindən imtina etmədi, əksinə, götürdüyü öhdəlikləri yerinə yetirdi.

Bir sıra daimi və müvəqqəti idman obyektləri tikildi. İnşa olunmuş Olimpiya stadionu, rəsmi rəqəmlərə görə, 640 milyon manatdan artıq məbləğə başa gəldi.

Azərbaycan manatı ötən il ərzində qiymətinin 98 faizini itirib. Amma hökumət beynəlxalq yarışları keçirmək üçün büdcədən milyonlarla vəsaitin sərf olunmasında qərarlıdır.

Avropa Oyunlarının Bakı təcrübəsi göstərdi ki, beynəlxalq yarışlardan ölkə turizminin qazanc imkanı çox azdır, çünki bu tədbir həm də turizmə hesablanmışdı, amma məlum oldu ki, 2015-ci ildə Avropa Oyunlarına baxmayaraq xüsusi artım müşahidə olunmadı.

2016-cı il dövlət büdcəsinin gəlirləri 14 566 milyard manat, xərcləri isə 16 264 milyard manat nəzərdə tutulub.   Azərbaycan hökuməti ölkənin beynəlxalq arenada idman ölkəsi kimi tanınmasını istəyir və növbəti illərdə də müxtəlif beynəlxalq yarışlar keçirmək barədə qərar verib.

2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu oyunlara nə qədər vəsaitin tələb olunacağı hələ məlum deyil.

 

bastainfo.com

Bir cavab yazın