Müxalifət mitinq təyin etsə, xalq qoşulacaqmı? Sorğu

Hakimiyyət etiraf etməsə də, ölkəmiz dərin böhrana girməkdədir. Manat ucuzlaşır, qiymətlər durmadan artır, bütün sahələrdə biznes çökür, kreditlərin ödənilməsi əhali üçün getdikcə daha mümkünsüz bir işə çevrilir. Amma bunun fonunda hakimiyyətin acizliyi, vəziyyəti dəyişmək üçün qərarsızlığı da göz önündədir.

Sosial narazılıq təbii olaraq artır. Son bir ayadək hakimiyyətə münasibətdə loyal olan təbəqələr də indi çəkinmədən sosial şəbəkələrdə öz etirazlarını bildirirlər.

Bu arada etiraz mitinqlərinin başladığı haqqında şayiələr bir-birini əvəz etməkdədir. Bölgələrdə dolaşan şayiələrə görə, Bakıda kütləvi etirazlar başlayıb. Eyni zamanda Bakıda xəbərlər yayılıb ki, guya Ucarda və başqa rayonlarda etiraz aksiyaları olub. Bu şayiələrin yayılması əslində mitinqlərə olan tələbatdan irəli gəlir. Narazı insanlar aksiyaların olmasını, bu hakimiyyətin ya dəyişdirilməsini, ya da islahata vadar edilməsini istəyir.

Bəs, əgər müxalifət etiraz aksiyaları keçirərsə, narazı təbəqələr kütləvi şəkildə bu aksiyalara qoşulacaqmı? Yoxsa hər kəs mitinqin izdihamlı olmasını arzulasa da, əksəriyyət ehtiyat edərək bu aksiyaları mediadan izləməyə üstünlük verəcək? Bu sualla sosial şəbəkələrdə fəal olan və oxucularımızın əksəriyyətinin tanıdığı dostlarımıza müraciət etdik. Onların cavablarını təqdim edirik:

Nigar Yaqublu: Insanlar hakimiyyətin yaratdığı qorxu sindromundan hələ çıxmayıb. Etiraz səslərinin yüksəldiyini eşidirik. Ancaq xalqın ayağa qalxması üşün prosses tam yetişməyib. Ancaq lap az qalıb.

Qadir İbrahimli: Məncə devalvasiya elan edilən gün etiraz mitinqi elan edillsəydi daha effektiv olardı. İndiki halda effekt yetərincə olmayacaq, ənənəvi protest elektorat meydanlara çıxacaq. Ola bilsin ki, 3-5 faiz çox olsun.

Alya Yaqublu: Gəlməyəcək. Ehtiyat etdiyinə görə yox, tənbəlliyinə, qıraqdan baxmağa üstünlük verdiyinə görə.

 

Nəsimi Məmmədli: 1.Xalq narazı olsa da, hələlik etiraz etməyə hazır deyil. 2. Facebook istifadəçilərindən fərqli olaraq, əhali hələlik qorxu və çarəsizlik sindromundadır. 3. Kiçik bir monitorinq aparsaq aydın olur ki işsiz, müəllim, həkim, sürücü, qoca, gənc və s.insanlar hələ də müxalifətdən hərəkət gözləyir. Sanki, bu problem yalnız müxalifətindir. Bu zərərli düşüncənin səbəbkarı həm də müxalifətdir. Çünki, dəfələrlə cəmiyyətin yükünün altına təkbaşına girməyə çalışıb. Halbuki, cəmiyyətə imkan verilməlidir ki, özü müstəqil hərəkətə başlasın. Az da olsa tərpənsin. 4.Hal-hazırda müxalifətdən kim mitinq çağıracaqsa, o ya iqtidardan sifariş alıb onun arzusunu gerçəkləşdirmək, marağına xidmət göstərmək istəyir, ya da hökumət kimi, rasional düşünmək qabiliyyətini itirib. 5. Kiçik qruplar şəklində olsa da, xalqla hökumətin qarşılaşması vacibdir. Müxalifət vasitəçi olmamalıdır. Etirazlar müəyyən qədər artdıqdan sonra qərar verilə bilər. 6. Yaz aylarına kimi aksiyalara tələsmək lazım deyil. Durum daha da gərginləşəcək. O zaman hökumət müxalifəti əzə bilməyəcək. İndi isə müxalifəti əzib, cəmiyyətin gözünü qırmaq daha asandır. Müxalifət bu şansı hökumətə verməməlidir.

Emin Aslan: Məncə, bu dəqiqə müxalifətin edə biləcəyi ən böyük yanlışlıq elə mitinq olardı. Hələ gözləmək lazımdır, insanların böyük bir kəsimi nə baş verdiyini tam anlamayıb. Sübhe edənlər, düzələcək deyə, özlərinə təsəlli verənlər çoxdur. Odur ki, məncə gözləmək vacibdir. Təssüf ki, müxalifətin əlində sorğu etmək imkanları olmadığı üçün siyasətini dəqiq müəyyən edə bilmir. Ona görə mən də hamı kimi şəxsi düşüncəmi bildirirəm. Məncə, gözləmək lazımdır.

AzerAzər İsmayıl: Qeyri-adi situsiyadır. Elə bil ki, xalq baş verənlərdən narazıdır, amma əməli olaraq reaksiya yoxdur. Bu baxımdan xalqın adından danışmaq riskli bir məsuliyyətdir. Və məsələ heç də məsuliyyəti hər hansı bir təşkilatınsa öz üzərinə götürməsindən getmir. Sadəcə insanlar hələ müəyyənləşə bilməyiblər, nəyisə gözləyirlər. Amma gözləməyin yeri yoxdur. Azərbaycan iqtidarı Qorbaçyov hakimiyyətinin taleyin yaşayır. Bu prosesin dönüş nöqtəsi yoxdur. Bəzi insanlar öz etirazlarını hələ ki, qarətlər yolu ilə ifadə edirlər. Təsəvvür edin, Saatlının Qara Nuru kəndində adam gecə mağazanı yarıb, həftəlik zəruri ərzaq tələbatını götürüb gedib. Bu şəkildə davam etsə, insanlar mağazalara gecələr yox, gündüzlər girib, mağaza yiyəsinin gözü qarşısında lazım olanını götürüb gedəcək. Xaosun astanasındayıq. O üzdən insanların etirazını səhv məcraya yönəlməməsi üçün məsuliyyəti müxalifət öz üzərinə götürməlidir. Amma heç bir halda böhranın məsuliyyətini bu hakimiyyətlə bölüşüb, mövcud iqtidarı ardıcıl etdikləri yanlışlıq və dövləti cinayətlərin bədəlini ödəməkdən xilas etmək olmaz.

Dilşad Ələkbərli: Məncə hələ tezdir, hakimiyyət hələ də aqressivdir.

Səxavət Soltanlı: İndiki halda xalq sosial problemlərinin siyasiləşməsini istəmir, xalq böhranın əmələ gəldiyi səbəbləri siyasi hesab etmir. Həm də indi xalqın hələ də xırda imkanları qalmaqdadır, onu da istifadə etdikdən sonra həqiqəti tam qəbul edəcək. Düşünürəm ki, o zamana qədər gözləmək lazımdır

Ibrahim Ibrahimli : Məncə hələlik adamlar şaşırıb, nə baş verdiyini tam anlamır. Sosial ağırlığı hiss edəndə anlayacaq. Mitinqi məhz o zaman təyin etmək lazımdır. Yəni mart ayı kütləvi tədbirlərin keçirilməsi üçün məqbuldur, nə gecikmək, nə də tələsmək olmaz. Zamanı düzgün təyin etmək lazımdır.

Sabir Məmmədli: Açığı mənim bu kimi məsələlərə yanaşmam fərqlidir. Qısa formada belə ifadə etmək olar – çaynikdəki su birdən-birə qaynamır, gərək tədricən temperatur 100-ə çatsın, sonra su qaynasın. Mitinqlər də eyni! Gərək kiçik aksiyalar vasitəsilə əhali hərəkətə gələ, sonra böyük mitinq təşkil edəsən. Təəssüflər olsun ki, bizimkilər köhnə üsulla işlərini davam etdirirlər!


Elman Fəttah:
Hələ tezdir. Gəlməyəcək.

Tural Şaxtaxtlinski: Müxalifət ənənəvi mitinq etsə, yalnız öz üzvlərini təşkil edəcək. Xalqın mitinqlərə gəlməsi üçün müxalifətin ciddi addımlar atması lazımdır. Bunu mütləq liderlər və ya təşkilatçılar bilir. Hazırkı zamanda istənilən halda xalqın etiraza ehtiyacı var və məncə müxalifət “xalq gələcək, ya gəlməyəcək” sualını düşünmədən bunun üçün addımlar atmalıdır.

 

Rüfət Əliyev: Yenə həmən adamlar gələcək. İlk mitinqdə 5-10 faiz artım olar məncə.

Rüfət Baxşəlibəyli: Məncə, mitinq təyin etmək hələ tezdir. Mitinqlər xalqın orda-burda etiraz aksiyaları intensiv hal almağa başlayan zaman təyin olunsa, daha məqsədəuyğun olar və effekti də zəif olmaya bilər.

 

 

Könül Alı, bastainfo.com

One thought on “Müxalifət mitinq təyin etsə, xalq qoşulacaqmı? Sorğu

Bir cavab yazın