Vasif Talıbovun həyat yoldaşı ”donuz qripi” şübhəsi ilə Türkiyəyə aparıldıb

Sevil Talıbovanın vəziyyətinin normallaşdığı deyilir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif  Talıbovun həyat yoldaşı Sevil Talıbova “donuz qripi” diaqnozu ilə xaricdən Türkiyəyə aparılan ilk xəstə olub.

Bu məlumatı  Türkiyənin “Sabah” qəzeti yayıb. Qəzetin verdiyi məlumata görə, şəkər xəstəsi olan 55 yaşlı Sevil Talıbovanın  donuz qripi şübhəsilə yatırıldığı xəstəxanada vəziyyəti ağırlaşıb.

Buna görə də Naxçıvandakı səlahiyyətli şəxslər Türkiyənin Səhiyyə Nazirliyindən yardım istəyiblər. Səhiyyə Nazirliyinin Təcili Səhiyyə Xidmətləri müdiri doktor Selcuk Gedik, Ankara Universiteti Ürək və Damar Cərrahiyyəsi bölümünün rəhbəri professor Rüçhan Akarla əlaqə saxlanılıb.

Müsbət cavab aldıqdan sonra Ankaradakı İbn-Sina Xəstəxanası hazırlıqlara başlayıb. Rüçhan Akar, Serkan Durdu və perfizyonist Əmrə Özsoy, digər iki həkim və iki tibb personalı xəstənin transferi üçün lazım olan cihazlarla birlikdə təcili Naxçıvana gəliblər.

Sevil Talıbova  ECMO adlı aparata qoşulub

Xəstədə ağciyərin kəskin zədələnməsini (AKUT Respirator Distres Sindromu) müəyyənləşdirən həkimlər onu nəfəs cihazına bağlayıblar. Bundan sonra da vəziyyəti ağırlaşan Talıbova  ECMO adlı, həyati dəstəyi təmin edən aparata qoşulub, vücud göstəriciləri normallaşdıqdan sonra təyyarə ilə Ankaraya köçürülüb. Bu, Türkiyə tibbi tarixində ilk belə haldır.

Vasif Talıbov və uşaqları da başqa təyyarə ilə Ankaraya yollanıb.

Qəzet yazır ki, hazırda nəzarət altında saxlanılan Sevil Talıbovanın vəziyyəti yaxşılaşır.

Azərbaycanda “donuz qripi” virusu aşkarlanmayıb

“Azərbaycanda “donuz qripi” virusuna yoluxma halı aşkarlanmayıb”.  Bunu isə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Nazirlik rəsmisi deyib ki, bugünə qədər “donuz qripi” ilə bağlı Azərbaycanda hər hansı şübhəli hal olmayıb.

Onun sözlərinə görə, ölkədə epidemioloji durum tam stabildir və ciddi nəzarət altındadır: “Əhali arasında yoluxma halı və təhlükəli hal müşahidə olunmayıb”.

Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev bir müddət əvvəl “Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalamışdı. Əmrdə ağır kəskin respirator xəstəlik halları barədə məlumat daxil olduğu halda dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, Respublikanın şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılmışdı.

 

bastainfo.com

Bir cavab yazın