Mitinqlər: bu gün tez, sabah gec olarmı?

Mitinq mövzusu bu gün bəlkə də təkcə müxalifət düşərgəsində deyil, bütövlükdə cəmiyyətdə ən aktual mövzudur. Əslində etiraz aksiyaları başlayıb artıq. Təkcə yanvarın 12-də 4 rayonda aksiya olub. İnsanlar bahalaşmaya, işsiszliyə və hakimiyyətin böhran qarşısında bacarıqsızlığına etiraz edirlər.

Amma hamını birləşdirən, ölkədə hakimiyyətin dəyişməsi, yaxud onu islahatlara vadar edəsi səviyyədə kütləvi aksiyalar hələ təyin olunmayıb. Müxalifət düşərgəsində bu haqda müzakirələr gedir. Aksiyaların təyin olunmasını əngəlləyən arqument isə bundan ibarətdir: əgər aksiyaya bitərəf qoşulmasa, yalnız müxalifətçilərdən ibarət olsa, hakimiyyət bunu xalqın mövcud durumdan razı olması kimi qələmə verəcək. Aksiyalara başlamaq tezdir deyənlər də var, insanların bu çətinliyə, hətta aclığa vərdiş edəcəklərini, sabah artıq gec olacağını düçünənlər də…

Bu aktual mövzuda siyasi ekspert Nəsimi Məmmədlinin subyektiv fikirlərini əks etdirən və  xüsusi olaraq “Basta” üçün yazdığı məqaləni təqdim edirik:

Ölkəmiz sosial-iqtisadi böhranın hələ ilk mərhələsində olsa da artıq ciddi gərginliklər müşahidə edilməkdədir. Geniş təfərrüatlara varmadan qeyd edə bilərik ki, çox yerdə açıq narazılıq, qəzəb, qorxu, ümidsizlik, çarəsizlik, tərəddüd hökm sürür. Sosioloji tədqiqatlar göstərir ki, toplumda bu hal uzun müddət davam edə bilməz və mütləq yeni sosial-psixoloji müstəviyə keçid baş verəcək. Yeni mərhələ toplumun özünüqoruma instinkti olan etirazlar mərhələsi olacaq. Etirazlar isə bir qayda olaraq ictimai-siyasi müzakirələrə və siyasi proseslərə meydan açır.

Toplumun etimad göstərdiyi nüfuzlu müxalifət partiyaları bu mərhələdə nə etməlidir, sualı kifayət qədər aktualdır və haqlı olaraq geniş müzakirə olunur. Müxtəlif sosial qruplarla apardığımız müstəqil araşdırmalara əsaslanaraq deyə bilərik ki, sosial narazılıq artsa da hələlik bunun etirazlara çevrilməsi baş verməyib. Müxalifət bu situasiyada qərar verərkən heç də öz ətrafında cərəyan edən ictimai rəyə aldanmamalıdır. Geniş xalq kütlələrinin təbii olaraq hərəkətə gəlməsi üçün öz seyriçi yanaşmaları ilə siyasi şərait yaratmalıdırlar. Bəzən yanlış qənaətlə atılan kiçik addımlar böyük bir ictimai-siyasi prosesi əngəlləyə bilir. İlkin qənaətimiz bundan ibarətdir ki, müxalifət xalqın təbii etiraz haqqına müdaxilə etməməlidir. Onu düşdüyü aporia vəziyyətindən etirazlara meyl edənədək sərbəst buraxmalıdır. Kiçik bir monitorinq aparsaq görərik ki, müxalifətin haqlı tələblərlə keçirdiyi etiraz aksiyalarına laqeyd olan, hətta bəzən ələ salmaqdan belə çəkinməyən insanlar indi daha çox müxalifəti etiraz etməməkdə yersiz olaraq qınayır. Bu mərhələ üçün müxalifət öz üzərinə düşən vəzifəni vicdanla yerinə yetirib. Böhrandan çıxış yolları ilə bağlı həm hökumətə həm də topluma bir-birindən səmərəli təkliflər veriblər. Müxalifəti mitinqlərə səsləyən insanlar səmimidirlərsə, ilk növbədə müxalifətin hökumətə təqdim etdiyi təklifləri təbliğ etməli və topluma çatdırılmasına dəstək olmalıdırlar. Əks halda belə şəxslərə ümumiyyətlə əhəmiyyət verilməməlidir.

Proses yuxarıya doğru sürət götürdüyü üçün diqqət edirsinizsə, hər gün hökumətin nüfuzu və dəstəyi azalır, müxalifətin isə nüfuzu və tərəfdarları artır. Bu narazı insanları təşkilatlandırmaq və ya dəstəyinə nail olmaq üçün fərdi təbliğat gücləndirilməlidir. Onsuz da müxalifət meydan mübarizəsinin şəriksiz lideridir və hər an aksiya keçirmək resurslarına malikdir. Amma, bu resurs hələlik qorunmalıdır.

Sosial şəbəkələrdə fəal olan ictimai-siyasi yetkin istifadəçilərindən fərqli olaraq, xalq hələlik qorxu və tərəddüd içərisindədir. Dünənə qədər ölkədə müxalifət yoxdur deyib car çəkən şəxslər bu gün müxalifəti hərəkət etməməkdə qınayırlar. Əksəriyyətində belə bir düşüncə var ki, niyə müxalifət hərəkət etmir? Nə gözləyirlər? Sanki, mövcud problem müxalifətindir və yalnız müxalifətçilər əziyyət çəkir. Əslində bu zərərli düşüncənin formalaşmasında fədakar, mübariz müxalifətçılərin də rolu var. Çünki, müxalifət dəfələrlə cəmiyyətin ictimai-siyasi yükünün altına təkbaşına girmək məcburiyyətində qalıb. Hökumətlə qarşıdurmalarda çoxsaylı zərbələr alıb. Halbuki, cəmiyyətə imkan verilməliydi ki, az da olsa özü tərpənsin, hüquqlarını tələb etsin və hərəkətə başlasın. Bu başqa mövzudur və ona gələcəkdə toxunacağıq.

Hal-hazırda ciddi müxalifət partiyalarından heç biri mitinq çağırmaq istiqamətində təşəbbüslərə dəstək verməməlidir. İqtidar cəmiyyətin təbii etirazlarını əngəlləmək və önləmək üçün müxalifətin daxilində dəstək axtaracaq. İqtidardan sifariş alıb, onun planlarını gerçəkləşdirmək, marağını təmin etmək istəyənləri müxalifət açıq şəkildə ifşa etməlidir. Səmimi olaraq belə addım atmaq istəyənlər isə ya hökumət kimi rasional düşünmək qabiliyyətini itirib, ya da siyasi separatizmlə məşğuldurlar. Kiçik qruplar şəklində olsa belə, xalqla hökumətin birbaşa qarşılaşması vacibdir. Müxalifət taktiki olaraq seyriçi olmalıdır. Etirazlar müəyyən qədər artdıqdan sonra aksiyalara başlamaq olar. Hələlik qətiyyən tələsmək lazım deyil. Durum getdikcə daha da gərginləşəcək. O zaman hökumət müxalifəti əzə bilməyəcək. İndi isə müxalifəti əzib, cəmiyyətin gözünü qırmaq daha asandır. Müxalifət bu şansı hökumətə verməməlidir.

Nəsimi Məmmədli, xüsusi olaraq “Basta” üçün

Bir cavab yazın