Arif Hacılı İTV rəhbərinə müraciət etdi

Müsavat Partiyası İctimai Televiziyada efir vaxtının ayrılması ilə bağlı İTV-nin baş direktoru Cəmil Quliyevə müraciət edib. Müraciəti təqdim edirik:

İctimai Televiziya və Radio

Yayımları Şirkətinin (İTV)

baş direktoru cənab Cəmil Quliyevə

 Hörmətli cənab C.Quliyev!

11 yanvar 2015-ci il tarixdə Müsavat Partiyası Divanının növbəti iclası keçirilib və ölkədəki sosial-iqtisadi vəziyyət müzakirə olunub.

Müzakirə zamanı dünyada baş verən iqtisadi böhran, Azərbaycan dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neftin qiymətinin günü-gündən aşağı düşməsi, manatın devolvasiyası və bütün bunların ölkə iqtisadiyyatına və əhalinin sosial həyatına mənfi təsiri barədə məlumatlar dinlənilib.

Müsavat Partiyası ölkədə yaranan iqtisadi böhrandan çıxış yolunun tapılmasında medianın da məsuliyyət daşıdığını vurğulayaraq, İTV kanalında mütəxəssislərin, siyasi partiyaların, ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə ölkədəki sosial və iqtisadi vəziyyətlə bağlı ictimai diskussiyaların təşkilinin vacib hesab edir.

“İctimai televiziya və radio yayımı haqqında” Qanuna əsasən ictimai televiziya və radio yayımının məqsədi Azərbaycan Respublikası əhalisinin – bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət,əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaq, müstəqillik, plüralizm, dözümlülük prinsipləri əsasında fəaliyyət göstərməkdir.

İctimai yayımçının əsas vəzifəsi ölkədə və dünyada baş verən mühüm hadisələr, dövlət orqanlarının, bələdiyyələrin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və kommersiya təşkilatlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun həyata keçirilməsi,  hazırlanıb efirə verilən proqramlarda vətəndaşların öz fikirlərini bildirməsi üçün bərabər imkanlar yaradılmasıdır.

Dünyada və regionda gedən geopolitik, iqtisadi proseslərin fonunda əhalinin müxtəlif informasiyalar, analizlər alması baş verən prosesləri daha rahat təhlil edib, nəticə çıxarmağa imkan verəcəkdir.

Yuxarıda göstərilənlərə və qanunvericiliyə əsasən bu həftə ərzində İTV televiziya kanalında Müsavat Partiyası üçün 30 dəqiqəlik efir vaxtının ayrılmasını Sizdən xahiş edirik.

 

Hörmətlə

Arif  Hacılı

Müsavat Partiyasının başqanı.

Bir cavab yazın