Gücümüz qanundadır

Vaqif Hacıbəyli

2003-cü ilin 16 oktyabr hadisələrindəki qarşıdurma səhnələrini həmin axşam bütün telekanallar nümayiş etdirirdi. Orada “İsa bəy, İsa bəy” deyə izdihamı coşduran, eyni zamanda polislərə daş atan bir nəfər diqqətimi cəlb etdi. Özlüyümdə fikirləşdim ki, yəqin bu təxribatçıdır.

Ertəsi gün qardaşımın evinin qapısı polislər tərəfindən sındırılan vaxt hadisə yerinə gələndə məni tutub polis bölməsinə apardılar. Növbətçi hissənin yanında gözləyəndə yaxınlıqdakı dəmir qəfəsdən bir nəfər adımı çağıraraq az qala pıçıltı ilə məni səsləməyə başladı. Baxanda gördüm ki, ötən axşam teleekranların “qəhrəmanı” olan həmin şəxsdi. Sonra onunla məni bir kameraya saldılar. Məlum oldu ki, həmin bəy həqiqi müxalifətçidi, təxribatçı zad deyil. Zənnimdə yanılmışammış. Seçki məhbusu kimi həmin adam sonradan da özünü çox fədakar apardı.

Bu hadisəni niyə danışdım? İndi ölkədə gedən etiraz aksiyalarından videogörüntülərə baxıram. Görünür ki, bəzi cavanlar polislərə daş atır. İstər-istəməz ağlımızdan keçir ki, yəqin təxribatçılardı. Çünki bu cür hərəkətlər oraya toplaşan etirzçılara qətiyyən lazım deyil, amma insanların dinc aksiyalarını zorakı müstəviyə çəkib, sonradan kütləvi iğtişaş görüntüsü yaradıb xalqa divan tutmaq, repressiyalar tətbiq etməklə xalqın gözünü qorxutmaq işlərində yüksək səriştəsi olan bu iqtidara hava və su kimi lazımdı.

Zorakılıq müstəvisində iqtidar daha güclüdü, ona görə də həm təxribatçıların, həm də siyasi şüuru yetkin olmayan bəzi gənclərin bu cür hərəkətlərindən faydalanaraq prosesləri zorakılıq müstəvisinə yönəltmək cəhdləri tanış ssenarilərdi. Zorakılıq müstəvisi iqtidara lazımdı, xalqa yox.

Siyasi mənsubiyyətindən asılı olmayaraq sağlam əqidədə olan istənilən şəxs, hətta təsadüfən müşahidəçisi olduğu hansısa kütləvi tədbirdə hüquqa zidd əməllərin şahidi olarsa, buna laqeyd qalmamalı, dərhal qarşısını almalıdı. Kimin tərəfindən törədilməsindən asılı olmayaraq, istənilən zorakılıq əməlləri şiddətlə pislənilməlidi. Bizim gücümüz qanunlara əməl etməyimizdədi, iqtidarın gücü zorakılıqda. İqtidarın güclü olduğu müstəvidənsə, özümüzün güclü olduğumuz müstəvidə mübarizə aparmağımız daha məqsədəuyğundur. Bunu unutmayaq.

Bir cavab yazın